Milli Məclis Soma faciəsini andı Hadisə

Milli Məclis Soma faciəsini andı

Parlament 2013-cü il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsini qəbul etdi
Ziyad Səmədzadə: "Azərbaycanda ÜDM 100 milyard təşkil edəcək"

Dünən Milli Məclisin növbəti plenar iclasını keçirilib. İclas başlamazdan əvvəl deputatlar Türkiyədəki Soma kömür mədənində baş verən faciədə ölənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra gündəlikdəki məsələlərin müzakirəsi başlayıb. İclasda müzakirə olunan ilk məsələ Azərbaycanın 2013-cü il dövlət büdcəsinin icrası olub. Büdcənin icrasına dair qanun layihəsini parlamentə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə təqdim edib.
Komitə sədri son illər dövlət büdcəsinin parametrlərini xarakterizə edən bütün göstəricilərdə müsbət dinamikanın müşahidə olunduğunu söyləyib: "Dünya ölkələrində qlobal böhranın hökm sürdüyü bir ərəfədə Azərbaycanda hər sahədə əhalinin rifahının yüksəlməsi, ictimai siyasi sabitlik, milli həmrəyliyin möhkəmlənməsi müşahidə olunur və bu, ölkədə aparılan islahatların məntiqi nəticəsidir".
2013-cü illə bağlı bəzi makroiqtisadi göstəriciləri qeyd edən komitə sədri bildirib ki, ötən il Azərbaycanın ÜDM-i 73 milyard dollar təşkil edib: "Hazırda adambaşına düşən ÜDM-in həcmi 7.8 min dollardır. Bu göstəricinin artımına görə Azərbaycan MDB-də Qazaxıstanla birlikdə ilk yerləri tutur. Ötən il ilk dəfə olaraq dövlət büdcəsinin həcmi 25 milyard dolları ötüb".
Komitə sədrinin özlərinə görə, son 10 il ərzində ÜDM 3,4 dəfə artıb. Ölkə iqtisadiyyatına qoyulan investisiyalar 150 milyonu manatı ötüb".
Ziyad Səmədzadə regionlarda reallaşan iqtisadi layihələr, açılan yeni iş yerlərindən danışıb. onun fikrincə, Azərbaycanın regionlarında qaynar həyat hökm sürür: "Bölgələrdə aqrar sektorun, sənayenin inkişafına yönələn proqramlar həyata keçirilib. Təəccüblüdür ki, 10 il bundan qabaq belə işlər görülmürdü. 114 milyon manat satınalmalar üzrə vəsaitə qənaət edilib. Bu da onu göstərir ki, şəffaflıq istiqamətində xeyli işlər görülüb. Əgər dövlət büdcəsində 1 faiz əsaslı xərclərə qənaət etsək, bu, artıq 70 milyon manat deməkdir".
Z.Səmədzadə dövlət borclarının həcminin artması ilə bağlı iradlara da cavab verib: "Heç bir dövlət borc almadan yaşaya bilməz. Biz o borcları innovasiyalı inkişaf naminə alırıq. Borc artırsa, bununla yanaşı ümumi daxili məhsulun həcmi ona nisbətdə daha çox artır. Bu gün dünyada yüzdən artıq ölkə var ki, borc içindədir. Cəmi 5-6 ölkə az borcu olan ölkələr sırasındadır. Azərbaycan da son illər ərzində çalışır ki, bu ölkələr sırasında yer tutsun".
Azərbaycanda ÜDM-nin 100 milyard təşkil edəcəyini deyən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bir neçə ildən sonra adambaşına düşən gəlirin 3 min doları keçəcəyini bildirib: "Bir neçə ildən sonra bizdə adambaşın düşən gəlir 3 min dolları keçəcək. Dövlət büdcəsi isə 33-35 milyard dollar təşkil edəcək. Bu 10 milyonluq əhali üçün çox yüksək göstəricidir. Yaxın 2-3 ildən sonra Azərbaycanda ÜDM isə 100 milyard təşkil edəcək. Bu göstəricilər təqdirəlayiq haldır".
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edib və bildirib ki, bir çox göstəricilərə görə büdcənin uğurla icra edildiyin demək olar: "Buna görə də Hesablama Palatasının kollegiyası layihənin parlamentə tövsiyə olunmasını dəstəkləyir".
Daha sonra maliyyə naziri Samir Şərifov "2013-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi ilə bağlı cari ilin hesabatını təqdim edib. Maliyyə naziri çıxışı zamanı qeyd edib ki, 2013-cü ilin dövlət büdcəsi uğurla icra olunub: "2013-cü ildə Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, dünya iqtisadiyyatı 3 faiz artıb. Azərbaycanın ixrac etdiyi "Azərilayt" xam neftinin 1 barelinin orta satış qiyməti isə 111,2 ABŞ dolları təşkil edib. 2013-cü ildə dünyanın ticarət dövriyyəsinin artım sürəti 2012-ci ilin göstəricisi ilə eyni səviyyədə, yəni 2,7 faiz olub ki, bu da böhrandan sonra ticarət münasibətlərinin sabitləşməsini özündə əks etdirir. 2013-cü ildə ölkənin əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki illə müqayisədə 5,8 faiz real artaraq 57,7 mlrd. manata çatıb. ÜDM-in 32,6 mlrd. manatı - qeyri-neft sektorunda, 25,1 mlrd. manatı - neft sektorunda formalaşıb.
2013-cü ildə iqtisadiyyatın qeyri-neft sektorunda inkişaf daha da yüksək sürətə malik olmaqla, bu sektorda əlavə dəyərin 10,0 faizlik artımı təmin edilib, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ilə nisbətən 3,1 faiz artaraq 56,6 faizədək yüksəlib. Müvafiq olaraq ÜDM-in 43,4 faizi neft-qaz istehsalı və emalı sahələrinin payına düşməklə, əvvəlki ilə nisbətən real artım sürəti 1,0 faiz çox olub".
S. Şərifov qeyd edib ki, 2013-cü il ərzində sənaye sahəsində 26,7 mlrd. manat, yaxud ÜDM-in 46,3 faizi həcmində, tikinti sahəsində 6,8 mlrd. manat (müvafiq olaraq 11,8 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 3,1 mlrd. manat (müvafiq olaraq 5,3 faiz), nəqliyyat və anbar təsərrüfatında 2,8 mlrd. manat (müvafiq olaraq 4,8 faiz), informasiya və rabitə xidmətləri sahəsində 1 mlrd. manat (müvafiq olaraq 1,8 faiz), ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 4,1 mlrd. manat (müvafiq olaraq 7,1 faiz), turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 1,1 mlrd. manat (müvafiq olaraq 1,8 faiz), sosial və digər xidmətlər sahəsində isə 8,5 mlrd. manat (müvafiq olaraq 14,7 faiz) həcmində əlavə dəyər yaranıb. Məhsula və idxala görə xalis vergilər ÜDM-in 6,4 faizinə bərabər olub.
ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 2012-ci illə müqayisədə 4,4 faiz artaraq 6207,3 manat və yaxud 7912,5 dollar təşkil edib. Hesabat ili ərzində ölkənin valyuta ehtiyatları 9 faiz artaraq 50 mlrd. dolları ötüb ki, bu da dövlətin xarici borcundan təqribən 9 dəfə çoxdur.
Maliyyə mənbələri üzrə əsas kapitala yönəldilən vəsaitin 44,8 faizini müəssisə və təşkilatların vəsaitləri, 43,8 faizini dövlət büdcəsinin vəsaitləri, 4,8 faizini bank kreditləri, 3,2 faizini büdcədənkənar dövlət fondlarının vəsaitləri, 2,6 faizini əhalinin şəxsi vəsaiti, 0,8 faizini təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2013-cü ildə ölkə üzrə xarici ticarət əməliyyatlarının həcmi 34,7 mlrd. dollar (2012-ci ilə nisbətən 6,3 faiz çox), o cümlədən idxal əməliyyatları 10,7 mlrd. dollar (2012-ci ilə nisbətən 9,1 faiz çox), ixrac əməliyyatları isə 24 mlrd. dollar (2012-ci ilə nisbətən 5,1 faiz çox) səviyyəsində olub.
Samir Şərifov onu xatırladıb ki, keçmiş SSRİ əmanət banklarında pulu olan vətəndaşlara fərdi birdəfəlik ödənişlərin verilməsi prosesi də ötən il başa çatıb. 2012-2013-cü illərdə bu məqsədlə 597, 4 milyon manat ödənilib. Dövlət büdcəsindən bu məqsədlə ötən il 324 milyon ayrılıb. Sosial ipoteka üçün ayrılan 40 milyon manatlıq vəsait tam olaraq İpoteka Fonduna köçürülüb.
Qeyd edək ki, qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Parlamentarilər "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında", "Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında", "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini də müzakirə ediblər.
Deputat Çingiz Qənizadə qanunvericilik subyektlərini diqqətli olmağa çağırıb. Onun sözlərinə görə, neçə gündür mediada körpələr evinə verilən imtiyazların ləğv edilməsinə dair məlumatlar yayılır: "Parlamentin gündəliyinə "Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında" qanununun ləğv edilməsi barədə məsələ salınmışdı. Halbuki, bu haqda qanun ləğv edilir, lakin uşaq bağçaları üçün nəzərdə tutulan vergi güzəştləri Vergilər Məcəlləsi ilə tənzimlənəcək, yəni imtiyazlar digər qanunun tərkibinə keçir".
Ç.Qənizadənin sözlərinə görə, indiyə kimi belə hallar dəfələrlə təkrarlanıb. Odur ki, deputat qanunvericilik subyektlərini bir qədər diqqətli olmağa çağırıb.
Deputat Fazil Mustafa isə iclasda uşaqlara diqqət və qayğının daha da artırılması ilə bağlı təkliflə çıxış edib. O, qeyd edib ki, Azərbaycan kifayət qədər zəngin ölkədir: "Ona görə də uşaqlarla bağlı körpələr evini, bağçaları ayrıca kateqoriya kimi götürməyimiz düzgün deyil. Uşaqlarla bağlı musiqi məktəblərini də nəzərə almaq lazımdır. Eyni zamanda sahibkarları stimullaşdrımaq lazımdır ki, uşaqların texniki zəkasının inkişaf etdirən sahələrə də yatırım etsinlər. Bunun üçün də vergi yükünün azaldılmasına baxılmalıdır. Bu sahələri düşünməyə ehtiyac var. Körpələr evlərinə müəyyən dərəcədə diqqət yetirilir. Bağçaların qiymətlərini dağın başına qaldırıblar. Eyni zamanda rəsmi puldan əlavə, qeyri-rəsmi pul da var".
Millət vəkili Qənirə Paşayeva da çıxışında bir sıra təkliflər verib. O, Ermənistanla ön cəbhədə yerləşən kəndlərdə işsizliklə bağlı problemlərin olduğunu qeyd edib: "Sərmayədarlar burada iş qurmağa maraqlı deyillər. Kiçik sərmayələri bu əraziyə cəlb etmək üçün bu yerlərə vergi güzəştləri tətbiq oluna bilər".
Qərinə Paşayevanın vergi güzəştləri ilə bağlı qaldırdığı digər məsələ - orqan köçürmələri ilə bağlı olub. Deputatın sözlərinə görə, hazırda Azərbaycanda qaraciyər transplantasiyasının qiyməti 45 min manatdır, bu rəqəmin tərkibində 18 faiz əlavə dəyər vergisidir: "Onsuz da orta gəliri olan vətəndaş üçün bu məbləği ödəmək çətindir. Tək qaraciyər deyil, digər orqanların da köçürülməsi əməliyyatlarının qiyməti yüksəksdir. Çətin vəziyyətdə olan insanlara bu vəsaiti toplamağa kömək etmək üçün heç olmasa ƏDV-ni buradan çıxarmaq olar".
Qənirə Paşayeva deyib ki, 2009-cu ildən etibarən Azərbaycanda qızların Ali Hərbi Məktəbə daxil olması dayandırılıb: "Müdafiə Nazirliyinin sifarişi olmadığından, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu qəbulu aparmır.
Hərbçi olmaq istəyən qızlarımızın önünə baryer çəkməyə ehtiyac yoxdur. İnanıram ki, müdaifə naziri bu məsələyə pozitiv yanaşacaq. Bu, həmçinin orduda da psixoloji baxımdan müsbət təsir edər. Qəbulun dayandırılması ilə bağlı səsləndirilən səbəblərə gəlincə, mən onlarla tanış olmuşam, göstərilən səbəblər o qədər də tutarlı deyil".
Milli Məclis Nizami Gəncəvi adına Qızıl Medalın təsis edilməsi ilə əlaqədar "Orden və medalların təsis edilıməsi haqqında" qanuna dəyişikliyi də qəbul edib. Elmin inkişafında xüsusi xidmətləri ilə seçilən şəxslər Azərbaycan Milli Elmlər Akdemiyası tərəfindən bu medalla təltif olunacaqlar.