“TAP-ın infrastrukturu ətraf mühiti maksimum qoruyacaq“ Hadisə

“TAP-ın infrastrukturu ətraf mühiti maksimum qoruyacaq“

"TAP layihəsinin infrastrukturu maksimum şəkildə ətraf mühitin qorunmasını təmin edəcək və qaz nəqli prosesində atmosferə tullantılar buraxılmayacaq". Bunu TAP konsorsiumunun icraçı direktoru Luka Skiepatti bildirib.
"Qabaqcıl texnologiyalardan istifadə etməklə ətraf mühitin qorunmasına nail olunacaq. Bizim təqdim etdiyimiz sosial və ekoloji investisiya planı İtaliyanın Apuliya regionunun rəqabət qabiliyyətini artıracaq. Biz bölgənin turizm imkanlarının genişləndirilməsinə dəstək verəcəyik", - deyə o qeyd edib.
TAP Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.
TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).
Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.