17:31
371
Qeyd olunur ki, G20 ticarət nazirlərinin görüşündə ABŞ ticarət nümayəndəsi Ceymison Qrir Çinin sənaye subsidiyalarını və istehsal artıqlığını tənqid edib, Tramp administrasiyasının tarif siyasətini müdafiə edib. Eyni zamanda, 28 ölkə Çin poladına qarşı tariflərin artırılması istiqamətində razılaşıb.
ABŞ və Çin arasında artan tarif rəqabəti qlobal ticarətə necə təsir göstərə bilər?
Sual ətrafında iqtisadçı Eldəniz Əmirov xalqcebhesi.az-a bildirib ki, ABŞ və Çin arasında olan bu ticarət müharibəsi yeni başlamayıb, uzun müddətdir davam edir: “Düşünürəm ki, bu, hələ qarşıdakı illərdə də davam edəcək. Çünki Çinin təslim olmaq fikri yoxdur, ABŞ-nin isə bu iqtisadi hücum strategiyasından əl çəkmək fikri yoxdur. Biz məhz 28 ölkəyə baxmış olsaq görərik ki, onların böyük əksəriyyəti ABŞ-nin müttəfiqləridir. Yəni bu səbəbdən bunun dəstəklənməsi mümkündür. Amma bütün hallarda bu tip qərarlar bu 28-ə daxil olmayan digər ölkələrə istər-istəməz müəyyən mənada müsbət təsir göstərə bilir. Hansı ölkələr ki, Çinin məhsullarına əlavə tarif strategiyasını dəstəkləyir bu zaman Çinin digər ölkələrə üz tutması təbiidir. Həmin ölkələr də bu prosesdən daha çox yararlanmış olacaq. O ki qaldı qeyd edilən istehsal və emal proseslərində artıqlığa, bu, tam təbii haldır”.
İqtisadçının sözlərinə görə, bu gün dünya iqtisadiyyatının həzm edə biləcəyi qədər nə xammal, nə də resurs var: “Bütün hallarda artıqlıq deyilən bir şey yoxdur. Sadəcə olaraq Çinin istehsal etdiyi məhsulların maya dəyəri həm ucuz resurs əldə etmək səbəbindən, eyni zamanda, ucuz işçi qüvvəsi səbəbindən böyük ölçüdə daha məhsuldar nəticələr ortaya qoyur və qlobal bazarlarda ABŞ məhz bu istiqamətdə Çinlə bacarmır. Bacarmadığından digər siyasi və komandalaşmış strategiyadan istifadə edir. Bunun Çini mövqeyindən daşındıracağını düşünmürəm. Artan tarif rəqabətinin qlobal bazarlara böyük ölçüdə hər hansısa bir təsirinin olacağını düşünmürəm. Çin həmin 28 ölkəyə və ya yüksək tarif tətbiq edən ölkələrə məhsulu yüksək tariflə satmayacaq. Çünki Çin məhsulu yüksək tariflə satışda onsuz da rəqabət apara bilməcəyək”.
Röya İsrafilova