17:00
434
Ekspo Mərkəzində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir.
Sözügedən sərgi haqqında xalqcebhesi.az-a fikirlərini bildirən hərbi ekspert İbrahim Rüstəmli qeyd edib ki, Eskpo Mərkəzində, eyni zamanda, digər mərkəzlərdə, həmçinin digər ölkələrdə keçirilən sərgiləri müdafiə sənayesinin uğurlarının nümayişi kimi də dəyərləndirmək olar: “Yəni bütün bu sərgilərdə müasir hərbin, müdafiə sənayesinin əldə etdiyi uğurlar nümayiş olunur. Bu baxımdan bu sərgini çox ciddi təcrübə mübadiləsi kimi dəyərləndirirəm. Təbii ki, Azərbaycan həm bu sərgilərin iştirakçısı, (söhbət təkcə indiki sərgidən getmir, ümumiyyətlə, indiyə kimi təşkil olunmuş bütün sərgilərdən gedir), həm də müşahidəçisi kimi iştirak etməklə uzun müddət ordu quruculuğu sahəsində əldə etdiyi uğurları cilalayıb, Azərbaycan Ordusunun, xüsusilə cəbbəxanasının təkmilləşməsi istiqamətində mühüm addımlar atıb, kadrların yenidən hazırlanması məsələsində yeni bir mərhələnin başlanğıcına rəvac verib, zəmin yaradıb”.
İ.Rüstəmli vurğulayıb ki, bu sərgilər Azərbaycan Silahlı Qüvvələri, hərbi sənayemiz üçün çox böyük əhəmiyyət daşıyır: “Belə sərgilərin əhəmiyyəti bu sərgilərdə ən müasir uğurların nümayiş olunması ilə bağlıdır. Təbii ki, bu, ciddi bir təcrübə mübadiləsidir. Dünyanın çox böyük orduya sahib inkişaf etmiş ölkələri var. Bu ölkələrin də həmin sərgidə iştirakı, əlbəttə, Azərbaycan üçün çox mühüm bir mənbə rolunu oynayır. Bizim silah sənayemiz yeni yaradılıb. Onun elə bir böyük yaşı, təcrübəsi yoxdur. Lakin silah sənayemizin inkişafında, təcrübə qazanmasında, yeni uğurlara imza atmasında bu sərginin mühüm və əhəmiyyətli rolu olacaq”.
Röya İsrafilova