Səid Xan Mohmand: “Azərbaycan-Pakistan hərbi əməkdaşlığı yüksələn xətlə inkişaf edir” Hadisə

Səid Xan Mohmand: “Azərbaycan-Pakistan hərbi əməkdaşlığı yüksələn xətlə inkişaf edir”

Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd olunur.
Bununla əlaqədar Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand mətbuat konfransı keçirib.
Səfir bildirib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir və iki ölkə arasında münasibətlər yüksək səviyyədədir: "Baş nazirin ötən ilin oktyabrında Azərbaycana səfərindən sonra iki ölkə arasında münasibətlərdə yüksəliş var. Prezident İlham Əliyevbu il ECO sammiti çərçivəsində Pakistana səfər etdi. Bu səfər çərçivəsində məhsuldar görüşlər keçirildi, ticarət dövriyyəsinin artırılması, iqtisadi və hərbi əməkdaşlığın inkişafının vacibliyi vurğulandı. Müzakirələr zamanı qeyd olundu ki, ticarət dövriyyəsi potensialdan çox aşağıdır və 3 ildə 10 dəfə artırılmalıdır. 19-21 iyunda Pakistan fövqəladə hallar naziri Azərbaycanda səfərdə oldu. Səfər zamanı tərəflər əməkdaşlığın gücləndirmək, treninqlərin keçirilməsinə üstünlük vermək barədə razılıq əldə etdilər".
Səfir qeyd edib ki, Azərbaycan noyabrın 9-12-də Karaçi "Expo Center"də keçiriləcək "Expo Pakistan" sərgisinə dəvət olunub. O bildirib ki, bu sərgi ənənəvi olaraq hər il keçirilir və 60-dan çox ölkə iştirak edir.
"Baş nazirin hakimiyyətdən getməsi ilə Pakistanın qonşu ölkələr və digər dövlətlərlə münasibətlərində dəyişiklik olmayacaq"-deyən Səid Xan Mohmand bildirib ki, baş nazir Nəvaz Şərifin Ali Məhkəmənin qərarı ilə hakimiyyətdən kənarlaşdırılması ölkədə böhrana səbəb olmadı: "Baş nazirin partiyası yenə parlamentdədir. Pakistanda baş verən siyasi dəyişiklik qonşularla, super güclərlə münasibətlərimizi yaxşı səviyyədə saxlayacaq, biz terrorla mübarizə aparmağa davam edəcəyik".
"Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq yüksələn xətlə inkişaf edir"-deyən səfir qeyd edib ki,
Pakistanın güclü hərbi sənayəsi var: "Bu sahə də Azərbaycan əməkdaşlığımızın ən vacib hissələrindən biridir. Bu yaxınlarda Azərbaycan Pakistandan hərbi təlim təyyarələri aldı. Biz daha çox treninqlər təşkil etməyə, münasibətləri daha irəli aparmağa çalışacağıq".
Onun sözlərinə görə, gələcəkdə də "JF Thunder" təyyarələrinin alınması ilə bağlı danışıqların aparılması mümkündür.