
“İranla ABŞ arasında noyabrın 4-dək Türkiyədə görüş keçirilməsi təşəbbüsü Yaxın Şərqdə hərbi qarşıdurmanın genişlənməsinin qarşısını almaq və tərəfləri diplomatik müstəviyə qaytarmaq üçün növbəti cəhd kimi qiymətləndirilə bilər. Təklifin əsas xüsusiyyəti ondan ibarətdir ki, vasitəçilər münaqişənin ən mürəkkəb məsələlərini, yəni Hörmüz boğazının açılmasını, ABŞ-nin İrana qarşı blokadasının aradan qaldırılmasını və İranın nüvə proqramı ilə bağlı narahatlıqların həllini vahid danışıqlar çərçivəsində birləşdirməyə çalışırlar. Bununla belə, Türkiyədə görüş keçirilməsi ilə bağlı məsləhətləşmələrin aparılması hələ tərəflərin razılığa gəldiyi və ya görüşün baş tutacağı demək deyil. Son məlumatlara görə Qətər vasitəçilərinin təqdim etdiyi yeni təklif İran rəsmiləri tərəfindən qəbuledilməz hesab edilib. Bu isə diplomatik təşəbbüsün qarşısında ciddi maneələrin qaldığını göstərir”.
Bu fikirləri xalqcebhesi.az-a politoloq Yusif Bağırzadə deyib.
Y.Bağırzadə söyləyib ki, danışıqların əsas çətinliyi tərəflərin güzəştlərin ardıcıllığı ilə bağlı fərqli mövqelərindən qaynaqlanır: “Tehran ABŞ-nin blokadasının aradan qaldırılmasını və iqtisadi təzyiqlərin azaldılmasını prioritet hesab edir. Vaşinqton isə Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin olunması ilə yanaşı, İranın nüvə proqramı üzrə konkret öhdəliklər götürməsini və beynəlxalq müfəttişlərin nüvə obyektlərinə çıxışının təmin edilməsini istəyir. Beləliklə, hər iki tərəf qarşı tərəfin ilk olaraq addım atmasında maraqlıdır. Bu qarşılıqlı etimadsızlıq razılaşmanın əldə olunmasını çətinləşdirən əsas amillərdəndir. Türkiyənin mümkün görüş məkanı kimi seçilməsi də müəyyən siyasi əhəmiyyət daşıyır. Ankara həm Tehranla, həm də Vaşinqtonla diplomatik kanallara malikdir və regional təhlükəsizliyin qorunmasında maraqlıdır”.
Politoloqun sözlərinə görə, Türkiyədə keçiriləcək görüş tərəflərə birbaşa siyasi təmasları bərpa etmək, ilkin razılaşmaların çərçivəsini müəyyənləşdirmək və vasitəçilərin iştirakı ilə kompromis variantlarını müzakirə etmək imkanı yarada bilər: “Lakin görüşün konkret nəticəsi Türkiyənin vasitəçilik imkanlarından daha çox, İran və ABŞ rəhbərliyinin qarşılıqlı güzəştlərə nə dərəcədə hazır olmasından asılı olacaq. Mümkün nəticələr arasında məhdud müddətli atəşkəs, Hörmüz boğazında gəmiçiliyin mərhələli bərpası və blokadanın yumşaldılması üzrə ilkin razılaşma daha real diplomatik istiqamətlər kimi nəzərdən keçirilə bilər. Nüvə proqramı məsələsində isə dərhal yekun razılaşma gözləmək inandırıcı deyil. Əgər tərəflər qarşılıqlı addımların ardıcıllığını razılaşdıra bilməsələr, o zaman görüş nəticəsiz qalacaq ki, bu da hərbi eskalasiya riskini artıracaq. Buna görə qarşıdakı danışıqların əsas sınağı siyasi bəyanatların yox, yoxlanıla bilən öhdəliklərin və onların icrasına dair mexanizmlərin razılaşdırılması olacaq”.
Röya İsrafilova