AMEA-da M.Ə.Rəsulzadəyə həsr olunmuş konfrans keçirilib Hadisə

AMEA-da M.Ə.Rəsulzadəyə həsr olunmuş konfrans keçirilib

Tural

Mayın 21-də AMEA Şərqşünaslıq İnstitutunda Azərbaycan milli istiqlal hərəkatının başçısı və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəçisi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunan "Azərbaycan Xalq Cümhuriyyəti və M.Ə.Rəsulzadə" mövzusunda elmi konfrans keçirilib. AMEA-nın məlumatına görə,
Konfransda institutun əməkdaşları, Türkiyə Bilecik Universitetinin professoru Mustafa Sərin və digər institutlardan dəvət olunmuş alim və mütəxəssislər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, professor Gövhər Baxşəliyeva bildirib ki, M.Ə.Rəsulzadə Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur. Rəsulzadənin ədəbi fəaliyyətindən bəhs edən G.Baxşəliyeva bildirib ki, ədibin "Müxəmməs" adlı ilk əsəri "Şərqi Rus" qəzetində çap olunmuşdur. O, bir müddət "İrşad" qəzetinin müvəqqəti redaktoru olmuşdur. 1907-ci ildə çapdan çıxmış gələcəyin böyük bəstəkarı Üzeyir Hacıbəyovun "Türk-rus və rus-türk lüğəti" kitabının naşiri M.Ə.Rəsulzadə olub.
G.Baxşəliyeva xatırladıb ki, ötən il ölkə Prezidenti
M.Ə.Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb.
Sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Tarix" kafedrasının müdiri Firdovsiyə Əhmədova "Azərbaycan dövlətçiliyi tarixində M.Ə.Rəsulzadənin yeri və rolu" adlı məruzə ilə çıxış edib. M.Ə.Rəsulzadənin həyata keçirdiyi ideyalardan söz açan məruzəçi onun Milli Şuraya sədr kimi fəaliyyətindən geniş danışıb. F.Əhmədova bildirib ki, M.Ə.Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında böyük rolu olub və dövlət quruculuğuna tərəqqipərvər ziyalıları məhz o cəlb etmiş, həmçinin öz fəaliyyətini onların əhatəsində formalaşdırmışdır.
Tədbirdə Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan M.Ə.Rəsulzadənin həyat hekayəsi ilə institutun əməkdaşları, "İran tarixi və iqtisadiyyatı" şöbəsinin baş elmi işçisi, tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova və Əfşan Şəfiyeva çıxış ediblər.