Kollec tələbələrinə “Diaspor dərs”ləri keçiriləcək Hadisə

Kollec tələbələrinə “Diaspor dərs”ləri keçiriləcək

Diaspor Jurnalistləri Birliyi könüllü olaraq təhsil müəssisələrində "Diaspor dərs"ləri layihəsini davam etdirir. 2017-2018-ci dərs ilində DJB tərəfindən kolleclərdə "Diaspor dərs"ləri keçiriləcək. Layihənin məqsədi tələbə-gənclərin Azərbaycan diasporu haqda düşüncəsini inkişaf etdirmək, sərhədlərimizin hüdudlarından kənarda da milyonlarla həmvətənimizin yaşaması haqda məlumat verməkdir. Maarifləndirmə xarakterli "Diaspor dərsi"ndə ulu öndər Heydər Əliyevin "azərbaycançılıq ideologiyası"nın xaricdəki azərbaycanlıların vahid ideya ətrafında birləşməsində rolu, Azərbaycan dövlətinin diasporun inkişafı istiqamətində gördüyü işlər, xaricdəki tələbə-gənclərimizin diaspor fəaliyyətinin perspektivlərindən danışılacaq
Xatırladaq ki, Azərbaycanda ilk dəfə Diaspor Jurnalistləri Birliyi tərəfindən könüllü şəkildə "Diaspor dərs"ləri layihəsi Təhsil Nazirliyinin müvafiq icazəsi ilə 2015-2016-cı dərs ilində orta məktəblərdə həyata keçirilib. Layihə gözlənildiyi kimi, çox effektiv nəticə verib və ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Bununla əlaqədar, digər məktəb, universitet, eləcə də regionlarımızdakı gənclərimizdən də dəvət gəlib. Məhz bunları nəzərə alaraq layihənin II mərhələsinin davamı olaraq "Diaspor dərs"ləri 2016-2017-ci dərs ilində universitet tələbələri üçün də keçirilib. Layihənin effektivliyini nəzərə alaraq DJB tərəfindən könüllü olaraq kolleclərdə də keçirilməsi planlaşdırılıb. "Diaspor dərs"lərinin 5 kollecdə hərəsində bir dəfə olmaqla mühazirə şəkilində keçirilməsi nəzərdə tutulub. İlk dərs Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) keçiriləcək.