“Qızımı qorxudublar...” Hadisə

“Qızımı qorxudublar...”

Mirvari Qəhrəmanlı: "Ona demişəm ki, hətta mən ölsəm belə, Azərbaycana 3 aydan tez qayıtmasın"

"Qızıma demişəm ki, hətta mən ölsəm belə, Azərbaycana 3 aydan tez qayıtmasın".
APA-nın məlumatına görə, bunu ötən gün Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova ilə bağlı mətbuat konfransı keçirən anası, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyib.
M. Qəhrəmanlı qızının hansı ölkədə olması ilə bağlı sualı belə cavablandırıb: "Mətanətlə tez-tez danışıram. O, indi başqa bir ölkədə müalicə olunur".
Bununla belə, M. Qəhrəmanlı qızının ölkədən qaçdığını yazan media orqanlarına əsəbi reaksiya verib. M. Qəhrəmanlı bildirib ki, qızına prokurorluqda şahiddən təqsirləndirilən şəxsə çevrilə biləcəyini söyləyiblər: "Onu qorxudublar ki, sən şahiddən təqsirləndirilən şəxsə çevriləcəksən".
Qeyd edək ki, Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova jurnalist Rauf Mirqədirovun işi ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İşlər İdarəsində şahid qismində dindirilib. Daha sonra M. Əzizovanın evində də axtarış aparılıb. M.Əzizova istintaqa ifadə verəndən dərhal sonra ölkəni tərk edib. Onun hansı ölkədə olduğu açıqlanmır.