AAK-ın növbədənkənar qurultayı keçirilib Hadisə

AAK-ın növbədənkənar qurultayı keçirilib

Dünən Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçirilib.
Qurultayın işində Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Niderlanddakı səfiri Fuad İsgəndərov və digər yüksək vəzifəli qonaqlar iştirak ediblər. Forum iştirakçılarını salamlayan Əli Həsənov müasir Azərbaycanın inkişafının bütün sahələrini, xüsusilə diaspor və medianın fəaliyyətini əhatə edən proqram xarakterli çıxış edib.
Qurultay Avropa Azərbaycanlıları Konqresinin İcraiyyə Komitəsinin hesabatını və Mandat Komissiyasının məlumatını dinləyib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan etməsi ilə əlaqədar qurultayda bu il Cümhuriyyətin yaranmasının 100 illik yubileyi və azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı Konqres tərəfindən nəzərdə tutulan tədbirlər proqramı müzakirə olunub.
Azərbaycan diasporunun işində medianın roluna həsr edilmiş ayrıca panel keçirilib.
Qurultay Konqresin Nizamnaməsində dəyişiklikləri təsdiq edib və Bəyannamə qəbul edib. İştirakçılar Ermənistandakı Metsamor AES-in təhlükəli fəaliyyəti barədə dünya ictimaiyyətinə qətnamə ilə müraciət ediblər.
Konqresin rəhbər orqanının yeni heyəti təsdiq edilib.
Azərbaycan diasporunun fəaliyyətinə verdiyi böyük töhfəyə görə bir sıra fəal iştirakçıya medallar və fəxri fərmanlar təqdim edilib.
Bununla da qurultay öz işinə yekun vurub.