Avropalı ekspertlər Azərbaycanın təhsil işçiləri ilə təcrübələrini bölüşüblər Hadisə

Avropalı ekspertlər Azərbaycanın təhsil işçiləri ilə təcrübələrini bölüşüblər

Avropa Komissiyasının Tvinninq proqramının "Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək" layihəsi çərçivəsində avropalı ekspertlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin əməkdaşları ilə bir sıra görüşlər keçiriblər.
Görüşlərdə ekspertlər öz ölkələrinin səriştə əsaslı təhsil proqramlarının hazırlanması və təlim nəticələrinin müəyyən edilməsi sahələrindəki təcrübələrini bölüşüblər. Avropalı ekspertlər, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Dövlət Universitetinin rəhbərliyi ilə görüşüb, həmin ali məktəblərdə müvafiq təhsil proqramlarının hazırlanmasında iştirak edən əməkdaşlarla geniş fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, layihənin əsas məqsədi Azərbaycanın ali təhsil sistemini səriştəyə əsaslanan təhsil yanaşmasına uyğunlaşdırmaqla daha da inkişaf etdirməkdən, eləcə də tələbəyönümlü təhsil sisteminə və təlim nəticələrinə əsaslanan yanaşmaya keçidi dəstəkləməkdən ibarətdir. İki il ərzində həyata keçiriləcək layihənin icrasına cari ilin aprel ayında başlanılıb. Layihənin icrasına Fransa, Latviya və Litvanın müvafiq qurumları və ekspertləri cəlb olunublar.