“Ən ucuz verilişlərə reklam verilir” Hadisə

“Ən ucuz verilişlərə reklam verilir”

"Qalmaqallı verilişlərin artmasının səbəbi telekanalların reytinq marağı ilə bağlıdır. Problemi həll etmək üçün yeni reytinq ölçmə şirkətləri ilə əməkdaşlıq ediləcək".
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli belə deyib.
Şura sədrinin sözlərinə görə, qalmaqallı, sensasiya xarakterli verilişlər təkcə ölkəmiz üçün aktual deyil: "Təəssüf ki, bütün dünyada bu dinamika var. Azərbaycanda özəl telekanallar arasında bununla bağlı vəziyyət ürəkaçan deyil. Bu barədə dəfələrlə fikirlərimizi bildirmişik.Təəssüf ki, hələ ürəkaçan nəticə yoxdur. Özəl telekanalların bütün gəlir mənbəyi reklam və sponsorlardır. Ona görə də onlar bu sahədə gəlir əldə etmək üçün daim yenilik axtarırlar. Təəssüf ki, gəlir əldə etməyin ən ucuz yolunu seçirlər. Bu da bizi narahat edir. Reytinq uğrunda həmişə dava gedir".
Nuşirəvan Məhərrəmli Milli Televiziya və Radio Şurası olaraq Azərbaycanda reytinq təşkilatlarının işindən narazı olduqlarını bildirib: "Dəfələrlə biz onlarla bu məsələni müzakirə etmişik. Reytinq ölçmə təşkilatının fəaliyyətinin qeyri-şəffaf olması ciddi məsələdir. Həmin təşkilatın nə qədər piplemetrdən istifadə etdiyi bəlli deyil. Adətən, 200 piplemetr Bakı üçün, 200 piplemetr də regionlar üçün qoyulduğunu deyirlər. Lakin həqiqətən də piplemetrlərin bu qədər olması və onların hansı ərazilərdə yerləşdirilməsi kimi suallar var. Piplemetrlərin yerləşdirildiyi ərazilərdə ziyalı təbəqəsinin, tələbələrin və ya şouya maraq göstərən əhalinin faizinin nə qədər olması da bəlli deyil. Bu məsələyə cavabdeh olan qurum kimi Teleradio Şurasının bu məqamlardan xəbəri yoxdur. Belə bir vaxtda telekanallarda şou tipli verilişlərin də sayı artır, keyfiyyəti isə aşağı düşür. Bu, birbaşa reytinq ölçmə təşkilatı ilə bağlıdır. Reklam reytinq əsasında verilir. Nəticədə ən ucuz verilişlərə reklam verilir və onların da sayı gündən-günə artır".
Şura sədri reytinq ölçülməsi ilə bağlı yeniliklərin tətbiqi istiqamətində axtarışların olduğunu deyib: "Bu istiqamətdə axtarışlar var. Bununla bağlı özəl telekanallar öz üzərində işləyir. Milli Televiziya və Radio Şurasının özəl telekanallarla birlikdə assosiasiyası yaradılıb. Bu assosiasiyada teleradio proqramlarını yaradan, yayanlar və ölçən təşkilatlar cəmləşib. Assosiasiya iki aydır fəaliyyətdədir. Yeni reytinq ölçən şirkətlərlə əməkdaşlıq məsələsi də həmin assosiasiyanın işinin tərkib hissəsidir. Bu istiqamətdə axtarışlar var, işlər aparılır. Nəticələr əldə ediləndə ictimaiyyətə də məlumat veriləcək. Assosiasiyanın tərkibində həm televiziya kanalları, həm reytinq ölçən təşkilatlar, həm kabel şəbəkələri, həm də reklam agentlikləri təmsil olunacaq. Onlar bu məsələni müzakirə edəcək. Biz də maraqlıyıq ki, Azərbaycan kimi inkişaf etmiş bir ölkə, qonşu ölkələrdəki reklam bazarından geridə qalır. Bu düşündürücü faktdır".