Elmi seminar: “Lahıc əsl folklor məkanıdır” Hadisə

Elmi seminar: “Lahıc əsl folklor məkanıdır”

Sentyabrın 27-də Beynəlxalq Mətbuat Mərkəzində "Lahıc əsl folklor məkanıdır" mövzusunda elmi seminar keçirilib. Ziyalıların, QHT nümayəndələri və tələbələrin iştirak etdikləri tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyev layihə barədə məlumat verib. Bildirilib ki, "Azsaylı xalqlara məxsus folklor nümunələrinin təbliğinə həsr olunan konfransın keçirilməsi" layihəsi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Folklorun və Ədəbiyyatın İnkişafına Yardım" İctimai Birliyi tərəfindən həyata keçirilir. Məqsəd azsaylı xalqlara məxsus folklor nümunələrinin toplanılması, tədqiqi və gələcək nəsillərə çatdırılmasıdır. K.Əliyev qeyd edib ki, layihə çərçivəsində AMEA-nın Folklor İnstitutunun əməkdaşları, eləcə də Azərbaycan Universitetinin tələbələri qədim dövr şəhərsalması və memarlığının orijinal abidəsi sayılan Lahıcın tarixi və təbiəti ilə tanış olub, bu unikal məkanın folkloru, adət-ənənələri ilə bağlı xeyli material toplayıblar. O, Lahıcın turizm imkanlarından da danışıb. Dövlət tərəfindən tarixi memarlıq abidəsi kimi qorunan Lahıcın Böyük İpək Yolu üzərində beynəlxalq turizm marşrutuna daxil edildiyi də diqqətə çatdırılıb. Qeyd olunub ki, azsaylı xalqların dilinin, mədəniyyətinin, məişət həyatının qorunub saxlanılmasında onların yaratdıqları folklor nümunələrinin böyük rolu var.
Lahıc haqqında videoçarx nümayiş etdirildikdən sonra Folklor İnstitutunun mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy "Lahıcın təbiəti və adamları" mövzusunda məruzə ilə çıxış edib. O deyib: "Lahıcda olanda təkcə müasir həyatı yaşamırsan, həm də zamanla ünsiyyətə girirsən. Lahıc sanki təbiətin davamıdır. Burada hər bir daş, qaya parçası bizə tarix danışır. Lahıcın insanları da öz təbiətinə oxşayır".
Seminarda Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədlinin "Səma altında açıq muzey", həmin institutun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytac Abbasovanın "Lahıcda iki gün, iki gecə", Azərbaycan Universitetinin filologiya fakültəsinin tələbəsi Afaq Aslanovanın "Lahıcın folklor yaddaşı" mövzularında məruzələri dinlənilib.