Metroda iki xəttin bir-birindən ayrılması qatarlararası intervalı azaldacaq Hadisə

Metroda iki xəttin bir-birindən ayrılması qatarlararası intervalı azaldacaq

Bakı Metropolitenində iki xəttin - Qırmızı və Yaşıl xətlərin bir-birindən ayrılması qatarlararası intervalın azaldılmasına xidmət edəcək.
Bunu "Bakı Metropoliteni" QSC-nin İstismar üzrə baş mühəndisi Əlixan Osmanov bildirib.
O qeyd edib ki, Qırmızı xətlə ("Həzi Aslanov" - "İçəri Şəhər" stansiyaları arası) Yaşıl xətt ("Dərnəgül" - "Xətai" stansiyalaı arası) "28 May" stansiyasında kəsişir və bu da öz növbəsində qatarların hərəkət təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir:
"İki xəttin bir-birindən ayrılması eyni zamanda qatarlararası intervalın azaldılmasına xidmət edəcək. Nəzərə alaq ki, "Həzi Aslanov" stansiyasından hərəkət edən qatarlardan biri "İçərişəhər", digəri isə "Dərnəgül" istiqamətinə hərəkət edir. Bu baxımdan "Həzi Aslanov" - "28 May" stansiyaları arasında hərəkət intervalı 2 dəqiqə olsa da, bu özünü "28 May" - "Dərnəgül" stansiyaları arasında 4 dəqiqə olaraq göstərir. Xətlərin ayrılmasından sonra isə "28 May" - "Dərnəgül" mənzilində hərəkət intervalını 2 dəfə azaltmaq imkanı yaranacaq, yeni tunelin tikintisindən sonra Yaşıl və Qırmızı xətlər üzrə qatarlar bir-birindən müstəqil hərəkət etmək imkanı qazanacaqlar. Belə ki, Qırmızı xətt üzrə "Həzi Aslanov" stansiyasından hərəkət edən qatar birbaşa "İçərişəhər" stansiyasına gedəcək".
Baş mühəndisin sözlərinə görə, "Dərnəgül" istiqamətinə getmək istəyən sərnişinlər isə "28 May" stansiyasında Yaşıl xəttə keçərək hərəkətlərini davam etdirəcəklər: "Yaşıl xətt üzrə "Dərnəgül" stansiyasından hərəkət edən qatarın son dayanacağı isə "Xətai" stansiyası olacaq".