Sosial şəbəkələri media kimi qəbul etmək düzgün olmaz Hadisə

Sosial şəbəkələri media kimi qəbul etmək düzgün olmaz

Dekabrın 17-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Dini qurumlar və sosial media" mövzusunda konfrans keçirilib. Konfransın keçirilməsində məqsəd sosial şəbəkələrdə dini qurumların fəaliyyətinin müzakirəsi olub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, sosial media beynəlxalq təşkilatlar səviyyəsində hər zaman müzakirə predmeti olub və bu vasitə dünyada insanlar arasında ünsiyyət yaradılması baxımından digər media nümunələrini üstələyir: "Sosial mediada hər kəs fərdi şəkildə öz fikrini ifadə edə bilir. Onun müsbət tərəfləri ilə yanaşı, müəyyən problemləri də var. Bəzi ölkələrdə sosial medianın fəaliyyəti üzərində dövlət səviyyəsində qanunvericiliklə nəzarətin yaradılması istiqamətində addımlar atılıb. Bəziləri bunu azadlığa maneə kimi qələmə verirlər. Avropanın ən inkişaf etmiş ölkələrində belə sosial mediaya nəzarət edilir. Bəziləri bunu azadlığın məhdudlaşdırılması hesab etsə də, bu belə deyil. Bu nöqteyi-nəzərdən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi maarifləndirici tədbirlərin cəmiyyətə çatdırılmasında medianın dəstəyindən istifadə edir. Bu kimi hallara görə bu məsələ Azərbaycanda da diqqət mərkəzindədir".
Sədr qeyd edib ki, Azərbaycanda dini icmaların sayı 909-a çatıb və bu icmalardan 32-si qeyri-islami dini icmalardır.
Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, 10 milyona yaxın Azərbaycan əhalisinin üç milyonu sosial şəbəkələrdən fəal istifadə edir, onların 1,5 milyonu "Facebook", digərləri isə başqa sosial şəbəkələrin istifadəçiləridir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da ictimai fikir internet üzərindən yayımlanan Kütləvi informasiya vasitələri, sosial şəbəkələr vasitəsilə yayılır.
O qeyd edib ki, sabitliyimizə əsas təhlükə islama yaxın radikal dini cərəyanlar və ideologiyalardan gəlir:
"Bunlar isə Azərbaycana qarşı qərəzli planlar hazırlayan erməni lobbisinin əməlləridir. Bu sahədə daha ciddi problemlər yaranır. Azərbaycanda baş verən iqtisadi inkişaf ayrı-ayrı ölkələri ciddi narahat edir. Bəzi ölkələr var ki, Azərbaycanla bağlı sistemli şəkildə qarayaxma kampaniyaları ilə məşğuldurlar. Bundan da Ermənistan, erməni lobbisi istifadə etməyə çalışır. Bəzi qüvvələr var ki, sosial şəbəkələrdən fəal istifadə etməklə Azərbaycanı geriyə aparmağa, İslami dəyərlərin hakim olduğu İslami dövlətə çevirməyə çalışır. Bizim problemimiz radikal dini cərəyanlarla bağlıdır".
Əflatun Amaşov vurğulayıb ki, hazırda Azərbaycan Mətbuat Şurası haqqında qanun üzərində işlənir və qanunda vətəndaşların şərəf və ləyaqətlərinin alçaldılmaması məsələsi diqqətdə saxlanılır:
"Mətbuat Şurası müntəzəm olaraq bu istiqamətdə monitorinqlər həyata keçirir. Azərbaycanda Nardaran hadisələrində də qeyri-dəqiq qərəzli informasiyalar yayan saytlar, sosial medialar müəyyən qruplar şəklində fəaliyyət göstərmişdilər. Xaricdə yaşayan azərbaycanlılar sosial şəbəkədə yanlış məlumat yaymaqla pozuculuq yaratmaq istəyirlər. Məqsədləri sosial şəbəkə vasitəsilə saylarını artırmaqdır. Dünyanın bir çox ölkələri bu problemdən əziyyət çəkir. Radikal dini cərəyanların Azərbaycana ayaq açmaması üçün müvafiq qanunları sərtləşdirmək lazımdır".
Şura sədri əlavə edib ki, bu məsələlərin tənzimlənməsi məktəbdən başlanmalıdır. Məktəbdə savadlı, milləti sevən vətəndaş yetişdirsək, gələcəkdə bu problemlərin sayı azalar.
Millət vəkili, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirib ki, sosial şəbəkələrin sosial media kimi qələmə verilməsi doğru deyil:
"Media peşəkar jurnalistlərin çalışdığı məkandır. Sosial şəbəkədə isə müxtəlif əqidələrə xidmət edənlər var. Sosial şəbəkədə kim necə istəyir öz fikirlərini ifadə edir və müəyyən məsələlərdə sərhədlər keçilir. Bəzən təhqirlər və aşağılanma hallarına da rast gəlirik. Sosial şəbəkənin müəyyən təsir gücü var. Hətta mövqeyi olmayanlara da sosial şəbəkədə paylaşılan fikirlər təsir edir. Sosial mediada isə artıq müxtəlif mənsəblər at oynada bilmirlər. Çünki jurnalistlərimiz lazım olan mövzunu seçməyə başladı. Bəzən jurnalistlər sosial şəbəkədə gedən müzakirələri mətbuata gətirir. Burada biz jurnalistlərin də peşəkarlığı önəmlidir. Mövzunun mediaya hansı aspektdən gətirilməsi isə jurnalistin peşəkarlığından asıldır".
O qeyd edib ki, dinlər arasında mehriban münasibət olmadığı zaman bu bəşəriyyətə bəlalar gətirir və təsadüfi deyil ki, bu məsələ hər zaman medianın gündəmində olub.
Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondonun icraçı direktoru Vüqar Səfərli bildirib ki, bu gün sosial media problemləri bütün dünyanı lərzəyə gətirir. Sosial şəbəkələri media kimi qəbul etmək düzgün deyil. Əgər jurnalist mediada hər hansı məlumat yayırsa, buna görə məsuliyyət daşıyır. Lakin sosial şəbəkə sahəsində məsuliyyət yoxdur.
O xatırladıb ki, ölkəmiz tolerant bir ölkədir və Azərbaycanda keçirilən tədbirlər də ölkəmizin sabitliyini sübut edir:
"Hər bir vətəndaş dinindən, irqindən asılı olmayaraq onu vətəni hesab edir. Lakin bununla yanaşı, xaricdən idarə olunan qüvvələr var. İlahiyyatçılarımızın bəziləri xaricdə təhsil alıb. Bu məqam da müəyyən təhlükələr yaradırdı. Bu il Prezidentin sərəncamı ilə İlahiyyat İnistitu yaradıldı. İnstitut bu sahədə kadrların yetişdirilməsi üçün mühum rol oynayacaq".
Vüqar Səfərli qeyd edib ki, bu sahədə təbliğata böyük ehtiyac var: "Buna görə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə biz çoxsaylı tədbirlər keçirmişik. Hesab edirəm ki, sosial şəbəkədə nə qədər cəfəngiyyat yayılsa da, jurnalistlər həm sosial şəbəkə, həm də media vasitəsilə onlara cavab verməlidirlər".