BAMF-da Xocalı soyqırımının 27-ci ildönümü anılıb Hadisə

BAMF-da Xocalı soyqırımının 27-ci ildönümü anılıb

Dünən Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən geniş səhifəsi olan Xocalı savaşının 27-ci ildönümü anıldı.
İmdad Əfşar, Rəhilə Gülgün, Azər Həsrət, Fikrət Babaoğlu, Elçin Mirzəbəyli, Elşad Eyvazlı kimi tanınmış jurnalistlərin iştirakı ilə keçirilən tədbiri təşkilatın rəhbəri Umud Rəhimoğlu açdı. Əvvəlcə, faciə qurbanları bir dəqiqəlik sükutla yad edildi.
27 il əvvəl törədilən qanlı qırğın barədə danışan Umud Rəhimoğlu bəyan etdi ki, bu adi soyqırım deyil, bir millətin digər bir millət üzərində təcavüzkar basqısıdır. Heydər Əliyev Fondunun prezidenti Leyla Əliyevanın "Xocalıya Ədalət!" kampaniyası çərçivəsində dünyanın hər yerində çağırışlar edilir. Biz hər birimiz səsimizi dünyaya duyurmalıyıq. Torpaqlarımızın bütövlüyü uğrunda mübarizəni davam etdirməliyik.
Tədbirdə Moskvada yaşayan əslən Qarabağdan olan soydaşımız, yazıçı Ulduz Qasımın yenicə nəşr edilən "Xocalı şikəstəsi" romanı təqdim edildi. Qeyd edək ki, müəllifin bundan əlavə altı kitabı işıq üzü görüb.
Romanı türkcəyə çevirən və orada yayımını təşkil edən İmdad Avşar əsər barədə geniş məlumat verdi.
Yazıçı-publisist Rəhilə Gülçin kitabın Azərbaycan nəşri barədə danışdı. Kitabda əsərin baş qəhrəmanı mübariz, müdrik Azərbaycan qadını Məryəm ananın ailəsinin erməni cəlladlarından qaçışı, beş gün meşədə yaşam uğrunda aparılan mübarizəsi əks olunur. Əsərdə qadınlar namus simvolu olaraq göstərilib. Kitabda Məryəm ana ilə yanaşı humanizmi təmsil edən onun həyat yoldaşı həkim Fərhad da göstərilir.
Qeyd edək ki, Ulduz xanımın növbəti hədəfi kitabının rus və ingilis dilində nəşr edilməsidir. Sonda müəllif tədbir iştirakçıları ilə fikirlərini bölüşdü.
Tədbir digər iştirakçıların çıxışları ilə davam etdi.