Quba “ASAN Həyat” Kompleksində möhtəşəm Bahar festivalı Hadisə

Quba “ASAN Həyat” Kompleksində möhtəşəm Bahar festivalı

Quba "ASAN Həyat" Kompleksində keçirilən Bahar festivalı çərçivəsində tanınmış incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi festival martın 2-dən başlayıb. Bayram mərasimində Novruz adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, şimal regionunda yaşayan azsaylı xalqların həyat tərzini və mətbəxlərini əks etdirən stendlər təqdim olunur. Festivalın qonaqları milli personajların iştirakı ilə Novruz tamaşalarını, pəhləvan və kəndirbaz oyunlarını, milli ornomentlərin sərgisini, idmançıların çıxışlarını izləmək, yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkasından faydalanmaq imkanı qazanıblar.
Festival günlərində "ABAD Gastro Village" layihəsi çərçivəsində food trucklarda (təkərli qoşqular) "ABAD" məhsullarından hazırlanmış fast foodların satışı həyata keçirilir. İran, Türkmənistan, Qazaxıstan və Özbəkistanın nümayəndə heyətləri də öz ölkələrinə məxsus guşələrdə adət-ənənələrini nümayiş etdiriblər. Mərasimdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, "ASAN xidmət"in tabeliyində olan "İnnovasiyalar Mərkəzi" MMC-nin direktoru Tağı Tağızadə çıxış edərək, festivalın keçirilməsinin milli adət-ənənələrimizin, xalqımızın qonaqpərvərliyinin, ölkəmizin turizm imkanlarının tanıdılmasında böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər.
Bildirilib ki, festivalın əsas məqsədi xalqımızın qədim dəyərlərindən olan Novruz bayramının adət-ənənələrini yaşatmaq, onları gələcək nəsillərə ötürmək, regionların sosial mədəni həyatına, bayram əhval-ruhiyyəsinin artırılmasına töhfə verməkdir. Həmçinin Novruz bayramı qeyd olunan ölkələrin nümayəndələrinin festivalda iştirakını təmin etməklə dövlətlərarası mədəni əlaqələrin inkişaf etdirilməsi prioritetdir. Tanınmış incəsənət ustalarının ifalarından və milli rəqslərdən ibarət konsert proqramı festival iştirakçıları tərəfindən maraqla qarşılanıb. Quba "ASAN Həyat" Kompleksində keçirilən Bahar festivalı martın 5-dək hər gün səhər saatlarından başlayaraq gün ərzində davam edəcək. Bahar festivalı Qubadan sonra Masallı və Şəki "ASAN Həyat" komplekslərində keçirilməklə bölgə sakinlərinə martın 19-dək bayram sevinci yaşadacaq.