İqtisadiyyat İnstitutu fundamental və tətbiqi tədqiqatlar aparacaq Hadisə

İqtisadiyyat İnstitutu fundamental və tətbiqi tədqiqatlar aparacaq

Azərbaycan gələcək sosial-iqtisadi inkişaf strategiyasında post-neft iqtisadiyyatı quruculuğunun sürətləndirilməsi və qeyri–neft sektorunun iqtisadi inkişafda rolunun artırılmasını hədəf götürüb. Bu hədəflərə tez çatmaq, ləngimələri aradan qaldırmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu tədqiqatlar aparır. İnstitutun elmi işlər üzrə direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradov bildirib ki, institut 2019-2021-ci illər üçün "Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri" mövzusunda fundamental və tətbiqi tədqiqatlar aparmağı planlaşdırır. Nəzərdə tutulan elmi tədqiqat mövzuları və reytinqlər üzrə göstəricilər artıq müəssisənin şöbələri arasında paylaşdırılıb.
Tədqiqatlar "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı"nın təsdiq edilməsi barədə Sərəncamı və "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Fərmanının icrasını əsas götürərək aparılacaq.
A.Muradov xatırladıb ki, institut 2017-2018-ci illərdə ölkə Prezidentinin qeyd olunan sərəncam və fərmanlarının icrasına əsasən "Azərbaycanda post-neft iqtisadiyyatı quruculuğunun sosial-iqtisadi problemləri" mövzusunda tədqiqat aparıb. Tədqiqatlarda həm də "neftdən asılı olan iqtisadiyyatları hansı halda post-neft hesab etmək olar?" sualı qoyulmuşdu. Bir çox neft ölkələrində, o cümlədən Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı hədəflər müəyyən edilib. Lakin bütün neft ölkələri üçün keçərli olan post-neft iqtisadiyyatına keçidin astana göstəriciləri müəyyən edilməmişdi. Apardığımız tədqiqatların nəticəsi kimi biz bunu ilk dəfə olaraq müəyyənləşdirmişik.
Məqsədimiz Azərbaycanın beynəlxalq müqayisəli reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılmasına, nüfuzunun yüksəldilməsinə, davamlı və rəqabət qabiliyyətli inkişafına nail olmağa dəstək verməkdir. İnanıram ki, 2019-2021-ci illərdə aparacağımız tədqiqatlar uğurlu nəticələr verəcək.