Qubada hərb tariximizin gənclər arasında təbliği məqsədilə intellektual turnir keçirilib Hadisə

Qubada hərb tariximizin gənclər arasında təbliği məqsədilə intellektual turnir keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi yeniyetmə və gənclər arasında vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi, hərb sənətinin və hərb tariximizin təbliği məqsədilə “Hər şey vətən üçün!” gənclərin vətənpərvərlik festivalı” adlı layihə çərçivəsində Quba şəhərində Quba və Qusar rayonlarında yaşayan və təhsil alan gənclərin iştirakı ilə intellektual turnir keçirib.

Rəsmi hissədə çıxış edən layihə rəhbəri Ramin Mahmudov bildirib ki, layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında əyləncəli öyrənmə üsulları ilə şanlı hərb tariximizin, sərkərdələrimizin, ordu quruculuğumuzun təbliği, milli qəhrəmanlarımızın tanıdılmasına nail olmaqdır. Natiq onu da bildirib ki, 3 ay davbam edəcək layihə çərçivəsində Quba və Qusar rayonlarında gənclərin hərbin sirlərinə yiyələnmələri və hərbi xidmətə formalaşdırılması məqsədilə tir atıcılığı və peyntbol üzrə turnirlər, eləcə də gənclər arasında idmanla məşğul olmanın və sağlam həyat tərzinin təbliği məqsədilə cüdo turnirlərinin keçirilməsi planlaşdırılıb. Layihədə ümumilikdə 300 nəfərə yaxın gənclin iştirakı nəzərdə tutulub.

Tədbirdə iştirak edən Quba rayon Təhsil Şöbəsinin əməkdaşı Mehparə Rüstəmova çıxışında bu kimi layihələrin icra olunmasının yetişməkdə olan gənc nəsil arasında vətəndaşlıq və vətənpərvərlik hisslərinin yüksəldilməsi baxımından əhəmiyyət daşıdığını bildirərək QHT-na Dövlət Dəstəyi Şurasına və eləcə də təşkilata minnətdarlıq edib.

Rəsmi hissədən sonra Quba və Qusardan olan 18 komanda tərkibində birləşən 110 nəfər gəncin iştirakı ilə turnirə start verilib.

İlk olaraq 16 komanda Nə? Harada? Nə zaman? oyunu üzrə mübarizə aparıb və ilk 8 yeri tutan komandalar ikinci mərhələyə vəsiqə əldə ediblər.

İkinci mərhələdə breyn rinq formatı üzrə biliklərini nümayiş etdirən komandalardan 4-ü son mərhələyə vəsiqə əldə edib.

Xəmsə intellektual oyunu üzrə keçirlən son mərhələnin nəticələrinə görə isə Quba rayonu Zərdabi qəsəbəsinin “Atom” komandası turnirin qalibi adını qazanıb. Bağbanlı qəsəbəsinin “İstiqlal” komandası ikinci, Quba şəhər Texniki Təmayüllü Liseyin “TTL” komandası isə üçüncü mükafata sahib çıxıb.

Yekunda qalib və mükafatçılar təşkilatçılar tərəfindən kubok, medal və diplomlarla təltif ediliblər. Turnirdə iştirak edən hər bir iştirakçıya layihə çərçivəsində hazırlanmış bukletlər və Azərbaycanın hərb tarixinə aid məlumat kitabçaları paylanılmışdır.