Vətəndaşı qoruyan inqilabi qanun gəlir: necə və nə vaxt? Hadisə

Vətəndaşı qoruyan inqilabi qanun gəlir: necə və nə vaxt?

Yeni yaradılan “Pasiyentin hüquqları haqqında” qanun layihəsi ilə əlaqədar Səhiyyə Komitəsində pasiyentin və tibb işçilərinin hüquqlarıyla bağlı dinləmə keçirəcəyik.
Bu sözləri Axar.az-a “Pasiyentin hüquqları haqqında” qanun layihəsi haqda danışan millət vəkili Musa Quliyev deyib. O bildirib ki, dinləmə prosesində mütəxəssislər belə bir qanuna ehtiyac olub-olmaması barədə ümumi razılığa gələcəklər:
“Hələlik “Pasiyentin hüquqları haqqında” qanun layihəsi barəsində danışmaq çox tezdir. Mütəxəssislərin iştirakıyla keçirilən dinləmədə razılıq olarsa, qanun üzərində işləmək üçün işçi qrupu yaradılacaq. Bu işçi qrupu müxtəlif ölkələrin təcrübələrini, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və Azərbaycanın reallığını öyrənəcək. Yəqin ki, yaxın bir il, il yarımdan sonra bu məsələ gündəmə gələcək. Dəymiş zərərin ödənilməsiylə bağlı dünya praktikasına istinad edib söyləmək olar ki, belə bir müddəanı qanuna daxil edə bilərik. Hələlik isə bu qanunun qəbul edilib-edilməməsi barədə komitənin rəyi yoxdur.
Dünya təcrübəsində xəstə-həkim, xəstə-tibb müəssisə münasibətlərinin hüquqi müstəvidə tənzimlənməsi üçün komissiya yaradılır. Bu komissiyanın tərkibində hüquqşünaslar, təcrübəli həkim ekspertləri və ictimaiyyətin nümayəndələri də olur.
Pasiyentlərin sağlamlığına vurulan zərərin müəyyən edilməsi üçün yaradılması nəzərdə tutulan komissiyanın tərkibində 7 nəfərin olması planlaşdırılır. 7 nəfərdən 2-nin ictimaiyyət nümayəndələrindən, həmkarlar ittifaqlarından, ya da bu sahədə ixtisaslaşmış QHT nümayəndələrindən olacağı isə gələcəkdə müəyyənləşdiriləcək. Onu da qeyd edim ki, səhiyyə sahəsində ixtisaslaşan bəzi QHT-lərimiz də var. Hətta mən ekspert kimi onların bəzilərinin layihələrinə də baxmışam. İcbari Tibbi Sığortayla, pasiyentlərin hüquqlarıyla bağlı müşahidələr aparan QHT-lər də mövcuddur. Amma bu iki üzvün QHT, ya həmkarlar ittifaqlarından, ya da başqa ictimai təşkilatlardan olması gələcəyin işidir. 7 nəfərdən ibarət olması planlaşdırılan komissiya üzvlərinin həm səhiyyə, həm hüquq, həm də ictimaiyyət tərəfi nəzərə alınır”.
Deputat bildirib ki, Azərbaycanda belə qanun layihəsinə ehtiyac var:
“Bunun İcbari Tibbi Sığortaya keçdikdən sonra pasiyent və səhiyyə müəssisələri arasında münasibətlərin tənzimlənməsi üçün xüsusi əhəmiyyəti var. Bəzi hallarda pasiyentlər həkimin düzgün olmayan müalicəsindən şikayətlənirlər, bəzi hallarda isə həkimlər, xüsusilə də təcili yardım həkimləri xəstənin və xəstə yaxınlarının münasibətindən şikayət edirlər. Bütün bunlar hüquqi müstəvidə həll edilməlidir”.
Məsələyə münasibət bildirən hüquqşünas Səməd Vəkilov isə qeyd edib ki, yeni qanun layihəsində müstəqil ekspertiza yaradılması nəzərə alınmalıdır:
“İndiyə kimi əhalinin sağlamlığının qorunması haqqında qanun var idi. Mülki Məcəllənin tələblərinə görə, pasiyentlərə hər hansı səbəbdən vurulan mülki zərərin qarşılığında təzminat tələb etmək hüququ verilirdi. Hesab edirəm ki, yeni yaradılan “Pasiyentin hüquqları haqqında” qanun layihəsi təqdirə layiqdir. Çünki bundan sonra məsələ daha da təkminləşmiş qaydada araşdırılacaq, komissiya qurulacaq. Lakin burada tez-tez qarşılaşdığımız bir problemin, yəni tibb ekspertlərinin həkimlərin tərəfini saxlaması səbəbindən obyektiv olmayan araşdırmanın aradan qaldırılması üçün alternativ rəy məsələsi öz həllini tapmalıdır. Mən özüm də BSU-nun dekanı, mərhum Elnarə Tofiqqızının cinayət işində bu problemlə dəfələrlə qarşılaşdım. Gələcəkdə pasiyentlərlə bağlı da belə problem yaşanacaq. Məsələn, pasiyent iddia edirsə ki, ona həkim səhvi nəticəsində zərər dəyib, komissiyanın rəyi hər iki tərəfdə birmənalı qarşılanmıdığı təqdirdə sənədlər Tibbi sosial-ekspert komissiyasına göndəriləcək. Belə olduqda komissiya tərkibi həmin həkimlərin həmkarları tərəfindən təşkil olunduğu üçün onlar da həkim səhvini çox da qabartmamağa meyilli olurlar. Həkimlər bir-birini qorumaqda maraqlıdırlar. Bu problemlərin aradan qaldırılması üçün müstəqil ekspertizaların sayı artırılmalıdır. Onların tibbi ekspertin rəyinə alternativ rəy gətirmək şansı da olmalıdır ki, məsələ obyektiv həllini tapsın. Qanun layihəsində komissiyanın tərkibinin QHT, hüquqşünas və tibb işçilərindən təşkil olunması yaxşı hadisədir. Hesab edirəm ki, dediyim nüanslar nəzərə alınsa, qanun layihəsi Azərbaycan üçün səmərəli ola bilər. Alternativ rəy məsələsi öz həllini tapmalıdır. Əgər bu olmasa, obyektiv rəydən söhbət gedə bilməz”.