"Kaspi" Liseyi özəl məktəblər arasında ən yüksək nəticə göstərib Hadisə

"Kaspi" Liseyi özəl məktəblər arasında ən yüksək nəticə göstərib

"Kaspi" Təhsil Şirkəti ötən tədris ilindəki fəaliyyəti ilə bağlı ictimaiyyətə hesabat verib. Hesabat tədbirində çıxış edən "Kaspi" Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva bu gün dövlətin təhsil sahəsinə göstərdiyi diqqətin yüksək səviyyədə olduğunu söyləyib: "Prezident İlham Əliyev təhsil sahəsinə göstərdiyi qayğını öz əməli fəaliyyətində də göstərir. Bu gün yeni məktəblərin tikilməsi, ən ucqar bölgələrdə məktəb binalarının yenilənməsi, təmir edilməsi, müəllimlərin əməkhaqlarının artırılması dövlətin bu sahəyə necə diqqət göstərdiyini nümayiş etdirir".
S.Vəliyeva daha sonra liseyin bundan əvvəlki illərdəki uğurunu bu il də təkrarladığını qeyd edib. O, 35 abituriyentin 600-dən yuxarı nəticə göstərdiyini və Əsmər Hacızadənin 690.5 bal toplayaraq I qrup üzrə respublika birincisi olduğunu, ümumilikdə "Kaspi" abituriyent kurslarının bu il qəbul imtahanlarında göstərdiyi nəticənin 98% olduğunu vurğulayıb.
Təsisçi bildirib ki, 2018-2019 tədris ilində ali məktəblərə qəbul imtahanının göstəricilərinə əsasən, "Kaspi" Liseyi özəl məktəblər arasında ən yüksək nəticə göstərib, son 2 tədris ilində isə buraxılış imtahanlarının nəticələrinə görə lisey respublika üzrə 1-ci yer tutub. S.Vəliyeva deyib ki, 2018-2019-cu tədris ilində "Kaspi" Liseyinin məzunları layihə olimpiadalarında ümumi 38 olmaqla, 6 qızıl, 9 gümüs, 23 bürünc medal qazanıb və bununla da 2015-ci ildən etibarən liseyin hesabındakı medal sayı 83-ə çatıb.
"Kaspi" Təhsil Şirkətinin baş direktoru Elnur Əliyev, ötən il təhsil sitemindəki və imtahan qaydalarındakı dəyişikliklər haqqında danışıb. O qeyd edib ki, yeni imtahan sistemi şagirdlərin bilikləri ilə yanaşı, bacarıqlarının da bir neçə aspektdən yoxlanılmasına şərait yaradıb. E.Əliyev 2019/2020-ci tədris ilindən etibarən "Kaspi" Liseyinin ingilis bölməsinin açılmasından, Bakının Nərimanov rayonunda yeni açılmış "Kaspi" Uşaq Bağçasının Gənclik filialından, Sumqayıtdakı "Kaspi" Uşaq Bağçasının nəzdində yeni istifadəyə verilmiş "Kaspi" Kids kurslarından, həmçinin Balakəndə, Bakının Mərdəkan qəsəbəsində yeni fəaliyyətə başlayacaq "Kaspi" abituriyent nümayəndəliklərindən və tədrisin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlərdən danışıb.
Tədbirdə builki qəbul imtahanlarında yüksək nəticə göstərmiş "Kaspi" Liseyinin və "Kaspi" abituriyent kurslarının məzunları tədrisin keyfiyyəti, müəllimlərin peşəkarlığı, onlara göstərilən diqqət və qayğıdan məmnun olduqlarını söyləyiblər. Tədbirdə daha sonra qəbul imtahanlarında uğur qazanmış "Kaspi" məzunları və müəllimlər mükafatlandırılıb.