Dövlət qulluğu: Bu imtahan ləğv ediləcək? - Ekspert Hadisə

Dövlət qulluğu: Bu imtahan ləğv ediləcək? - Ekspert

Sosial şəbəkələrdə dövlət qulluğuna qəbul imtahanlarının ikinci turunun, yəni müsahibə mərhələsinin ləğv olunacağı haqda məlumat yayılıb. Şəbəkə istifadəçiləri müsahibə mərhələsinin burada insan faktoru rol oynadığına görə ləğv olunacağı ilə bağlı fikirlər irəli sürüblər.
Məsələ ilə bağlı Axar.az-a danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, müsahibə mərhələsinin ləğvi yanlış addım olar.
“Test mərhələsindən uğurla keçənlər o demək deyil ki, həmin sahə üzrə işləyə bilərlər. İmtahanın əvvəlki mərhələlərindən uğurla keçən namizədlər daha sonra həmin sahə üzrə ekspertlər qarşısında müsahibə mərhələsindən keçirlər. Həmin ekspertlərin son rəyinə uyğun olaraq, dövlət qulluğunda inzibati vəzifə tutmaq iddiasında olan namizədin həmin sahə üzrə yararlı olub-olmamağı barədə qərar qəbul edilir. Müsahibə mərhələsinin ləğvi düzgün addım deyil. Lazım olan bacarığı və sahə üzrə keyfiyyətləri üzə çıxarmaq üçün müsahibə mərhələsinin olması şərtdir”.
Ekspert “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa hansısa dəyişikliyin olub-olmamasına da münasibət bildirib:
“Ölkədə inqilabi islahatlar artıq başlayıb. Əgər ehtiyac yaranarsa, həmin sahə üzrə hüquqi-normativ bazada dəyişiklik gözlənilir və yaxud, həmin hüquqi bazanın müasir dövrün tələblərinə uyğun yenidən yaradılması ehtiyacları da yaranır. Son illərdə dövlət qulluğu və digər sahələr üzrə xeyli dəyişiklik olub. Ölkədə gedən islahatlara uyğun olaraq bu qanuna da dəyişiklik gözlənilir”.