QHT-lərlə bağlı qanunvericiliyə daha bir dəyişiklik Hadisə

QHT-lərlə bağlı qanunvericiliyə daha bir dəyişiklik

Görülən işlərin müqavilə əsasında həyata keçirilməsi tələb olunacaq

Azərbaycanda qeyri-hökumət təşkilatlarından xidmətlərin göstərilməsinin, malların satışının və görülən işlərin müqavilə əsasında həyata keçirilməsi tələb olunacaq.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanuna yeni 24-2.-ci maddə əlavə olunur.
Yeni maddəyə əsasən, "Qeyri hökumət təşkilatı tərəfindən bu qanunun 24.0.3-cü maddəsində nəzərdə tutulmuş xidmətlərin (malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar) göstərilməsi və işlərin görülməsi müqavilə əsasında həyata keçirilir. Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə qeydə alınması üçün qeyri-hökumət təşkilatı tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunmalıdır".
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və oktyabrın 17-də keçiriləcək iclasda müzakirəyə çıxarılacaq.