Vens: "Ölkəni radikal demokratlara təslim etməyin" Dünya

Vens: "Ölkəni radikal demokratlara təslim etməyin"

ABŞ vitse-prezidenti Cey Di Vens həmvətənlərini noyabrda Konqresə keçiriləcək aralıq seçkilərində demokratların "bir qrup dəlisinə" deyil, respublikaçılara səs verməyə çağırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə cümə axşamı Dallasda, noyabr aralıq seçkiləri ərəfəsində keçirilən hakim Respublikaçılar Partiyasının milli qurultayında çıxış edərkən bildirib.

"Hər hansı siyasi qərarlarımızla razılaşmadığınıza görə bu ölkəni bir qrup dəliyə təslim etməyin. Mən hər şeydə mənimlə razılaşmağınızı, administrasiyanın hər bir addımını dəstəkləməyinizi istəmirəm. Lakin sizdən respublikaçılarla radikallar arasındaki fərqi görməyinizi, ABŞ administrasiyasının son 18 ayda əldə etdiyi nailiyyətləri qəbul etməyinizi xahiş edirəm. Birlikdə mübarizə aparsaq, daha çox şeyə nail ola bilərik", - deyə o, vurğulayıb.

Vitse-prezident 2025-ci ilin sentyabrında qətlə yetirilən dostu və silahdaşı, mühafizəkar aktivist Çarli Kirkin istənilən müharibəyə qarşı olduğunu xatırladıb. Bu bəyanatla Vens faktiki olaraq ABŞ-nin İrana qarşı hərbi əməliyyatının respublikaçılar düşərgəsində parçalanmaya səbəb olduğunu etiraf edib, lakin seçkilər ərəfəsində həmrəyliyə çağırıb.

"İcazə verin bir nümunə gətirim. Çarli Kirk müharibənin harada - Avropada, Afrikada, yoxsa Yaxın Şərqdə aparılmasından asılı olmayaraq, ona nifrət edirdi. Onun üçün fərqi yox idi, o, sadəcə müharibəyə nifrət edirdi, onun baxışları belə idi. Əlbəttə ki, bizim etdiklərimizi bəyənənlər də var, bəyənməyənlər də. Mən burada Çarli ilə onun razılaşmadığı insanlar arasındakı fikir ayrılıqlarını araşdırmaq üçün toplamamışam. Lakin mən sizdən Çarlinin edəcəyi şeyi etməyinizi xahiş edirəm: əsas məsələni kiçik bir səhvə görə qurban verməyin", - deyə vitse-prezident fikrini tamamlayıb.

Məryəm Quliyeva