Neft-Qaz Çıxarma İdarəsi ərazisində uçqun Hadisə

Neft-Qaz Çıxarma İdarəsi ərazisində uçqun

37 nəfər xilas edilib, 4 nəfər axtarılır

Dünən saat 12.00 radələrində "Azneft" İstehsalat Birliyi N.Nərimanov adına NQCİ-nin ərazisində 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən uçqun baş verib. Hadisə nəticəsində meydançada olan vaqon evcik dənizə düşüb və meydançanın üstündən keçən 700 diametrlik boru kəmərinin qırılması nəticəsində yanğın baş verib. Yanğının qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları, "Vixır-5" yanğınsöndürən gəmisi və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri cəlb olunublar. Saat 12.45 radələrində yanğın söndürülüb.
Uçqun zamanı ərazidə cəmi 41 nəfər işçi olub. Hadisə baş verəndən dərhal sonra qəza xilasetmə briqadası tərəfindən görülən operativ tədbirlər nəticəsində 37 nəfər ərazidən çıxarılaraq "Orion-15" və "PSK-52" gəmiləri vasitəsi ilə sahilə gətirilib. Axtarışlara FHN-in gəmisi və bir helikopteri cəlb olunub.
Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, hadisə nəticəsində 5 nəfərin xəsarət alması barədə məlumat var. Ancaq bu rəqəm dəyişilə bilər.
Xəsarətlər alan şəxslərə lazımi tibbi yardım göstərilib. Dənizə düşməsi ehtimal olunan 4 nəfərin axtarışı davam etdirilib. Hadisənin araşdırılması məqsədi ilə xüsusi komissiya yaradılıb.