“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev Siyasət

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Xalqcəbhəsi.az müsahibəni təqdim edir:

- Qüdrət bəy, Azərbaycan Respublikası Prezidenti bir qrup şəxsi Əfv Komissiyasının iclası keçirilmədən əfv edib. Bu hansı zərurətdən irəli gəlib?

- “Normativ hüquqi aktlar” haqqında Konstitusiya Qanununun “Dövlət orqanının (vəzifəli şəxsin) səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olan tipik sui-istifadə amilləri” adlanan 64-cü maddəsinin 4-cü bəndində düzünə göstəriş var ki, “Dövlət orqanı üçün hüquq və vəzifələr onun səlahiyyətlərini təşkil edir və bu səbəbdən normativ hüquqi aktda həmin orqanın hüququ konkret icraçının mülahizəsindən asılı olan bu və ya digər hərəkətlərin edilməsi, dispozitiv imkan kimi müəyyənləşdirilə bilməz. Normativ hüquqi aktda dövlət orqanının səlahiyyətlərinin həddindən artıq ümumiləşdirilmiş formada müəyyən edilməsinə, “orqan edə bilər”, “bir qayda olaraq”, “müstəsna hallarda yol verilir”, “orqan öz səlahiyyətləri daxilində”, “zərurət olduqda” və bunlara bənzər qeyri-müəyyən ifadələrdən istifadə olunmasına yol verilmir.
Amma bizim bir çox normativ hüquqi aktlarda ümumi qaydalardan kənar vəzifəli şəxslər və orqanlar üçün Konstitusiya qanununa zidd olsa da istisnalar nəzərdə tutulur. Bu barədə mənim parlamentdə dəfələrlə çıxışım olub. Prezident fərmanı ilə təsdiq edilmiş “Əfvetmə haqqında” Əsasnamənin 1-ci bəndində deyilir ki, əfvetmə, bir qayda olaraq, bu Əsasnamənin müddəalarına uyğun olaraq həyata keçirilir. Ona görə Prezident bu istisnaya istinad edərək bir qrup vətəndaşı əfv edib. Mən dəfələrlə “Əfvetmə və amnistiya” haqqında qanunun qəbulunun zəruriliyi barədə məsələ qaldırmışam. Bu gün “Evronews” kanalı məlumat yaydı ki, Azərbaycanla Fransa rusiyalı iş adamı Əlişir Usmanovun adının Avropa İttifaqının sanksiyalar tətbiq etdiyi şəxslər sırasından çıxarılması qarşılığında Azərbaycanın bir faransız vətəndaşını azad edəcəyi barədə anlaşıblar. Əlişir Usmanovun adı siyahıdan çıxarıldığı üçün bu gün Prezident Fransa vətəndaşı Ryan Martin Riçardı azad edib.

- Avropa İttifaqı Rusiyadan olan 3 mindən artıq fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib. Prezident niyə yalnız Əlişir Usmanovun adının sanksiyalardan çıxarılmasını istəsin ki?

- Əlişir Usmanov bir Özbəkistan türküdür. Bunun şəxsi münasibətlərə görə olduğunu düşünmürəm, belə olsaydı başqa şəxslərin də adı olardı. Hərçənd, bu motivlə olsaydı belə buna pis baxmazdım. Hər birimiz nə qədər dostların xahişlərini edirik. Bu, bir insanlıq, kişilik məsələsidir. Amma görünür onun ölkəmiz qarşısında hansısa böyük xidmətləri olub. Prezident qərar qəbul edəndə şəxsi münasibətlərdən öncə ölkənin maraqlarını nəzərə alır.