“Ən təssüfləndirici hal isə ondan ibarətdir ki...” Hadisə

“Ən təssüfləndirici hal isə ondan ibarətdir ki...”

Əli Hüseynli: "İnsan hüquq və azadlıqlarının siyasət üçün alət yox konkret insan taleləri barədə olması beynəlxalq təşkilatların və bəzi dövlətlərin yaddaşlarından silinmiş görünür"

"Öz ölkəsinin sərhədləri daxilində hərəkət etmək hər bir vətəndaşın əsas azadlıqlarındandır və Avropa İnsan Hüquqları Konvensiyası (Maddə 2) ilə yanaşı Dünya İnsan Hüquqları Bəyannaməsinin (Maddə 13), İrqi Diskriminasiyanın bütün növlərinin ləğvi haqqında Beynəlxalq Konvensiya (Maddə 5), Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Konvensiya (Maddə 12) və eləcə də digər beynəlxalq sənədlərdə qəti şəkildə təsbit edilib".
Bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin Sədri Əli Hüseynli "Girovları azad et" aksiyasına münasibət bildirərkən deyib.
"Xüsusilə 822 saylı qətnamə ilə BMT Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunundan işğalçıların çıxarılmasını tələb edir.
Azərbaycanın ərazi bütövlüyünün qorunması ilə bağlı məsələlərdə ən prinsipial mövqe hər zaman cənab Prezident İlham Əliyev tərəfindən ortaya qoyulub. Hər birimiz cənab Prezidentin bu prinsipial mövqeyindən nümunə götürməliyik.
Sosial şəbəkələrdə vətəndaşı olduğu ölkənin ərazilərinə mütəmadi səfərlərindən biri zamanı girov götürülüb Azərbaycan Respublikasının mülki şəxslərinin azad edilməsi üçün başladılmış ictimai təşəbbüs kampaniyasını Ermənistanın beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn ümumqəbul edilmiş norma və prinsiplərinə zidd hərəkətlərini dünyaya çatdırılması baxımdan olduqca əhəmiyyətli hesab edir və dəstəkləyirik".
"Azərbaycan Respublikasının sərhədləri Birləşmiş Millətlər Təşkiltı (BMT) və üzv olduğu digər beynəlxalq təşkilatlar, həmçinin dünya dövlətləri tərəfindən tanınır. Ermənistan Respublikası silahlı aqressiyanın nəticəsi olaraq Azərbaycan Respublikasının ərazilərini işğal etmişdir. Silahlı aqressiya beynəlxalq hüquqda cinayət kimi tanınır. Beynəlxalq hüquq güc tətbiq etməklə sərhədlərin dəyişdirilməsini qəbul etmir və tanımır. Azərbaycan ərazilərinin işğal faktı dünya dövlətləri və təşkilatlarının bildiyi aşkar faktdır. BMT qəbul etdiyi 4 qətnamə ilə işğal faktını təsdiq etmişdir və təcavüzkarların işğal edilmiş ərazilərdən çıxarılmasını tələb etmişdir. Xüsusilə 822 saylı qətnamə ilə BMT Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunundan işğalçıların çıxarılmasını tələb edir.
Hər hansı bir ərazinin işğal edilməsi, işğala məruz qalmış ölkənin BMT xartiyasının 51-ci maddəsinə əsaslanaraq öz ərazilərini azad etməyə səlahiyyətləndirdiyi kimi, işğala məruz qalmış ölkənin vətəndaşlarını da ölkə ərazisində hərəkət azadlığından məhrum etmir.
Erməni silahlı qüvvələri Dilqəm Əsgərovu və Şahbaz Quliyevi Azərbaycan ərazisində, Azərbaycanın dünyada tanınan sərhədləri daxilində hərəkət edərkən, girov götürülüblər. Beynəlxalq hüquq erməni silahlı qüvvələrinə belə hüququ nə verir, nə də onların belə hərəkətlərinə hər hansı bir şəkildə icazə verir.
Dilqəm Əsgərovu və Şahbaz Quliyev heç bir ölkənin sərhədlərini pozmamış, heç bir qanunsuzluğa yol verməmiş, öz ölkələri daxilində hərəkət ediblər, amma beynəlxalq hüquqa zidd olaraq, mülki şəxs olduqlarına baxmayaraq girov götürülüblər. Onlarla beynəlxalq humanitar hüquqa zidd davranış sərgilənmiş, hətta qondarma bir məhkəmə prosesi də qurulmuşdu.
Azərbaycanın ərazisi olan Dağlıq Qarabağda məqsədi, proseduru və nəticəsi əvvəlcədən məlum olan, heç bir dünya dövlətinin tanımadığı qondarma və marionet qurum tərəfindən mülki şəxslər və onların valideynlərinin məzarlarını ziyarət etməkdə əksini tapmış kədərləri üzərində siyasi oyun oynaması yolverilməzdir. Azərbaycanı qərəzli olaraq tənqid edən beynəlxalq qurum və dövlətlərin susqunluğu bu mənada başa düşülən deyil. İnsan hüquq və azadlıqlarının siyasət üçün alət yox konkret insan taleləri barədə olması beynəlxalq təşkilatların və bəzi dövlətlərin yaddaşlarından silinmiş görünür.
Halbuki insan hüquq və azadlıqlarının Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyətinə tətbiqi beynəlxalq təşkilat və bəzi dövlətlərin ən ümdə qayəsi və məqsədi olmalıdır".
"Yuxarıda qeyd edilənləri və beynəlxalq hüququ nəzərə alaraq, Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal azad edilməsini Ermənistan və ona dəstək verənlərdən tələb edirik. Azərbaycandan səbr və sülhməramlı olmasını istəyən beynəlxaq təşkilatlar və bəzi dövlətlər bu istiqamətdə əməli addımlar atmalıdır. Yaddan çıxmamalıdır ki, Azərbaycan suveren dövlətdir və öz vətəndaşlarını qorunması və xilası onun vəzifələrindəndir. Dünya və beynəlxalq hüquq vətəndaşlarını digər ölkələrin ərazisində xilas edən dövlətlərin nümunələri ilə tanışdır.
Eyni zamanda separatçı və işğalçı bir rejimin girovlar üzərində məhkəmə qurması heç bir hüquqi normalara sığmır. Belə ki, separatçı Ermənistan bu addımı atmaqla hüququn aliliyi prinsipini öz çirkin siyasi məqsədləri üçün istifadə edir. Ən təssüfləndirici hal isə ondan ibarətdir ki, hər zaman hüququn aliliyindən danışan beynəlxalq təşkilatlar bu hala susur".