AZAL Bişkekə ilk uçuşu gerçəkləşdirdi Hadisə

AZAL Bişkekə ilk uçuşu gerçəkləşdirdi

Oktyabrın 26-da "Azərbaycan Hava Yolları" QSC-nin "Aerobus-320" təyyarəsi Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə ilk uçuşunu həyata keçirib. Təyyarəni Bişkek şəhərinin "Manas" Beynəlxalq hava limanında Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucov, Qırğız Respublikası Baş nazirinin birinci müavini Tayirbek Sarpaşev, Qırğız Respublikası Hökumətinin digər yüksək vəzifəli təmsilçiləri, "Manas" Beynəlxalq hava limanın rəhbərliyi, digər rəsmilər, xarici dövlətlərin bu ölkədəki səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, ictimaiyyətin tanınmış təmsilçiləri və soydaşlarımız qarşılayıblar.
Sonra Bakı-Bişkek-Bakı birbaşa hava xəttinin açılması ilə bağlı "Manas" aeroportunun VİP zalında tədbir keçirilib.
Tədbirdə çıxış edən Qırğız Respublikası Baş nazirinin birinci müavini Tayirbek Sarpaşev bildirib ki, iki qardaş ölkə arasında hava əlaqəsinin yaranması hər sahədə əlaqələrin inkişafına yüksək təkan verəcək: "Bakı-Bişkek-Bakı aviareysinin vasitəsilə Bakıdan Avropaya və Amerikaya açılan birbaşa hava xəttindən də istifadə olunacaq və bununla sərnişinlər vaxtlarına qənaət edəcəklər".
Səfir Hidayət Orucov öz çıxışında qeyd edib ki, Azərbaycan Respublikası və Qırğız Respublikası müstəqillik əldə edəndən sonra ilk dəfə olaraq Bakı-Bişkek-Bakı birbaşa aviareysin açılışı möhtəşəm hadisədir: "Keçmişdə bu yolu karvan ilə iki aya gedirdilər, amma buna baxmayaraq əcdadlarımız gediş-gəliş edirdilər. Avtomobil kəşf olunandan sonra isə Bişkek ilə Bakı arasında olan 3421 km-lik məsafəni Qazaxstan, Özbəkistan, Türkmənistan və İran ərazisindən keçərək həyata keçirirdilər. Birbaşa aviareysin açılması nəticəsində 2046 km-lik məsafəsi bu məsafəni 3 saat 10 dəqiqə ərzində keçmək olar. Bu aviareys ölkələrimiz arasında sıx əməkdaşlıq əlaqələrinin inkişafına yüksək töhfə verəcəkdir. Eləcə də İpək Yolunun bərpası işində Qırğızstanın Qərbə, Azərbaycanın isə Şərqə yeni qapısı açılır. SSRİ-nin dağılmasından sonra bütün ittifaq respublikalarının hava xəttində olan çətinlik Azərbaycanda da var idi. Ümummilli Lider Heydər Əliyev bu problemi şəxsi nəzarətinə götürərək, mülki aviasiyaya böyük investisiyalar qoyuldu. Bu gün Azərbaycanın avia parkı ən müasir təyyarələr ilə təmin olunub, yeni və möhtəşəm Heydər Əliyev adına hava limanı tikilib. "Azərbaycan Hava Yolları"na məxsus təyyarələr Avropanın və Asiyanın müxtəlif ölkələrinə, yeni təyyarələr əldə olunandan sonra isə Amerikaya sərnişin daşımaları həyata keçirir. Bakı-Bişkek-Bakı aviareysi Azərbaycan Prezidentinin göstərişi ilə açılıb və bu da iki qardaş ölkələr arasında əlaqələrin genişlənməsinə səbəb olacaq".
Sonra təyyarənin ilk sərnişinlərindən olan Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fəttah Heydərov çıxış edərək bildirmişdir ki, iki qardaş dövlət, xalq arasında hava əlaqəsinin yaranması böyük bir hadisə olduğunu və bununla bağlı təbriklərini çatdırmışdır.
Sonda açılış iştirakçılarına ziyafət verilmişdir.