“Yaxın Şərq məsələsində BMT-nin humanitar və diplomatik funksiyaları xüsusilə əhəmiyyətlidir” Dünya

“Yaxın Şərq məsələsində BMT-nin humanitar və diplomatik funksiyaları xüsusilə əhəmiyyətlidir”

“BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli müzakirələri beynəlxalq sistemin qarşısında duran əsas problemlərdən birinin, yəni uzanan münaqişələr şəraitində çoxtərəfli diplomatiyanın effektivliyinin yenidən gündəmə gəlməsinə səbəb olur. Sessiyanın “Etimadın bərpası, dəyişikliklərin idarə edilməsi: hamının rifahı naminə çalışan BMT” mövzusu da bu baxımdan təsadüfi deyil. Yaxın Şərq və Ukrayna müharibələri BMT-nin münaqişələrin həllində imkanlarını və eyni zamanda institusional məhdudiyyətlərini paralel şəkildə nümayiş etdirir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Y.Bağırzadə qeyd edib ki, BMT Nizamnaməsinə əsasən, beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əsas məsuliyyət Təhlükəsizlik Şurasının üzərinə düşür: “Şura münaqişələri araşdırmaq, tərəflər arasında razılaşmanın yollarını tövsiyə etmək, sanksiyalar tətbiq etmək və müəyyən hallarda daha sərt tədbirlər görmək səlahiyyətinə malikdir. Lakin Təhlükəsizlik Şurasında daimi üzvlərin veto hüququ böyük güclər arasında fikir ayrılıqları yarandıqda kollektiv qərarların qəbulunu çətinləşdirə bilir. Bu, xüsusilə Ukrayna və Yaxın Şərq kimi böyük geosiyasi maraqların toqquşduğu məsələlərdə BMT-nin siyasi manevr imkanlarını məhdudlaşdıran amillərdən biridir. Bununla belə, BMT-nin rolunu təkcə Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların sayı ilə ölçmək də düzgün olmaz. Təşkilatın Baş Assambleyası dövlətlərin mövqelərinin ifadəsi, beynəlxalq legitimliyin formalaşdırılması və diplomatik təmasların saxlanılması üçün universal platforma olaraq qalır. Dövlətlərin hər birinin Baş Assambleyada bir səsi var və bu, böyük dövlətlərlə digər ölkələr arasında siyasi dialoq üçün unikal format yaradır”.

Politoloqun fikirlərinə görə, Yaxın Şərq məsələsində BMT-nin humanitar və diplomatik funksiyaları xüsusilə əhəmiyyətlidir: “2026-cı ilin iyununda Baş katib Antonio Quterreş Təhlükəsizlik Şurasında çıxışı zamanı regiondakı eskalasiyanın sərhədlərdən kənara yayılan təhlükələr yaratdığını, siyasi həll və dialoqun zəruriliyini vurğulayıb. Bu, BMT-nin sadəcə atəşkəs çağırışları edən qurum deyil, həm də vasitəçilik, humanitar yardım, beynəlxalq hüquq normalarının müdafiəsi və siyasi dialoq üçün platforma olduğunu göstərir. Ukrayna məsələsində də oxşar yanaşma aktualdır. BMT-nin əsas üstünlüyü tərəflər arasında birbaşa razılaşmanı məcbur etməkdən daha çox, diplomatik kanalları açıq saxlamaq, beynəlxalq hüququn prinsiplərini gündəmdə saxlamaq və mümkün siyasi həll üçün çoxtərəfli platforma yaratmaqdır”.

O əlavə edib ki, Ukrayna və Yaxın Şərq müharibələri BMT-nin zəifliyi ilə yanaşı, mövcud beynəlxalq sistemin ziddiyyətlərini də üzə çıxarır: “Təşkilatın münaqişəni təkbaşına dayandırmaq imkanları məhdud olsa da, onun universal legitimliyi, diplomatik infrastrukturu, humanitar imkanları və beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərməsi əhəmiyyətini qoruyur. 81-ci sessiyanın əsas sınağı da məhz bundan ibarətdir ki, BMT böyük dövlətlər arasındakı fikir ayrılıqlarını tam aradan qaldıra bilməsə belə, həmin fikir ayrılıqları şəraitində dialoq, vasitəçilik və siyasi həll imkanlarını nə dərəcədə qoruyub saxlaya biləcək”.

Röya İsrafilova