Deputat: Vətəndaş icbari tibbi sığortanı bilməlidir Gündəm

Deputat: Vətəndaş icbari tibbi sığortanı bilməlidir

İcbari tibbi sığorta ilə bağlı məlumatlandırma davamlı olmalıdır

“İcbari tibbi sığorta barədə məlumatlılığın artırılması istiqamətində metro stansiyalarda maarifləndirmə məqsədli vizual materialların yerləşdirilməsi təqdirəlayiqdir”.

Bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.

O qeyd edib ki, bu sahədə məlumatlılığın az olması bəzən dezinformasiyaların yayılmasına, əsassız şikayətlərin yaranmasına gətirib çıxarır: “Vətəndaş əmək haqqından, sahibkar gəlirindən vəsait ödəyir və bunun müqabilində o əldə edə biləcəyi tibbi xidmətlər barədə məlumatlandırılmalıdır. Mövcud və yeni istifadəyə verilən elektron xidmətlər barədə məlumatların verilməsi də olduqca vacibdir.

E-randevu sistemindən istifadə edilməməsi xəstəxanalarda böyük növbələrə yol açır. Bəzən elektron xidmətlər yaradılır, ancaq vətəndaş ondan xəbərsiz olur, və ya necə istifadə edəcəyini bilmir. Bu isə qaynar xəttin yüklənməsinə, vaxt itkisinə, əlavə tıxaclara səbəb olur.

Bu baxımdan ictimai məkanlarda, nəqliyyatda, sosial şəbəkələrdə davamlı məlumatlandırma dövlət xidmətlərindən, eləcə də, icbari tibbi sığortadan istifadə barədə savadlılığı artırmağa xidmət edir”.

Günel Elxan