“BMT hələ də münaqişələrin diplomatik həlli üçün ən universal platformadır” Gündəm

“BMT hələ də münaqişələrin diplomatik həlli üçün ən universal platformadır”

“Formal baxımdan BMT hələ də münaqişələrin diplomatik həlli üçün ən universal platformadır. 193 üzv dövlətin hər birinin Baş Assambleyada təmsil olunması təşkilata digər beynəlxalq formatlardan fərqli legitimlik verir”.

Bunu xalqcebhesi.az-a siyasi şərhçi Elnur Ənvəroğlu deyib.

Siyasi şərhçi qeyd edib ki, Ukrayna və Yaxın Şərq məsələlərində də Baş Assambleya üzv dövlətlərin mövqelərini ortaya qoymaq, qətnamələr qəbul etmək, humanitar məsələləri gündəmdə saxlamaq və diplomatik təmas üçün siyasi məkan yaratmaq imkanına malikdir: “Amma mahiyyət baxımdan BMT son dövrlərdə ciddi tənqid olunur. Bu da onun qətnamələri icra etmə qabiliyyətinin qənaətbəxş olmamasıdır. Ən bariz nümunə bizim keçmiş Qarabağ münaqişəsidir və onunla bağlı BMT qətnamələrinin təsirsizliyi. Məlumdur ki, qətnamənin qəbul edilməsi ilə müharibənin dayandırılması eyni şey deyil. BMT münaqişənin siyasi və hüquqi çərçivəsini müəyyənləşdirə, tərəflərə danışıqlar üçün platforma təqdim edə və beynəlxalq təzyiq formalaşdıra bilər. Amma son vaxtlar həm Yaxın Şərqdə, hətta vaxtilə Qarabağda BMT fəaliyyətindəki hər hansı bir kəsərliliyə şahid ola bilmədik”.

E.Ənvəroğlu düşünür ki, BMT qoca bir təşkilatdır və bu boşluqda güc dövlətləri yararlanaraq müharibələrin davam etdirilməsi və ya dayandırılması baxımdan arbitraj qərarlar verə bilir: “Nəticədə BMT sadəcə formal bir instituta çevrilir. BMT Assambleyasının 81-ci sessiyasına gəlincə isə düşünürəm əsas hədəfdə yenə Rusiya-Ukrayna və ABŞ-İran müharibələri, habelə ABŞ-Çin ticarət əlaqələri dayanacaq. Yekun nəticəni isə görüşdən sonra dəqiq bilmək olacaq”.

Röya İsrafilova