“Son illərin müharibələri göstərir ki…” Gündəm

“Son illərin müharibələri göstərir ki…”

“BMT Baş Assambleyasının builki yüksək səviyyəli həftəsi kifayət qədər gərgin beynəlxalq şəraitdə keçirilir. Dünyanın eyni vaxtda bir neçə ciddi təhlükəsizlik böhranı ilə üzləşməsi Nyu-Yorkdakı görüşlərin əhəmiyyətini artırır. Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərqdəki proseslər, ABŞ–İran münasibətlərində hərbi gərginlik və diplomatik təmas ehtimalı liderlərin müzakirə edəcəyi əsas məsələlər sırasında olacaq”.

Bu sözləri xalqcebhesi.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.

Z.Qarayeva qeyd edib ki, Baş Assambleyanın mühüm tərəfi ondan ibarətdir ki, mövqeləri bir-birindən kəskin fərqlənən dövlətlər eyni platformada təmsil olunur: “Bu baxımdan BMT həftəsi təkcə tribunadan səsləndirilən bəyanatlarla deyil, liderlər arasında keçiriləcək ikitərəfli və çoxtərəfli görüşlərlə də diqqət çəkəcək”.

Politoloqun fikirlərinə görə, digər tərəfdən, builki toplantı BMT-nin müasir böhranlar qarşısında nə dərəcədə təsirli olduğu məsələsini də yenidən gündəmə gətirir: “Son illərin müharibələri göstərir ki, böyük dövlətlərin maraqları toqquşduqda təşkilatın real təsir imkanları, xüsusilə Təhlükəsizlik Şurasında, ciddi şəkildə məhdudlaşa bilir. Buna baxmayaraq, BMT dünya dövlətlərinin birbaşa dialoq apara bildiyi ən geniş beynəlxalq platforma olaraq qalır. Ona görə də Nyu-Yorkda veriləcək mesajlarla yanaşı, pərdəarxası diplomatiyanın hansı nəticələr doğuracağı da xüsusi əhəmiyyət daşıyır. Qarşıdakı günlərdə əsas diqqət mövcud böhranların daha da dərinləşməsinə deyil, siyasi həll istiqamətində konkret diplomatik mexanizmlərin formalaşıb-formalaşmayacağına yönələcək”.

Röya İsrafilova