Norveç Baş naziri: “Rusiyanın mümkün təhdidlərinə hazır olmalıyıq” Dünya

Norveç Baş naziri: “Rusiyanın mümkün təhdidlərinə hazır olmalıyıq”

Norveçin Baş naziri Yonas Qar Störe Rusiyadan gələ biləcək təhdidlərə qarşı hazırlıqlı olmağın zəruri olduğunu bildirib.
Xalqcebhesi.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Störe CNN telekanalında Finlandiya Prezidenti Aleksandr Stubb ilə birlikdə panel müzakirəsində iştirak edib.
Rusiyanın Avropanı parçalamağa çalışdığını vurğulayan Störe deyib: "Düşünürəm ki, Rusiya həmişə Ukraynanı dəstəkləyən avropalılara təzyiq göstərməkdə, onları parçalamaqda və aralarında qeyri-müəyyənlik yaratmaqda maraqlı olub".
Norveç xalqına təşvişə düşməyə əsas olmadığını çatdıran Störe qeyd edib: "Bununla belə, biz Rusiyadan gələ biləcək təhdidlərə hazır olmalıyıq. Bu təhdidlər Rusiyaya yaxın ölkələr tərəfindən səsləndirilsə belə, biz onları qiymətləndirməməzlikdən gəlməməliyik".
Rusiyadan qaynaqlanan təzyiq və qeyri-müəyyənliyə qarşı kollektiv fəaliyyətin zəruriliyini vurğulayan Störe NATO-ya üzv ölkələrin bir-biri ilə həmrəylik içində hərəkət etdiyini qeyd edib.

Məryəm Quliyeva