"Zelenskinin fikir kontekstdən çıxarılıb" Dünya

"Zelenskinin fikir kontekstdən çıxarılıb"

"Hesab edirəm ki, sitat gətirilən bəyanatda ya tərcümə xətası var, ya da həmin fikir kontekstdən çıxarılıb. Zelenski həqiqətən də SBU və digər Ukrayna müdafiə qüvvələrinin Rusiyaya təzyiqi artırmaq və onu müharibəni dayandırmağa məcbur etmək məqsədi daşıyan 40 günlük əməliyyatından bəhs etmişdi. Lakin bundan heç də belə bir nəticə çıxmır ki, o, Ukraynanın "Rusiyanı darmadağın etmək" üçün daha 40 günə ehtiyacı olduğunu iddia edib".

Bunu xalqcebhesi.az-a İntermariun İnstitutunun rəhbəri, ukraynalı politoloq Valentin Hayday Ukrayna Prezidenti Vladimir Zelenskinin Ukraynanın Rusiyanı məğlub etmək üçün 40 günə ehtiyacı var fikrinə münasibətində deyib.

Xatırladaq ki, Zelenski bu sözləri Zakarpatyada keçirilən sammitdə çıxışı zamanı bildirib.

Hayday deyib ki, eyni zamanda, 40 günlük müddət müharibənin başa çatması üçün əvvəlcədən müəyyən edilmiş son tarix deyildi. Bu, qələbəyə doğru geri sayım deyil, konkret bir əməliyyat və onun hədəfləri ilə bağlı idi. Üstəlik, belə fəaliyyətlər yalnız bir 40 günlük dövrlə məhdudlaşmamalıdır. Rusiya ərazisinin dərinliklərindəki hərbi, enerji, neft emalı və logistika obyektlərinin sistematik şəkildə hədəf alınması — yəni Rusiyanın müharibə aparmaq imkanlarının ardıcıl şəkildə zəiflədilməsi — Ukraynanın gələcək strategiyasının əsas elementi ola bilər:

"Buna görə də, mən bu vəziyyəti tez bir zamanda qələbə vəd edən bir hal kimi qiymətləndirməzdim. Əksinə, söhbət təzyiqin tədricən artırılmasından gedir. Müharibə göstərir ki, yalnız diplomatik çağırışlar vasitəsilə Rusiya rəhbərliyinin hesablamalarını dəyişmək son dərəcə çətindir; buna görə də hərbi və iqtisadi təzyiq diplomatiya və Ukraynaya göstərilən dəstəklə birləşdirilməlidir".

Cavid