Qəbələdə məscid və kilsələr yan-yana – dünyaya örnək tolerantlıq modeli Hadisə

Qəbələdə məscid və kilsələr yan-yana – dünyaya örnək tolerantlıq modeli

Azərbaycan xalqının ümummilli lideri, uzaqgörən və dahi şəxsiyyət Heydər Əliyev deyib: “Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir”.
Ölkəmizdə tarixən mövcud olmuş multikultural dəyərlər sisteminin – Xristianlıq, İudaizm və İslam kimi üç səmavi dinin, bu dinlərə etiqad edən etnosların dini icmalarının və ibadət evləri olan kilsə, sinaqoq və məscidlərin mövcud olduğu, eləcə də müxtəlif azsaylı xalq və etnik qrupların birgə yaşadığı regionlardan biri də Qəbələ rayonudur.
Dünyada yaşayan udilərin sayı 10 minə yaxındır. Altı mindən artıq əhalisi olan Qəbələnin Nic qəsəbəsində isə 3 min 600 udi yaşayır. Udilərin məskunlaşdığı qədim Nic qəsəbəsi Qəbələ şəhərindən 20 kilometr cənub-qərbdə, Qəbələ-Oğuz avtomobil yolunun kənarında yerləşir. Şəhər tipli qəsəbə olan Nic dünyada udilərin kompakt şəkildə yaşadığı yeganə yaşayış məskənidir. Hazırda burada udilərlə bərabər azərbaycanlılar, ləzgilər və digər xalqların nümayəndələri mehriban qonşuluq, bir-birilərinin adət-ənənələrinə, mədəniyyətinə qarşılıqlı hörmət şəraitində yaşayırlar. Azərbaycanda yaşayan bütün azsaylı xalqlar kimi udilərin də mədəniyyətinin, adət-ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi üçün mühüm işlər görülür.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Nic kəndində müasir məktəb binası açılıb, müqəddəs “Cotari” alban-udi kilsəsi bərpa olunub, eləcə də kəndin infrastrukturu yaxşılaşdırılıb. Çoxmillətli Azərbaycan xalqının tolerantlığı və tarixən yaranmış çoxmədəniyyətli mühit respublikamızın bütün xalqlarının, o cümlədən udilərin mədəni və mənəvi inkişafı üçün şərait yaradıb. Alban-udi icmasının rəhbəri Robert Mobili deyir ki, ölkəmizdə azsaylı xalqlara göstərilən dövlət qayğısı, multikulturalizm dəyərlərinin qorunub saxlanılması, udilərin kompakt şəkildə yaşadığı Nic qəsəbəsinin sosial-iqtisadi problemlərinin həlli üçün görülən tədbirlər Prezident İlham Əliyev tərəfindən Azərbaycan vətəndaşlarına - udilərə verilən ən böyük qiymətdir. İcma rəhbəri qeyd edib ki, ölkəmizdə bütün dinlərin və etiqadların qanun qarşısında bərabərliyi Konstitusiyada təsbit olunub. Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə bir çox dini-tarixi abidələr bərpa və restavrasiya edilib, dini maarifçilik işinə xüsusi diqqət yetirilib. Bu iş hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Onun sözlərinə görə, sovetlər dövründə udilərə öz milli bayramlarını qeyd etmək qadağan olunsa da, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onlar etnik azlıq olaraq öz bayramlarını və adət-ənənələrini geniş qeyd edirlər. O, “Cotari” alban-udi kilsəsinin əsaslı şəkildə bərpasını tolerantlığa gözəl nümunə olduğunu vurğulayaraq bildirib ki, müsəlman və xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik bir modelidir.
Hazırda qəsəbə ərazisində olan və sonuncu dəfə XII əsrdə bərpa edilən ən qədim kilsələrdən biri əsaslı şəkildə bərpa olunur. Yaxın vaxtlarda bərpa işləri yekunlaşdıqdan sonra kilsə ibadət üçün vətəndaşların istifadəsinə veriləcək. Müasir Azərbaycanın təkcə mədəniyyətlərarası və konfessiyalararası deyil, həm də dinlərarası dialoqun mərkəzi olduğunu deyən R.Mobili əlavə edib ki, udilər Avropa ilə Asiyanın kəsişməsində yerləşən tarixi vətənlərində - Azərbaycanda öz dillərini, dinini, qədim adət-ənənələrini qoruyub saxlaya biliblər. Kiçik, amma dini baxımdan zəngin udi xristian icması Alban apostol kilsəsinin varisidir. Robert Mobili digər dini icmalar kimi, Alban-udi icmasının da dövlətin diqqət və qayğısını daim hiss etdiyini vurğulayıb. “Qəsəbədə Azərbaycan Udi Ocağının yaradılması multikulturalizmin daha da inkişafı yolunda mühüm addımdır. Azərbaycan Udi Ocağının gənc nəslin tariximizi öyrənməsində böyük rol oynayacağına əminəm”, - deyə o bildirib.
R.Mobilinin sözlərinə görə, bir vaxtlar udilərin kilsələri erməni kilsələrinin tabeliyinə verildiyinə görə, onlar indiki Azərbaycan Udi Ocağında olan evdə ibadət ediblər. Azərbaycan Udi Ocağı tarixi-etnoqrafik park-muzeyi Böyük Qafqazın cənub yamacının mənzərəli düzənliyində, Nic kəndinin Qocabəyli məhəlləsində yerləşir. Üç hektardan artıq ərazidə yerləşən açıq səma altındakı bu park-muzey udi xalqının mədəniyyətini, ənənələrini, məişətini və yaşayış tərzini əks etdirən etnoqrafik kənddir. Park-muzey ekspozisiya şəklində bir neçə etnoqrafik sahələrə bölünür. Evin içində və həyətində Qafqaz albanlarının varisləri olan udilərin həyatına aid müxtəlif ev əşyaları, ev bəzəkləri, ənənəvi tikmələr, fotoşəkillər, sənədlər, kitablar, qədim paltar və geyimlər, müxtəlif dizaynlı arabalar, təkərlər, kotanlar və digər eksponatlar mövcuddur.
Muzeyin önəmli eksponatlarından biri, qədim ənənələrə malik olan udi xalqına məxsus evin giriş darvazasıdır. Həyətyanı sahədə orijinal üslubda tikilmiş iki qonaq evi var. Evlərin quruluşu və interyeri udi xalqının qonaqpərvərliyini əks etdirən müxtəlif əşyalarla zəngindir. Evin eyvanından Böyük Qafqazın cənub yamacına, müasir kənd evlərinə və məhəllələrinə gözəl mənzərə açılır. Bu tikili XVII əsrin sonunda Nic kəndinin Qocabəyli məhəlləsi ərazisində çiy kərpicdən olan daş təməl üzərində taxtadan qurulmuş udi evidir. Muzeyin kolleksiyası hazırda iki mindən çox eksponatı əhatə edir. Son illərdə kənd ərazisində dini və dünyəvi xarakterli çoxsaylı tədbirlər, konfranslar və forumlar keçirilib. Muzey 2017-ci ilin əvvəlində azərbaycanlı arxitektor, rəssam UNESCO-nun memarlar ittifaqının həqiqi üzvü Şahvələd Məmmədov tərəfindən təsis edilib.
Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndəsi İbrahim Məmmədovun sözlərinə görə, Qəsəbədə udilər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun tənzimlənir və hər bir kəsin dini etiqad azadlığı təmin edilir. Nic qəsəbəsində beş məktəb var. Onlardan üçündə udilər rus və udi dilində, ikisində isə Azərbaycan dilində dərslər keçirlər. Bundan əlavə, qəsəbədə iki məscid və üç kilsə var. Müsəlmanlar öz dini mərasimlərini məscidlərdə, udilər və digər xalqlar isə kilsələrdə qeyd edirlər.