FHN Masallıda seminar-müşavirə keçirib Hadisə

FHN Masallıda seminar-müşavirə keçirib

Tural

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən 13 noyabr 2014-cü il tarixində Masallı Rayon İcra Hakimiyyətində "Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində FHN-in Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi" mövzusunda seminar-müşavirə keçirilib. FHN-nin məlumatına görə, seminarıın işində Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən yerli qurumlarının, Masallı Rayon İcra Hakimiyyətinin, rayon ərazisində fəaliyyət göstərən müvafiq müəssisələrin nümayəndələri iştirak ediblər. Müşavirənin keçirilməsində əsas məqsəd baş verə biləcək fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları, eləcə də rayonda fəaliyyət göstərən xidmət sahələri, müvafiq müəssisələrlə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, bu sahədə görülən işlər, problemlər və onların həlli yollarının müzakirəsi olmuşdur.
"Regionda baş verə biləcək fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması zamanı Cənub Regional Mərkəzi ilə regionun yerli qurumları arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi", "FHN-in Cənub Regional Mərkəzinin əhatə etdiyi ərazidə yeraltı suların çirklənmə mənbələri və onlara qarşı mübarizə yolları", "Fövqəladə vəziyyət şəraitində tətbiq olunan tədbirlər və müvəqqəti məhdudiyyətlər", "Yanğının başvermə amilləri, ona qarşı mübarizə tədbirləri. Müəssisələrin təxliyyə planlarının hazırlanması", "Fövqəladə hallar, fövqəladə halların yaranma səbəbləri və onlardan mühafizə üsulları", "Məişət elektrik cihazlarından istifadə edərkən təhlükəsizliyi necə təmin etməli?" və "Hansı hadisələr baş verdikdə "112" qaynar telefon xəttinə zəng etmək olar?" mövzularında çıxış edən natiqlər tərəfindən FHN-in Cənub Regional Mərkəzi ilə regionda fəaliyyət göstərən müəssisələr arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının bəndlər üzrə geniş təhlili aparılmış, yerli qurumlarla qarşılıqlı fəaliyyət zamanı qarşıya çıxan problemlər haqqında tədbir iştirakçılarına ətraflı məlumatlar verilmişdir.
Sonra qeyd olunan məsələlərin həlli istiqamətində görüləcək işlərin səmərəliliyinin artırılması üçün tövsiyələr verilmişdir. Tədbirin sonunda "Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin fəaliyyət istiqamətləri", "Meşə və meşə zolaqlarında yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edin!", "Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri"nə dair videoçarxlar və fotoslaydlar nümayiş olunmuş, "Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir!", "Hansı hallarda "112" qaynar xətlə əlaqə saxlamaq lazımdır?", "İlkin tibbi yardım göstərmək qaydalarını hamı bilməlidir!", "Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!", "Müəssisələrdə yanğın təhlükəsizliyi" mövzularında hazırlanmış xəbərdarlıq vərəqələri və yaddaş kitabçaları tədbir iştirakçılarına paylanıb.