Azərbaycan tarixində ilk maarifçi qadınlardan biri Hadisə

Azərbaycan tarixində ilk maarifçi qadınlardan biri

Hənifə xanım Həsən bəy Zərdabiyə təkcə həyat yoldaşı yox, həm də mübarizə yoldaşı olub

Bakıda çeşidli fəaliyyətlər göstərən Həsən bəy Zərdabi 1872-cü ildə hələ evlənməmişdi. Həmin il Tiflisdə müqəddəs Nina məktəbini bitirən qızların siyahısı "Qafqaz" qəzetində dərc olunur. Məktəbi bitirən qızlar içərisində Ter vilayətinin Nalçik şəhərindən olan Hənifə xanım Abayevanın da adı keçir. Gənc siyahıda ziyalı müsəlman qadının adını görən kimi Tiflisə getmək və onunla tanış olmaq qərarına gəlir. Hənifə xanımla ilk tanışlığı Həsən bəydə gözəl təəssüratlar oyadır. Hənifə xanım təhsilini bitirib vətəninə dönəcəyini düşünsə də, Həsən bəyin qurduğu plan Hənifə xanımı məktəbi tərk eləməyinə mane olur. Həsən bəy Tiflisə yalnız getmişdi. Ona görə də qıza özü elçi düşməli oldu. Məktəbə molla gətirdir və kəbin kəsdirir. Beləliklə, Hənifə xanım Məlikova-Zərdabi sevimli Balkariyası və onun möcüzəli dağlarının yerinə Xəzər sahillərinə gəlir. Burada onu tale yoldaşı ilə birgə iş, şan-şöhrət və bütün bunlarla bərabər keşməkeşlər gözləyirdi.
Hənifə Məlikova 1856-cı il mayın 5-də Şimali Qafqazda, Nalçikdə dünyaya göz açıb. Azərbaycan xalqının ilk maarifçi qadınlarından olan Hənifə xanım təhsilini Tiflisdə "Müqəddəs Nina" qız məktəbində alıb. O zaman müsəlman qızların xristian ölkəsində təhsil alması çox nadir hadisə idi. Onun həyatı əziyyət, sınaqlar, hətta bəzən təqiblərlə dolu olsa da, heç vaxt mübarizədən yorulmayıb. Hənifə xanım deyirdi: "Həyatımın məqsədi - avam kütlənin, xüsusən də qadınların hüquqları və istismara qarşı mübarizədə türk qadınlarının mədəni səviyyəsini qaldırmaq olmuş və olacaqdır. Xoşbəxtəm ki, türk qadınının əsarətdən qurtarması üçün bütün üfüqlərin açıldığı dövrə kimi yaşamışam".
Bakı Hənifə xanımı qəribə qarşılayır. Həsən bəyin görünməmiş izdivacı müsəlmanlar arasında söz-söhbət doğurmuşdu. Hənifə xanımın çadrasız gəzməyə çıxması bakılıların qəzəbinə səbəb olurdu. Onlar bunu özləri üçün təhqir sayırdılar. Hətta gəzməyə çıxarkən onları söyməkdən və daşa basmaqdan çəkinməmişdilər. Yeri gəlmişkən, Hənifə xanım çadrasız gəzən ilk müsəlman qadınlardan olub. Onun adı Azərbaycan tarixinə həm də ilk maarifçi qadınlardan biri kimi düşüb. Hənifə xanım Həsən bəy Zərdabiyə təkcə həyat yoldaşı yox, həm də mübarizə yoldaşı oldu.
Həsən bəy Zərdabda yaşadıqları dövrdə, 1880-ci ildən başlayaraq Hənifə xanımla birlikdə öz evlərində pulsuz məktəb açdı. Onlar təqib və təzyiqlərə baxmayaraq, heç bir təmənna ummadan uşaqlara savad öyrədirdilər. Bu zaman Bakıda çadrasız gənc müsəlman qadının görünməsi xəbəri ildırım sürətilə şəhərə yayılır. Hənifə xanımın Bakıya özü ilə gətirdiyi maarifçilik işığının gücü ilə ziyalı xanımların sayı getdikcə artır. Zadəgan ailəsində böyüyən, ömründə heç bir çətinliklə qarşılaşmayan Hənifə xanım Həsən bəy Zərdabiyə qarşı hücumlara və ağır şərtlər altında çalışmalarına baxmayaraq öz yolundan çəkinmir.
Həsən bəyin kiçik qızı Qəribsoltan xanım Məlikova xatirələrində yazırdı: "Evimizdə 10 uşaq qalırdı. Anam onları məktəbə hazırlayırdı. Bu uşaqların biri Qubadan gəlmişdi. O, oxumaq istədiyini qətiyyətlə atama bildirmişdi. Atam onu zarafatla Azərbaycanın Lomonosovu adlandırırdı. Seyidov familiyalı bu uşaq sonra ali hüquqşünas təhsili aldı. Atam bu uşaqlara çox qayğı və diqqət göstərirdi. Uşaqlar onun ümid və iftixarı idi...".
Təbii ki, gənc azərbaycanlı ziyalıların yetişməsindən imperiya hakimiyyəti, çar rejimi çox narahat idi. Təsadüfi deyildi ki, dövlət orqanları Həsən bəyin xeyriyyə cəmiyyəti yaratmaq icazəsini illərcə gecikdirmişdi. Hənifə xanım yazırdı: "Cəmiyyətin təşkilinə icazəni almaq çox çətin idi. Dövlət müsəlmanların hər hansı bir təşəbbüsünə mane olurdu... Hökumət adamlarının Həsən bəydən xoşu gəlmirdi, ondan çəkinirdilər, ehtiyat edirdilər".
Hənifə xanım öz mənzilində uşaqlara dərs deməklə bərabər, oba-oba, ev-ev gəzib qadınlara biçib-tikmək, yazıb-oxumaq öyrədir, rus dilindən nağıllar tərcümə edib danışır, mənzil-mənzil dolaşıb uşaqları peyvənd edir, ayrı-ayrı obalarda qadın məsləhətxanaları təşkil edirdi. O, Zərdab camaatından 132 nəfəri ömürlük kor olmaqdan xilas etmişdi. Hənifə xanım 1875-1877-ci illərdə Həsən bəylə birlikdə "Əkinçi" qəzetinin nəşrində yaxından iştirak edərək çox əziyyətlərə qatlaşır.
Həsən bəyin ən böyük arzularından biri də Bakıda müsəlman qız məktəbinin açılması idi. Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin sərmayəsi ilə qız məktəbinin binasının tikilib başa çatması Həsən bəyin illərlə ürəyində gəzdirdiyi arzusunu reallaşdırır. Ancaq bu məktəbdə müdirə kimi işləməyə savadlı müsəlman qadın tapılmırdı. Içərişəhərdə Axund Abuturab ağa iki qızını bu məktəbə yazdırdığına görə onu namaz üstə öldürmüşdülər. Belə bir mühitdə Hənifə xanım heç nədən qorxmadan qız məktəbində müdirə işləməyə razı olur. O, burada oxuyan qızların mənəvi anasına çevrilir. Müsəlman qızlar məktəbi sözün əsl mənasında istedadlı qadınların ocağına çevrilir.
1908-ci ildə Hənifə xanımın təşəbbüsü ilə Bakıda "Nicat" cəmiyyətinin bir şöbəsi olaraq "Bakı xanımlarının ilk təşkilatı" yaradılır. Bakı milyonçularından Murtuza Muxtarovun həyat yoldaşı Liza Tuqanovanın sədrlik etdiyi təşkilat tezliklə böyüyüb Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinə çevrilir. Hənifə xanım bir neçə il ilk müsəlman qız məktəbinin və rus-türk (Azərbaycan) qız məktəbinin müdiri vəzifəsində çalışır. Azərbaycanın sovetləşməsindən sonra, 1920-1926-cı illərdə Hənifə xanım Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifədə işləyir.
"Həsən bəy yaratdığı müsəlman tələbələrə yardım cəmiyyəti üçün kifayət qədər məbləğ toplamağa müvəffəq ola bilmirdi. Az məbləğlə isə çox tələbəni oxutmaq mümkün deyildi. Onların normal qidalanmasını, tərbiyəsini təşkil etmək çətin idi. Halbuki əgər evində bir neçə tələbə saxlamaq üçün şəraiti olsaydı, daha çox tələbənin təhsil alması mümkün olardı. Həsən bəy bütün gücünü cəmiyyətə daha çox üzv cəlb etməyə yönəldir. Çünki cəmiyyət o üzvlərin hesabına yaşamalı idi. Qəribsultan xanım yazır ki, atam bir qəbul otağından o birinə, bir təmtəraqlı salondan o biri zəngin salona, bir fərasətli işbazın yanından o biri harınlamış mesenatın qəbuluna gedirmiş. Bu iş Həsən bəyə ağır gəlsə də, onun qəlbini əzsə də, geri çəkilmirmiş. Uğursuz günlərin birində hər yerdən əli üzülən Həsən bəy əldən düşmüş halda Bakı küçələrində çarəsiz gəzirmiş. Rədd cavabları gah soyuq nəzakətlə, gah həyasızcasına, gah da istehzalı gülüşlə olurmuş. Bəziləri xahişə gələn ziyalını inandırmağa çalışırmış ki, onun xahişi tamam mənasızdır... Bəli, zavallı Həsən bəy "bu qızıl yuvalarından" çıxıb küləkli Bakı küçələrində "xeyirxahların" ona münasibətini düşünə-düşünə dolaşırmış.
Birdən... Həsən bəy kiminsə onun qoluna toxunduğunu hiss edir. Başını qaldıranda, qarşısında bir hambalın durduğunu görür. Hambalın 40-a yaxın yaşı olarmış. Günəşdən yanan üzü bürünc rəngdəymiş. Kürəyində palan, ayağında çarıq varmış. Hambal Həsən bəyə sevgi ilə baxırmış. Üzündə də utancaq, çəkingən bir təbəssüm varmış:
- Eşitmişəm, bizim uşaqları oxutmaq üçün pul yığırsan. Mən bir az qazanmışam. Budur, götür. Bilirəm, azdı, amma ürəkdəndi.
Həsən bəy təəccübdən donub qalır. Bir xeyli danışa bilmir. Nəhayət, hambalın əlini sıxıb deyir:
- Çox sağ ol, dostum! Sən mənə o qədər pul verdin ki, onu mən həyatımda heç kimsədən almamışam. Çünki sən nəyin varsa, hamısını verdin!"
"Həsən bəy qonaq qəbul etməyi çox sevərmiş. 1897-ci ildə şəhərdə 6 otaqdan ibarət mənzil tutub ailəsi ilə yaşayırmış. Bu otaqlar hər vaxt kənar adamlarla dolu olarmış. Qonaqlar və ya öz işi ilə bağlı Həsən bəyin yanına gələn kəndlilər orada yeyib yatarlarmış. Bundan əlavə, həmin mənzildə 10 kasıb oğlan uşağı yaşayırmış. Həsən bəyin xanımı Hənifə xanım onları məktəbə hazırlayırmış. Belə bir zamanda "Kaspi" qəzetində çalışan Həsən bəy kuryeri evə göndərib Hənifə xanıma bildirir ki, onun yanına - redaksiyaya Rusiyadan əziz qonaqlar gəlib, onları yüksək ehtiramla qarşılamaq lazımdır.
Hənifə xanım bu xəbəri evdəkilərə də yetirir. Hazırlıqlar başlayır. Hamı əyninə təzə paltar geyinir. Axşam qonaqlar Həsən bəylə birlikdə evə təşrif buyurur. Hənifə xanım onları eyvanda qarşılayır. Ev sahibəsinin rus dilində mükəmməl bilməsi gələnləri heyran edir. Qonaqlar otururlar, yeyib-içirlər, gecədən xeyli keçənə qədər söhbətləşirlər. Gələnlərdən biri hətta yaxşı oxuyurmuş. Zərdabi qonaqlarla həmişəkindən çox içir. Amma qonaqlar ölkədə Çar Rusiyası və müstəmləkə altına saldığı xalqlar fəhlələrin ağır, acınacaqlı vəziyyətindən danışanda ciddiləşirlər. Gecə Hənifə xanım qonaqlara yataq hazırlayır, ancaq onlar təşəkkür edib mehmanxanadakı nömrələrinə qayıdırlar. Uzun sürən qonaqlıqdan sonra Zərdabilər ailəsi yatır. Ancaq səhər yuxudan oyanan Həsən bəy evdəkilərə deyir ki, gələn qonaqların biri yazıçı Maksim Qorki, o birisi isə müğənni Fyodor Şalyapin idi... "
"Bakıda su qıtlığı varmış. Şəhərə suyu iri çənlərdə gətirirlərmiş. Su kəməri çəkmək məsələsi gündəmdə imiş. Həsən bəy bu məqsədlə Dumanın iclaslarında təmiz dağ suyundan istifadə etmək lazım olduğunu deyirmiş. Şəhər Dumasındakı bir başqa deputat - Ambarsum Məlikov isə şəhərə suyun onun Zuğulbada olan malikanəsindəki çeşmədən çəkilməsini istəyirmiş. Bu, ona böyük gəlir gətirə bilərmiş. Qızı Qəribsoltan xanım bir dəfə atasının dostları ilə bir söhbətinin şahidi olub. Həsən bəy həyəcanla deyirmiş: "Bu dələduz şəhərə özü ilə bərabər qızdırma gətirən su çəkdirmək istəyir. Buna yol vermək olmaz!.."
Dumada Zərdabinin müqavimətindən qorxan Ambarsum Məlikov onun üstünə o vaxt üçün böyük məbləğ sayılan bir neçə min rubl rüşvət göndərir. Qəribsoltan xanım yazır ki, mən evimizdə hələ buna oxşar fırtına görməmişdim: "Həmişə özünü təmkinli və nəzakətli aparan atam bu dəfə təsvirəgəlməz hiddətlə püskürən vulkana dönmüşdü". Həsən bəy dəli kimi (qızı belə yazır) bağırırmış: "O məni satın almaq istəyir!". Hənifə xanım var gücü ilə Həsən bəyi sakitləşdirməyə çalışır, amma nail olmur. Əsl mərəkə isə Dumanın iclasında baş verir. Həsən bəy Ambarsum Məlikovu "yaramaz" adlandırır. Ambarsum bərk hirslənib onu duelə çağırır...
Həsən bəy:
- Nə?! Sizinlə duel?! Siz, sadəcə axmaqsınız!
Özündən çıxan Həsən bəy bu sözləri deyərək Dumanın iclas zalını tərk edir. Evə gələndə Hənifə xanım onu yatağa uzadır.
- Mən bacarmadım!.. Başa düşürsən?! Adamı dəhşətə gətirən odur ki, bütöv bir xalqın sağlamlığı məsələsi həll olunarkən, o dələduz utanmadan alicənablıq məzhəkəsi oynadı və ləyaqətsizliklə üstün gəldi.
Həsən bəy bu sözləri aramsız təkrar edirmiş..."
Qəribsoltan xanım yazır ki, belə ağır mübarizələrdə qalib gəlmək get-gedə çətinləşirdi və atamın səhhəti günbəgün pisləşirdi...

Ülviyyə Tahirqızı