Freydin maraqlı və mübahisəli nəzəriyyəsi Hadisə

Freydin maraqlı və mübahisəli nəzəriyyəsi

O, xəstə insanların psixikasının tədqiqi əsasında müəyyən qənaətlərə gələ bilmişdi

Çoxsaylı tədqiqatlar sübut edir ki, oğlan və qızlar öz cinslərinə aid xüsusiyyətləri daha çox ailə tərbiyəsi nəticəsində mənimsəyirlər. Başqa sözlə, burada bioloji faktorlardan daha çox sosial faktorlar öz təsirini göstərir. Uzun müddət qadın və kişilərə xas olan xüsusiyyətlərə birtərəfli yanaşılıb. Son dövrlərdə belə bir mövqe də var ki, qadınlarda kişilərə, kişilərdə qadınlara aid edilən keyfiyyətlər mövcuddur. Feminizasiya və maskulinizasiyanı öyrənmək məqsədi ilə aparılan çoxsaylı testlər vasitəsi ilə müəyyənləşdirilib ki, kişi və ya qadın olmasından asılı olmayaraq insanları aşağıdakı dörd qrupdan birinə aid etmək olar:
1. Maskulin tip. Bu tipə aid edilənlər ənənəvi kişi keyfiyyətlərinin daşıyıcılarıdır. Məsələn, qətiyyətlidir, qürurludur, iradələdir və s.
2. Femen tip. Bura ənənəvi qadın xüsusiyyətləri aiddir. Məsələn, zəriflik, affektivlik, qayğıkeşlik və s.
3. Androqin tip. Bu insanlarda həm qadına, həm də kişilərə xas olan xüsusiyyətlər eyni dərəcədə vardır;
4. Psixoloji baxımdan cinsi identifikasiyasının müəyyənləşdirilməsi çətin olanlar.
Tədqiqatlar göstərir ki, androqinlərdə kişi və ya qadın olmasından asılı olmayaraq şəraitin tələb etdiyi xüsusiyyətlər özünü göstərir. Androqiniya latın sözü olub, "andros" kişi, "qines" qadın deməkdir. Androqoniya anlayışını ilk dəfə Amerika psixoloqu S.Bem işlədib. Androqinlər o şəxslərdir ki, özlərində həm qadına, həm də kişiyə aid olan xüsusiyyətləri birləşdirir.
Psixikanın, xüsusilə psixi pozuntuların öyrənilməsi sahəsində psixoanalizin özünəməxsus rolu və yeri olub. Psixoanalizin yaradıcısı məşhur Avstriya psixoloqu və psixiatrı Ziqmund Freyddir. Lakin Freyddən də əvvəl bu problemlə Yozef Breyer məşğul olub. Breyer iki il müddətində Berta Pankenqeym adlı psixikası pozulmuş xəstə üzərində apardığı müşahidələrin əsasında 1882-ci ildə "İsterik fenomenin psixoloji mexanizmləri haqqında" əsərini yazır. Tədqiqatçıların əksəriyyəti psixoanalizin yaranma tarixini də bu vaxtdan götürürlər.
Freyd isə psixoanalizlə ilk dəfə 1882-ci ildə məşğul olmağa başlayır. Psixoanalizlə bağlı "İsteriya haqqında etüdlər" adlı ilk kitabı Freyd Breyerlə birlikdə yazır. Lakin bundan sonra müəlliflərin nəzəri baxışları ayrılır. Breyer özü Freydin psixi pozuntuların baş verməsində seksual motivlərin təsiri ideyasını bəyənir, lakin fikir ayrılığı Freydin bu motivlərin müstəsna təsir etməsini sübuta çalışması ilə bağlı idi. Maraqlıdır ki, sonralar Freydin tələbələri və davamçıları da bu ideyanı qəbul etmirlər.
Freyd və Y.Breyer arasındakı fikir ayrılığı həm də nevrozun etiologiyası ilə bağlı idi. Sonralar Freyd özünün "Avtobioqrafiya" əsərində yazırdı: "Psixoanalizin yaranması mənə Breyerlə dostluğumun itirilməsi hesabına başa gəldi".
Freyd bildirirdi ki, cinsi meyllərin qarşısının alınması nevroza, psixi pozuntuya səbəb olur. Bundan başqa göstərirdi ki, instinktlərin insan ağlı vasitəsilə qarşısının alınması da psixi pozuntularla müşayət edilir. Freydə görə, qarşısı alınan instinktlər yox olmur, onlar insanı narahat edir, əsəb xəstəlikləri yaradır.
Freydin ilk xəstəsi özü olub. O, ömrünün sonunadək öz üzərində tədqiqat aparıb. Xəstəliyinin səbəbini araşdıran Freyd belə qənaətə gəlir ki, xəstəliyin səbəbi sekslə bağlıdır. "Opponentlərinin iradlarına baxmayaraq Freyd sübut edir ki, libidonun (cinsi meyl) əsası uşaqlıqdan qoyulur. O göstərir ki, erotik hisslər hətta çağalıq dövründən təzahür edir. Uşaq qeyri-şüurlu şəkildə anasından həzz almağa cəhd edir və beləliklə onda atasına qarşı ilk qısqanclıq başlayır. Freyd bunu "Edin kompleksi" adlandırır.
Bununla əlaqədar 1887-ci ildə Vyana psixoloqlar konqresində insan psixikasında sıxışdırılıb-gizlənmiş seksual meyillərin isterik hallarla özünü büruzə verməsi barədə məruzə ilə çıxış edir və demək olar ki, mütəxəssis dolu auditoriyanın qarşısında biabır olur. Ona gülür, lağa qoyurlar: "Ey, şəhvət düşkünü, bizə nağıl danışma, kürsüdən aşağı düş..."
Freyd isə sabahkı qələbələrini görürdü. Odur ki, heç nəyə baxmadan, bir addım belə geriyə çəkilmədən Breyer ilə birgə tapdıqları metodu təkmilləşdirir, bu yöndə apardığı axtarışlarını dönmədən davam etdirirdi. Metod isə bundan ibarətdir: xəstəliyin kökünə gedib çıxmaq üçün xəstəyə tam sərbəstlik vermək, ondan gərginliyi almaq, onu sustaltmaq və istədiyini, o anda yadına düşəni dilinə gətirmək və bununla da kök bildiyi hadisəyə gedib çıxmaq. Psixoanalitik seansda iştirak edən adam yarıyuxulu vəziyyətdə hər şeyi, hətta ən doğma adamına demədiyi, hətta özünə belə bu barədə düşünməyi qadağan etdiyi hadisələri, məqamları, xəyalından nə vaxtsa keçənləri, adi vaxtda unutduqlarını bir-bir açıb danışırdı. Danışıqda məntiqi əlaqənin olmasına qətiyyən ehtiyac yoxdur. Əksinə, məntiq istənilən nöqtəyə gedib çatmağa mane olur.
1899-cu ildə Freydin "Yuxugörmənin şərhi" adlı əsəri çap olunur. Əsərdə Freyd belə bir ideya irəli sürür ki, həyatda reallaşa bilməyən arzu, istək yuxuda reallaşır. Məhz yuxu vasitəsi ilə insan öz daxili gərginliyindən azad olur. Bu isə psixi sağlamlığa müsbət təsir edir. Freydin psixoanalitik ideyalarının formalaşmasında Şarko, Bayer və digərlərinin elmi və praktik fəaliyyəti mühüm rol oynayır. Həkim Bayerin praktik işi Freydin fikirlərinin təsdiqinə imkan yaradır. "Bayer gənc bir qızın əsəb xəstəliyini müalicə edirdi. Həkim fikir vermişdi ki, qız öz xəstəliyi barədə danışanda vəziyyəti yaxşılaşır. Bundan başqa, Bayer görürdü ki, qız özü ilə bağlı bildiklərini cidd-cəhdlə gizlədir. Həkim qızı hipnoz vəziyyətinə salır və qız etiraf edir ki, atasının yatağında yatarkən qorxulu hisslər keçirib, lakin qız bu hissləri "boğub". Hipnoz halında hər dəfə qızın etiraflarından sonra onun vəziyyəti yaxşılaşırdı və nəhayətdə qız tamamilə sağalır".
Bayerin işinə istinad edən Freyd müəyyənləşdirir ki, sıxışdırılan, qarşısı alınan psixi enerji müxtəlif əsəb xəstəliyi şəklində təzahür edir. Freydə görə, insanın ruhi aləmində (psixikada) şüurluluq və şüursuzluq arasında daim mübarizə gedir. İnsan davranışına məsul olan şüurla, heç bir məsuliyyət daşımayan instinktlər arasında daim mübarizə baş verir. Deməli, insanın ruhi sarsıntılarının səbəbini şüursuzluq sahəsində axtarmaq lazımdır. Freyd "psixikanın təmizlənməsi" yolu ilə xəstələrin sağaldıla bilməsi ideyasını irəli sürür və özü bunu praktikada sübut edir. Beləliklə də insan psixikasının dərk olunmasının yeni metodları yaranır. Bu metodlardan biri də proeksiya metodudur. Proeksiya zamanı insan keçirdiyi hisslərə başqa məna verir. Situasiyanı özünün xəyali düşüncələri baxımından şərh və qəbul edir. Xəyali olanı isə reallıq kimi təsəvvür edir.
Psixi pozuntular, eləcə də psixika ilə bağlı digər problemlərin dərk olunmasında, eləcə də onun aradan qaldırılması metodikasının işlənməsində, praktik fəaliyyət prosesində bu gün də psixoanalizə geniş şəkildə istinad olunur. Freyd belə hesab edirdi ki, bu kimi xəstəlikərin səbəbi insan psixikasının dərin qatlarında yatır. Keçmişdə, xüsusən də uşaqlıqda ödənilməmiş qayğıları, istəkləri, narahatlıqları o, sonradan ortaya çıxan əsəb xəstəliklərinin səbəbi adlandırırdı. O, xəstələrini qəbul edərkən xüsusi metodu üzrə hərəkət edirdi. Bu metoda Freyd psixoanaliz metodu deyirdi. Bu zaman psixoloq xəstələrini rahat şəkildə danışmağa vadar edir, fikirlərini, ağlına gələn hər şeyi ona söyləməsini istəyirdi. Önəmli ya önəmsiz hər şeyin.
Freyd göstərirdi ki, insana təbiətən bir sıra şiddətli meyillər xasdır. Libido adlanan cinsi meyl psixikanı müəyyən edən əsas amildir və bu uşaq anadan olduqdan az sonra formalaşır. Bu isə yəni seksual meylin ifadəsi cəmiyyət tərəfindən ədəb-ərkan qaydaları ilə məhdudlaşdırıldığından qadağan olunmuş arzular qeyri-şüuri sahəyə ötürülür və bunlar da sonda nevroz və bəzi psixi pozuntuların yaranmasına səbəb olur. Bu zaman belə halların baş verməməsi üçün isə o, insanı idman, iş, yaradıcılıqla məşğul olmağa səsləyirdi.
Freydin Avstriyada apardığı psixoanalitik seansların səsi-sorağı bütün dünyaya yayılır. Onun yanına bütün dünyadan, əsasən də özünə yeni məşğuliyyətlər axtaran varlı adamlar Vyanaya axın-axın gəlməkdə idi. Gündə 12-14 saat işləmək lazım gəlirdi. Freyd seansları həddən artıq baha qiymətə aparırdı. Onun dediyinə görə, xəstənin öz müalicəsinə çoxlu pul ödəməsi psixoanalitik effekt verir və müalicəni tezləşdirir. Bunu sübut etmək üçün nümunə olaraq bir nəfəri seçib onu havayı müalicə edir və nəticə əldə olunmayanda hamıya elan verib bildirirdi: "Gördünüzmü, mənim seansa baha qiymət qoymağım səbəbsiz deyil". 1896-cı ildən sonra şöhrət pulqarışıq Freydin həyatına daxil olurdu. Onu Amerikaya dəvət edirdilər. O vaxt üçün fantastik məbləğ olmasına baxmayaraq, Freyd 10 min dollara razılıq verməmişdi.
Freyd maraqlı bölgü apararaq insan psixikasını üç təbəqəyə bölürdü: O (İD), Mən (Ego), Fövqəl-Mən (Super-Ego).
Ziqmund Freydin bəşər tarixində ən böyük kəşfi təhtəlşüurdur. Təhtəlşüur bizim şüurumuzdan aşağıda yerləşən sonsuz, dibi, ucu-bucağı görünməyən bir aləmdir. Bizim bütün hərəkətlərimizin, xarakterimizin, davranışımızın, hətta taleyimizin kökü bu aləmdə gizlənib və onunla şərtlənir. Təhtəlşüurun aparıcı qüvvəsi isə libido, insanın seksual meyilləridir. Bu, biz düşündüyümüzdən daha nəhəng qüvvədir. Seksual meyil insan davranışının magistral xəttidir. Bundan istəsən belə kənara çıxa bilməzsən.
Psixoloqlar bildirir ki, Freydin təlimi qüsürlardan da azad deyil. Yəni o, insan həyatında seksual meyilin rolunu həddən artıq şişirdir. Freyd nəzəriyyəsi normal insan psixikasının tədqiqi əsasında irəli sürülmüş nəzəriyyə deyildi. O, xəstə insanların psixikasının tədqiqi əsasında müəyyən qənaətlərə gələ bilmişdi...

Ülviyyə Tahirqızı