Tələbələr üçün təhsil kreditləri problemi Hadisə

Tələbələr üçün təhsil kreditləri problemi

Samir Əliyev: "Azərbaycanda kommersiya bankları təhsilə kredit ayırmağa maraq göstəmirlər"

Qazaxıstanda təhsil kreditləri ilə bağlı xüsusi dövlət proqramı qəbul olunub

Azərbaycan təhsil haqları MDB ölkələri arasında Rusiyadan sonra ən yüksək olan ölkədir. Ən ucuz ixtisas üzrə təhsil haqqı 900 manat, ən bahalı isə 4 min manatdır. Sözükeçən təhsil haqqı ölkə əhalisinin illik gəliri ilə üst-üstə düşmədiyindən valideyninin illik gəliri qənaətbəxş olmayan, eləcə də valideyn himayəsindən məhrum abituriyentlər təhsildən kənarda qalmalı olur. Məsələ inkişaf etmiş və bir sıra inkişaf etməkdə olan ölkələrdə öz həllini tapıb. Belə ki, bu ölkələrdə kommersiya bankları tərəfindən xüsusi "təhsil kreditləri" adlı xidmətlər fəaliyyət göstərir. Buradan tələbələr sərfəli şərtlərlə, uzun müddətli kreditlər əldə edərək arzu etdikləri təhsildən faydalana bilirlər. Azərbaycanda isə, nədənsə, kommersiya bankları təhsilə kredit ayırmağa maraq göstəmirlər. Bu haqda qanun layihəsi parlamentə təqdim edilsə də, müzakirəyə çıxarılmayıb. Bankların təklif etdiyi kreditlərin faiz dərəcələri və şərtləri isə heç də tələbələrin hamısına əl vermir.
Kreditin şərtləri banklardan asılı olaraq fərqlənir. Bu pulu 1 və ya 2 il müddətinə ödəmək mümkündür. Kredit isə bir neçə bankda nağd olaraq deyil, birbaşa təhsil müəssisəsinin hesabına köçürülür. "Turan Bank" maksimum 2 min manatlıq təhsil kreditini iki illiyi 30 faizə, habelə 5 faiz komissiyon haqqı ilə təqdim edir. "Bank Respublika" isə 28 faizlə, 3 faizli komissiyon haqqı tutulan təhsil krediti verir.
Göründüyü kimi, təhsil və tələbə kreditlərinin faiz dərəcələri kifayət qədər yüksəkdir. Ekspertlər hesab edirlər ki, "Təhsil kreditləri haqqında" qanun qəbul olunarsa, vəziyyət dəyişə bilər. Layihənin tələblərinə görə, kommersiya xarakterli təhsil kreditləri maksimum 5 faiz dərəcəsilə verilməlidir. Bu, həm Azərbaycanın Mərkəzi Bankının uçot faiz dərəcəsinə, həm də orta perspektivdə gözlənən inflyasiyanın proqnoz göstəricilərinə uyğundur.
Qeyd edək ki, dünyanın əksər ölkələrində fəaliyyət göstərən banklar tələbələrə belə vəsaitlər ayırır. Təcrübədə 7 ildən 10 ilə qədər müddət, daha çox tətbiq olunur. Məsələn, Almaniya və Latviyada bu müddət 10 ildir. Krediti Qazaxıstanda 15 il, Norveçdə 20 il, ABŞ-da isə hətta 30 ilə qədər müddətə verilir. Faiz dərəcələri isə simvolik xarakter daşıyır- 3-6 faiz civarında. Qonşu ölkələrin təcrübəsinə gəlincə, Qazaxıstanda təhsil kreditləri ilə bağlı xüsusi dövlət proqramı qəbul olunub.
Qazaxıstanın Mərkəzi Bankı yanında "Financial Center" ASC yaradılıb. Həmin ASC aztəminatlı ailələri məyyənləşdirir və onlara güzəştli təhsil kreditləri verirlər. Şərtlərə görə, kredit ilkin ödənişsiz, 17 ilədək, illik 9 faizlə verilir. Rusiyada da artıq bir neçə ildir ki, bu sahədə dövlət proqramı qəbul edilib. Dövlət proqramına görə, illik faiz dərəcəsi 5 faiz, qaytarılma müddəti 5 ildən -15 ilədək müəyyənləşib. Əgər tələbə əla qiymətlərlə oxuyarsa, ona 1 faiz güzəşt olunur. Bəs, Azərbaycanın kommersiya bankları niyə təhsil kreditlərinin verilməsinə maraq göstərmir?
İqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, təhsil krediti bir qədər sosial yönümlüdür: "Beynəlxalq təcrübəyə əsasən, təhsil krediti güzəştli kreditlər qrupuna daxildir. Belə ki, tələbə işə düzəldikdən sonra onu ödəməlidir. Azərbaycanda isə şərait təhsil kreditlərinin geniş yayılmasına imkan vermir. Çünki ölkədə maliyyə resurslarında qıtlıq var. Bu səbəbdən kreditlərin faiz dərəcələri bahadır. Azərbaycan banklarının təqdim etdiyi kreditlər "təhsil krediti" deyil. Sadəcə olaraq, kredit kompaniyasının adı belə gedir. Çünki təhsil kreditlərinin xüsusiyyətləri və şərtləri fərqlənir. Beynəlxalq təcrübədə təhsil kreditlərinə həm ali məktəbə ödəniş haqları, həm də tələbənin müəyyən gündəlik xərcləri daxildir. Azərbaycanda sözügedən kreditlərin isə tələbələrə aidiyyəti yalnız onun adındadır. Parlamentə layihə təqdim edilsə də, heç müzakirəyə belə çıxarılmadı. Halbuki, bu, ölkə üçün çox önəmli bir məsələdir. İnsan kapitalının yetişməsi baxımından çox vacibdir. Bir çox ailələr var ki, imkansızlığa görə uşaqlarına ali təhsil verə bilmirlər. İnsan kapitalını yetişdirmək üçün təkcə xaricə tələbə göndərmək kifayət etmir, yerli səviyyədə də bu işə önəm verilməlidir".
Samir Əliyev hesab edir ki, təhsil kreditləri üçün dövlət büdcəsindən müvafiq həcmdə vəsait ayrılmalıdır: "Dövlət tərəfindən sahibkarlıq, ipoteka və kənd təsərrüfatı üçün belə vəsaitlər ayrılır. Banklar öz hesablarına təhsil kreditləri kimi xidmət göstərməkdə maraqlı olmadığından, bu məsələni dövlət öz diqqətində saxlaya bilər. Azərbaycanda faiz dərəcələri aşağı düşməyincə, maliyyə təşkilatları bu kimi sosial proqramları maliyyələşdirməyə maraqlı olmayacaq".
Ekspertin bildirdiyinə görə, təhsil kreditləri istehlak kreditləri ilə müqayisədə risksizdir: "İstehlak kreditləri qısa müddətli və az məbləğdə olur. Bu səbəbdən bu gün ümumi portfelin 49 faizini istehlak kreditləri təşkil edir. Vəsaitlərin uzun müddətli verilməsi Azərbaycanda banklara sərf etmir". Samir Əliyev deyir ki, təhsil kreditlərinin effektivliyi üçün faiz dərəcələri aşağı olmalıdır: "Qısa müddətli, yüksək faizlə banka ödəniş aparmaq vətəndaşlara sərf etməyəcək".
Ümumiyyətlə, ölkə üzrə bankların bu sahəyə yatırdığı kredit qoyuluşlarının həcmi məlum deyil. Azərbaycan Mərkəzi Bankının hesabatlarında xüsusi bir bölüm kimi deyil, istehlak kreditlərinin tərkibində təqdim edilir. Bu onu deməyə əsas verir ki, ölkədə təhsil kreditləri üzrə dövriyyənin həcmi çox kiçikdir. Bu səbəbdən sözügedən vəsaitlər barədə məlumatı banklar vasitəsilə əldə etməyə çalışdıq. Maliyyə təşkilatlarının saytlarında qoyulan məlumatlara əsasən deyə bilərik ki, kreditin şərtləri banklardan asılı olaraq fərqlənir. Bu pulu 1 və ya 2 il müddətinə ödəmək mümkündür. Kredit isə bir neçə bankda nağd olaraq deyil, birbaşa təhsil müəssisəsinin hesabına köçürülür. Bəzi banklar isə müxtəlif kredit kartları təklif edir".
Samir Əliyevə görə, Azərbaycandakı bankların təqdim etdiyi məhsulların kommersiya kreditlərindən heç bir fərqi yoxdur: "Beynəlxalq təcrübəyə görə, təhsil kreditləri verilərkən, onun qaytarılması məzunun işə başlamasından sonra ödənilir. Çünki xaricdə sözügedən məsələ gələcəyə hesablanıb. Azərbaycandakı banklar istehlak kreditləri verməklə, qısa müddət ərzində daha çox gəlir götürmək siyasətini yürüdürlər. Təhsil kreditləri isə həmin kriteriyaya daxil deyil. Nə qədər ki, bizdə kredit faizləri yüksəkdir, nə təhsil, biznes, nə də ipoteka kreditlərini aşağı faizlə verəcəklər. Bu sektorlara aşağı faiz, yüksək güzəşt tələb edir. Ona görə də, Azərbaycan banklarından güzəştlər gözləməyə dəyməz".
İqtisadçı təklif edir ki, təhsil kreditlərinin ayrılması ilə bağlı xüsusi dövlət fondu yaradıla bilər: "Bu məsələdə dövlətin üzərinə yük düşür. Qanun qəbul edilməklə təhsil fondu yaradılması mümkündür. İpoteka Fondunda, Sahibkarlığın İnkişafına Yardım Fondunda olduğu kimi, burada da aşağı faizlə kreditlər təqdim edilə bilər. Açığını deyim ki, dövlətdən asılı vəziyyətdə olan bu tip fondların artımını narahatlıqla qarşılayıram. Bu yaxınlarda İnformasiya Texnologiyaları Fondu da yaradıldı. Belə qurumların getdikcə artması kommersiya sektoru üçün ciddi zərbədir. Nəticədə digər sektorlarda kredit faizləri yüksək olacaq. O ki qaldı təhsil fonduna, bunu qısa müddətli yaratmaq olar. Çünki qısa müddət ərzində bank faizlərinin aşağı düşəcəyi gözlənilmir".
Millət vəkili Vahid Əhmədov mətbuata müsahibəsində prosesin reallaşmasına bank sisteminin əngəl olduğunu vurğulayıb: "Təhsil krediti haqqında" qanunun reallaşmasına maneə olan və mübahisə doğuran bir neçə məsələ var. Bu qanun layihəsini Əli Məsimli ilə birgə tərtib etmişik. Müvafiq komitədə müzakirə olunub. Amma müzakirələr nəticəsində məlum olub ki, banklar və onların verdiyi bank faizləri məsələsində bəzi problemlər mövcuddur. Bütün bunlarla yanaşı parlamentin müvafiq komitəsində məsələyə yenidən qayıtmaqla bağlı ümumi razılıq var. Qanunun qəbulu olduqca vacibdir. Düzdür, son vaxtlar belə məlumatlar da yayılır ki, guya təhsil pulsuz olacaq. Amma fakt odur ki, bəzi tələbələr təhsil haqqını ödəyə bilmədiyindən normal oxuya, təhsilini başa çatdıra bilməyərək onu yarımçıq qoymalı olur. Bu istiqamətdə çoxsaylı şikayətlər gəlib. Ona görə də problemdən çıxış yolunu "Təhsil krediti haqqında" qanunun qəbulunda görürük. Çalışacağıq ki, məsələni parlamentin gündəliyinə sala bilək. Layihədə sosial məqamlar da nəzərə alınıb. Belə ki, krediti qaytarmaq prosesində problemlər yaşayan tələbələrə faizsiz kreditin verilməsi məsələsi də ortadadır. Eyni zamanda, təhsil kreditinin faizi 5 faiz dərəcəsində nəzərdə tutulub. Amma bilirsiniz ki, hazırda banklar krediti 5 faizlik dərəcə ilə vermir. Onların faiz dərəcəsi 20 faizdən aşağı düşmür. Ən yuxarısı isə 30-35 faizə qədərdir. Bu səbəbdən də hələlik bankların tələbləri qarşısında acizik. Lakin problemin həlli üçün başqa yollar da var. Dövlət büdcəsinə ayrılan vəsaitlər vasitəsilə fond yaratmaqla həmin prosesə müəyyən vəsait ayırmaq olar. Əsas odur ki, sözügedən qanun tezliklə qəbul olunaraq, işlək vəziyyətə gətirilsin. Əhalinin oxumaq istəyən, amma təhsil haqqını ödəyə bilməyən təbəqəsi bu imkandan yararlanmalıdır. Elə tələbələr var ki, imkanlı olduğundan pullu təhsil alır, amma sonradan dövlətə elə də ciddi fayda vermirlər. Digərləri isə gələcəkdə dövlətə geniş fayda vermək gücündə olsalar da vəsait qıtlığından təhsil haqlarını ödəyə bilmir. Belədə də təhsildən kənarda qalırlar. Hansı ki, dövlətin gələcəyi üçün onların təhsil alması daha vacibdir. Bu yolda da onlara təhsil kreditləri yardımçı ola bilər. Layihədə tələbənin banklardan aldığı təhsil kreditini işləməyə başladıqdan iki il sonra ödəməsiı müddəası da var. Görünür, bu amil də bankları qane etmir. Onlar həmin müddətin də maksimum azaldılmasına çalışırlar. Əsas odur ki, qanun layihəsi parlamentin müzakirəsinə çıxarılsın, burada yeni təkliflər olsa, onları da nəzərə ala bilərik".

Ülviyyə Tahirqızı