AŞ Yerli və Regional Hakimiyyətlər Konqresi müşahidəçi göndərməyib Hadisə

AŞ Yerli və Regional Hakimiyyətlər Konqresi müşahidəçi göndərməyib

"Əvvəlki bələdiyyə seçkilərində olduğu kimi, bu dəfə də Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinə bələdiyyə seçkilərində müşahidəçilər göndərilməsi üçün noyabr ayında rəsmi müraciət etmişik. Bizə diplomatik cavab verdilər, dedilər ki, əməkdaşlıq etməyə çox şad olardıq. Ancaq gəlmədilər".
APA-nın məlumatına görə, bunu bələdiyyə seçkilərindən bir gün əvvəl keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. M. Pənahov hesab edir ki, bu, qarşıdan gələn Yeni il bayramı və müşahidəçilərin toplanmasında çətinliklə əlaqədar ola bilər.
MSK sədri onu da bildirib ki, Qərb ölkələrinin 90 faizində seçici məsuliyyəti var: "Müəyyən müddət ərzində vətəndaş seçici siyahısına düşməsə, həmin müddət keçəndən sonra məhkəməyə müraciət etsə də, siyahıya salınmır. Digər tərəfdən, ümumiyyətlə, Qərbdə müşahidə institutu yoxdur. Biz ABŞ-da seçkiləri müşahidə edərkən Texas ştatı qərar çıxardı ki, seçki məntəqələrində müşahidə etmək istəyən şəxsi tutsunlar. Qərb dəyərləri ciddi dəyərlərdir. Ancaq bu baxımdan Azərbaycana münasibət real mənzərəyə uyğun deyil. İstənilən halda Qərb dünyası ilə əməkdaşlıqdan qaçmaq düzgün deyil. Həm də biz gözükölgəli deyilik, normal seçkilər keçiririk. Görürsünüz ki, polisə nə hüquq veriblər, polis nələr edir?! Azərbaycan kimi ABŞ-a da yaxşı və pis münasibətdə olanlar var, ancaq bu, həmin ölkələrin ABŞ-a düşmən münasibətdə olması demək deyil".
MSK sədri qeyd edib ki, əvvəllər bir məntəqədəki hər hansı kiçik pozuntu halını əsas götürən siyasi partiyalar seçkini uduzmağı buna bağlayırdılar: "Ancaq indi belə bəhanə gətirməzlər, çünki hamı gülər".