“Fikri, milli və siyasi istiqlalın kökü – İstiqlaldır” Hadisə

“Fikri, milli və siyasi istiqlalın kökü – İstiqlaldır”

Məhəmməd Əmin Rəsulzadənin ölümündən 59 il ötür

Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqu və qurucusu Məhəmməd Əmin Rəsulzadənin vəfatından 59 il (6 mart, 1955-ci
il) ötür. 20-ci yüzilin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin qurulması dövlətçilik tariximizdə mühüm hadisə idi. Bu tarixi, bənzərsiz hadisənin gerçəkləşməsində isə M.Ə.Rəsulzadənin müstəsna xidməti var. Tarixçi
Əkrəm Rəhimli bildirir ki, onun ömründə, yaradıcılığında milli dövlətçilik ideyası həmişə ön planda olub. M.Ə.Rəsulzadənin milli, hüquqi dövlət quruculuğu yönündə ideyaları həmişə Güney Azərbaycanda diqqət mərkəzindəydi: "Onun dövlətçilik, dünyəvilik baxışları bu gün Güney Azərbaycanda gedən azadlıq hərəkatı üçün də örnək olaraq qalır. Bu gün M.Ə.Rəsulzadənin kitabları əski əlifbada çap olunub xalq içərisində yayılır. Bu, ondan irəli gəlir ki, Rəsulzadənin irsi bir məktəb olaraq bu gün də Güney Azərbaycanda öyrənilir. Bu gün həmin məfkurənin həyata keçirilməsi uğrunda xalq mübarizə aparır".
Tarixçi-alim Əzizağa Ələkbərovun fikrincə, M.Rəsulzadənin yaratdığı dövlət o qədər də böyük bir ömür yaşamadı, ancaq zamanına görə başqa dövlətlərə nümunə olası bir çox işlər
gördü: "23 ay mövcud olan dövlətimizin gördüyü işlər yüksək dəyərləndirilməlidir. Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğuna kimi Şərqdə bu cür dövlət yaradılmamışdı. Əgər həmin dövlətimizi qoruyub saxlaya bilsəydik, bəlkə də indiki problemlərimiz bu dərəcədə olmazdı, belə zidiyyətlərlə üzləşməzdik. 70 ildə başımız çox bəlalar çəkdi. Dövlət bir imarətə bənzəyir. Binanı qurmaq üçün gərək olunan material tapılsa belə, ilk növbədə yaxşı bir ustaya ehtiyac var. Dövlət qurucusu bu deməkdir. 1918-ci ildə Azərbaycanda vəziyyət hədsiz mürəkkəb idi. Məhəmməd Əmin Rəsulzadə sanki yoxdan bir dövlət yaratdı. Ancaq xarici güclər dövlətimizin yaşamasına imkan vermədilər. Baxmayaraq ki, Azərbaycanda dünyaya nümunə olacaq demokratik ölkə qurulması üçün imkanlar yaranırdı. Türkiyənin başına o zaman bəlalar gətirilməsəydi, o, Azərbaycana hər mənada kömək edəcəkdi. Bu vəziyyət onu sübut edir ki, özünü dünyaya nümunə olaraq göstərən güclər əslində insani dəyərlərdən uzaq idilər. Azərbaycan özünün daxilindən gələn milli-insani imkanlara dayanaraq dünyaya sifətinin dəyişməz olduğunu göstərə bildi".
Ə.Ələkbərov ən çətin vaxtda - hər cür basqılara, terror əməllərinə məruz qaldığı 23 ay ərzində Azərbaycan dövlətinin beynəlxalq hüquqi prinsiplərə əməl etdiyini bildirir. Şübhəsiz, bu prosesdə Rəsulzadənin xidmətləri ayrıca idi: "Azərbaycan Xalq Cümhuriyyəti hüquqi dövlət quruculuğu prosesində irəliləməyə başladı. Dilimizin qorunması, inkişafı ilə bağlı addımlar, mədəni sahədə görülən işlər və s. bu qəbildən idi. Təəssüf ki, vaxt darmacal idi. Bu problemləri həll etmək üçün ciddi kadrlara ehtiyac vardı. Cümhuriyyət qurucuları dünyəviliyin inkişaf etdirilməsi üçün gəncləri Avropa ölkələrinə təhsil almağa göndərdilər. Ancaq Azərbaycana Rusiya imperiyasının varisi olan Sovet imperiyası qoşun yeridərək müstəqilliyimizi amansızcasına boğdu. Rusiya Azərbaycanın müstəqilliyini ümumiyyətlə, tanımadı. Azərbaycan Xalq Cümhuriyyəti qurucularının istəyi, eşqi ölkəmizin hüquqi-demokratik dövlət olaraq varlığının yaşadılması, təsdiqi idi".
M.Ə.Rəsulzadə "Çağdaş Azərbaycan tarixi" əsərində
Azərbaycan Xalq Cümhuriyyətinin olduqca çətin dönəmdə, misilsiz hünər bahasına qurulmasından, hüquqi dövlət yönündə addımlardan bəhs edir: "Azərbaycan Respublikası çox ağır şərait və məhrumiyyətlər içində qısa bir zamanda hüquqi, idari, siyasi, iqtisadi, hərbi və milli maarif sahələrini tənzim etdi, məmləkətdə asayiş və intizamı yoluna qoydu və nəticədə, 1920-ci ilin 12 yanvarında böyük dövlətlər tərəfindən istiqlalı tanındı. Qonşu Türk və İran dövlətləri də daxil olmaqla, başda ABŞ böyük-kiçik bir çox dövlətlərlə münasibətlər yaradıldı".
Professor Qüdrət Əbdülsəlimzadə qeyd edir ki, Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi siyasətinin cari və perspektiv konturları onun lideri Məhəmməd Əmin Rəsulzadənin "Fikri, milli və siyasi istiqlalın kökü - İstiqlaldır" ideyası əsasında formalaşmışdı. Bu mənada Azərbaycan Xalq Cümhuriyyətinin cəmiyyətdə iqtisadi əsasını təşkil edən mülkiyyət - əmlak münasibətlərinin dəyişdirilməsi prosesindəki təmkinli mövqeyi, aqrar-torpaq islahatlarına dair müxtəlif variantların hazırlanaraq parlamentdə geniş müzakirəsi, sənaye sahələrinin inkişafına dair xətti, maliyyə-pul-valyuta siyasəti, inflyasiya prosesləri ilə bağlı tədbirləri, ölkənin xarici iqtisadi-ticarət əlaqələrini genişləndirməsi səyləri, iqisadiyyatın dövlət tənzimlənməsi istiqamətindəki addımları, əhalinn güzəranını yaxşılaşdırmaq, təhsil, səhiyyə, habelə digər sahələrdəki fədakar və düşünülmüş fəaliyyəti əsil Milli Hökumət qayğılarının danılmaz ifadəsi idi. Məhəmməd Əmin Rəsulzadə "Əsrimizin Səyavuşu" əsərində hər bir yeni hakimiyyyət üçün aktual əhəmiyyət daşıyan mülkiyyət, torpaq, əmlak məsələlərinə dair hökumətin təkamül xarakterli demokratik dəyişikliklər yolu ilə irəliləmək siyasətini aydınlaşdıraraq yazırdı ki, əsas məqsəd cəmiyyətin bütün vətəndaşlarının bərabər yaşamaq hüququ əsasında qurulması idi".
M.Ə.Rəsulzadə yazırdı: "Burada bir sinif digər sinfə hakim deyildi. İnsan nə varına görə varlı, nə də yoxsulluğuna görə haqsız sayılırdı... Azərbaycan zehniyyətincə, dünyanın əvvəlindən bəri insanların yaşayış və iqtisadiyyatında qarşılaşdıqları ədalətsizliyi birdən-birə ortadan qaldırmaq, inqilabçı bir zərbə ilə mülkiyyəti və bununla bağlı insanlar arasında ortaya çıxan səfaləti aradan götürmək mümkün deyildi. Bundan anarxiya, daha çox səfalət çıxar və iç qarışıqlıqlardan başqa ayrı bir nəticə alına bilməzdi".
Torpaq və ondan istifadə məsələlərinə gəlincə, M.Ə.Rəsulzadə bu qənaətdə idi ki, hər bir əkinçi özü əkib-becərdiyi torpağa sahibliyini qəbul etməklə yanaşı "Azərbaycan islahatları geniş torpaqları "ölü halında" (istifadəsiz) saxlayan torpaq sahiblərinin mülkiyyət hüququnu rədd edirdi.
Q.Əbdülsəlimzadə bildirir ki, Rəsulzadənin millət yanğısı, gələcəyimizə inamla xeyir-duaları həmişə bizi haqq-ədalətə çağıracaq.
Araşdırmaçı Faiq Ələkbərov M.Ə.Rəsulzadənin hüquqi dövlət quruculuğu yönündəki fəaliyyətini belə dəyərləndirir: "Azərbaycanın müstəqilliyni bütün dünyaya bəyan edən də M.Ə.Rəsulzadənin başçılıq etdiyi Milli Şura olub. Azərbaycan Cümhuriyyətinin qurulmasında və onun fəaliyyətində M.Ə.Rəsulzadənin xüsusi yeri, rolu var. O, Azərbaycan Cümhuriyyətini qurmaqla xalqın özünə olan inamını bir daha bərpa edib, Şərq, müsəlman və türk dünyasında ilk demokratik cümhuriyyət qurulmasının nümunəsini göstərib. Demokratik cümhuriyyətin ideologiyasının nəzəri və praktik banilərinin başında duran M.Ə.Rəsulzadə sübut edib ki, müstəqillik yalnız zorakılıq, inqilab yolu ilə deyil, irəli sürülən siyasi-ideoloji, elmi-fəlsəfi prinsiplərin, aparılan düzgün siyasətin nəticəsində də əldə edilə bilər. Rəsulzadə və onun silahdaşlarının Cümhuriyyət üçün müəyyənləşdirdiyi daxili və xarici siyasət, bu gün mövcud olan Azərbaycan Respublikasının yerinə yetirdiyi daxili və xarici siyasi prinsiplərdən demək olar fərqlənmir".

Uğur