FHN-in Regional Mərkəzləri rayonlarda maarifləndirmə tədbirləri keçirib Hadisə

FHN-in Regional Mərkəzləri rayonlarda maarifləndirmə tədbirləri keçirib

Tural

Yanvarın 21-də Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi İmişli Mərkəzi rayon xəstəxanasında "Baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması" və "Fövqəladə hallar zamanı nə etməli" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. Tədbirdə səhiyyə ocağının rəhbər işçiləri, həkimlər, tibb bacıları və Muğan Regional Mərkəzinin əməkdaşları iştirak etmişdir.
Muğan Regional Mərkəzinin əməkdaşları "Fövqəladə halların təsnifatı", "Təbii fövqəladə hallar və yanğın zamanı nə etməli?", "Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?" mövzularında çıxışlar etmiş, tədbir iştirakçılarına təbii və texnogen xarakterli fövqəladə hallar, onların xüsusiyyətləri, fövqəladə hal baş verdikdə davranış qaydaları və s. haqqında geniş məlumat vermişdir. Sonda Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, sturukturu haqqında videoçarx nümayiş olunmuşdur.
Yanvarın 21-də Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyində "Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Mərkəzin əməkdaşları "Fövqəladə hal anlayışı", "Mülki müdafiə", "Yanğın, partlayış", "Təhsil müəssisələrində yanğın təhlükəsizliyi qaydaları", "Zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı", "Texnogen qəzalar", "112" qaynar telefon xəttinə hansı hallarda müraciət etmək olar" mövzularında çıxışlar etmişdir.
Çıxışlardan sonra zəlzələ və dəm qazı haqqında videoçarxlar nümayiş olunmuş, Mərkəzin əməkdaşları tərəfindən şagirdlərə Fövqəladə Hallar Nazirliyinin və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən nəşr edilən "Təhlükəsiz həyat" adlı maarifləndirici jurnallar paylanılmışdır. Sonda mövzularla bağlı şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən 21 yanvar 2015-ci il tarixində Masallı şəhər 1 nömrəli orta məktəbində "Həyatının təhlükəsizliyi sənin öz əlindədir" mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Masallı Rayon İcra Hakimiyyətinin, Masallı Rayon Təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim kollektivi, şagirdləri, texniki işçiləri və valideynlər iştirak etmişdir.
Çıxış edən natiqlər "Məişət elektrik cihazlarından istifadə edərkən təhlükəsizliyi necə təmin etməli?", "Binanın qəfil uçması zamanı təhlükəsiz davranış qaydaları", "Azyaşlı uşaqların yanğın təhlükəsizliyi baxımından ehtiyatlı olmaları və yanğın baş verdikdə özlərini necə aparmalı", "Fövqəladə halların yaranma səbəbləri və onlardan mühafizə üsulları" və "Hansı hadisələr baş verdikdə "112" qaynar telefon xəttinə zəng etmək olar?" mövzularında geniş məlumat vermiş və iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılmışdır. Məktəblilərin asudə vaxtında yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları üçün təhsil müəssisələrində mərtəbələr üzrə "Yanğına qarşı təbliğat guşəsi"nin yaradılması məqsədilə hazırlanmış təbliğat vasitələri məktəb rəhbərliyinə təqdim olunmuşdur.
Daha sonra məktəb binalarının təxliyyə planlarının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət olunmasına nəzarətin artırılmasının, əsas və ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, yararsız vəziyyətdə olan elektrik naqillərinin və avadanlıqlarının yeniləri ilə əvəz olunmasının, eləcə də məktəbin ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi məktəb rəhbərliyinin diqqətinə çatdırılmışdır.
Tədbirin sonunda "Dəm qazı təhlükəsi"nə dair videoçarx nümayiş olunmuş, "Hansı hallarda "112" qaynar xətlə əlaqə saxlamaq lazımdır?", "Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!", "Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar", "Təhsil müəssisələrində yanğın təhlükəsizliyi" mövzularında hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılmış və təqdim olunan əyani vəsaitlərlə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırılmışdır.