Şəhidin vəsiyyəti: “Qardaşım, evimizdən bayraq asın” Hadisə

Şəhidin vəsiyyəti: “Qardaşım, evimizdən bayraq asın”

Elnur Gəgiş oğlu Talıbov Vətən, torpaq uğrunda haqq savaşımızda qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldı. Ürəyi sevdalı, böyük amal sahibi olan bu gənc İkinci Qarabağ müharibəsinə könüllü yollananda ömrünün 24-cü ilini yaşayırdı. Millət, Vətən üçün çalışmaq onun iç dünyasından qaynaqlanırdı. Nəcib, xeyirxah əməllərinə görə eldə hamı Elnurun xətrini əziz tutur, əsl övlad məhəbbəti ilə onu sevirdilər.
Vətənə layiqli oğul olan Elnur Talıbov qartallı qayaların qoynuna sığınan Lerik şəhərində dünyaya göz açıb. Sonradan valideynləri ilə birgə Lənkəran şəhərinə köçüblər. Vətən sevgisi, insana məhəbbət, böyüyə hörmət, düşmənə nifrət burada da onun həmdəmi olur. Orta təhsilini başa vurub 2015-ci ildə ordu sıralarına gedir. Nümunəvi xidməti ilə fərqlənir, düşmənin başını əzməkdən ötrü hərbi bilik və bacarığını artırır. Aprel döyüşlərində böyük rəşadət göstərir, ən əsası strateji mövqelərin azad etməsində sözün əsl mənasında can qoyur. Bir daha sübut edir ki, Vətən sevgisini zərurət yarandıqda xalq, dövlət yolunda təmənnasiz xidmətə çevirməyi bacaran igiddir Elnur. Həmin ilin iyul ayında Vətən qarşısında borcunu ləyaqətlə, üzüağ başa vurub, düşmənə nifrət hissi ilə evinə qayıdır. Ailəsinə dəstək verir, dost-tanışa yaxşı günün sirdaşı, dar günün qardaşı olur.
2020-ci il sentyabr ayının 27-də Vətən müharibəsi başlanan zaman Elnur silaha sarılıb işğal edilən torpaqların hər qarışının qisasını işğalçılardan almaq üçün qartal kimi onların üstünə şığıdı. Düşmənə matəm libası geyindirə-geyindirə Şuşaya doğru yol aldı. Azərbaycanın üç rəngli qələbə bayrağı 30 ilə yaxın bir əsarətdə olan Qarabağ torpaqların üzərində dalğalananda düşməndən intiqam almaq alovu getdikcə gücləndi. İgid əsgər oktyabr ayının 5-də Xocavənd istiqamətində gedən şiddətli döyüşlərdə təki “Vətən yaşasın” deyə canını ona qurban verdi...
Şəhidin qardaşı onun haqqında deyir: "Qardaşım sonuncu dəfə mənimlə sentyabrin 29-da danışdı. Mənə "Qardaşım, evimizdən bayraq asın, atam-anam sənə əmanət. İnşallah oğlun olsa, ona mənim adımı qoyarsan" deyib vəsiyyətini etdi. Onunla müharibədə çiyin-çiyinə vuruşan yoldaşlarının dediyinə görə, Elnur ağır döyüşlərdə belə mərdliklə, igidliklə iştirak edib. Qarşısıalınmaz bir qəhrəman olub, düşmənə sarsıdıcı zərbələr endirib. Odun-alovun içinə düşdüyü gündən ancaq irəliyə doğru hərəkət etməyi fikirləşib. Şəxsi igidliyi əsgərləri də yalnız qələbəyə kökləyib. İndi fəxr edirəm ki, belə bir qardaşım olub. Bütün el qardaşımla qurur duyur. Dövlətimiz də Elnurun döyüş meydanında göstərdiyi qəhrəmanlığına yüksək qiymət verib. Ölümündən sonra “Vətən uğrunda”, eləcə də Xocavəndin, Füzulinin azad olmasına görə medallarına layiq görülüb.”
Bəli, Elnur Vətən üçün yaşadı. Vətən var olduqca, onun əziz xatirəsi də könüllərdə Günəş kimi parlayacaq.

Zəfər ORUCOĞLU