Zahid Orucdan Qüdrət Həsənquliyevə 50 illik yubiley təbriki Hadisə

Zahid Orucdan Qüdrət Həsənquliyevə 50 illik yubiley təbriki

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə

Hörmətli Qüdrət bəy!

Sizi, Azərbaycanın 50 yaşlı gənc siyasət adamını yubileyiniz münasibətilə ürəkdən təbrik edir, şəxsinizə ən xoş arzularımı yetirirəm.
Siz xalqımızın sovet əsarətinə qarşı apardığı mübarizədə yaxından iştirak etməklə və millətimizin azadlığına qovuşmasına töhvə verməklə gənc yaşlarınızdan ağır və şərəfli bir yolu seçmisiniz. Hansı partiya və hərəkatlarda təmsil olunmağınızdan asılı olmayaraq, ləyaqətli və vətənpərvər bir şəxsiyyət kimi tərcümeyi-halınızı qoruyub saxlamış, dövlətçiliymiz üçün taleyüklü anlarda prinsipial mövqe tutmusunuz. İndi artıq tarixə çevrilmiş o illər təkcə Qarabağ cəbhəsindəki ağır döyüşlərlə, böyük itkilərlə və daxili qeyri-sabitliklə yaddaşlarda qalmayıb, həmçinin xalqımızın səfərbərliyi və özünə xilas yolu seçməsi ilə də əlamətdar olmuşdur. Məhz taleyüklü anlarda siz də qəti addımlar atmaqdan çəkinməməsiniz.
Ötən əsrin 90-cı illər epoxasının meydana çıxardığı yeni liderlər və təşkilatların çoxu xalq qarşısında məsuliyyət yükünü daşımağı bacarmayanda,onların gerçək qiymətini vermək mühüm bir vəzifəyə çevrildi. Bəli, siyasi sistemin quruculuğu və ictimai ab-havanın aydınlaşması həm də bundan asılı idi. Hamımız şahidiyik ki, siz və rəhbərliyiniz etdiyiniz partiya tərəddüd etmədən daha böyük idealların üzərində durdu, qrup və şəxsi maraqlarla hərəkət edənləri tanımadı. Ona görə də siz müxalif platforma ilə Azərbaycan dövlətinə xidmət etməyin mümkünlüyünü ortaya qoya bildiniz.
Siz həmçinin Ulu öndər Heydər Əliyevin liderliyinə açıq və cəsarətli münasibətinizlə də əsil siyasi mədəniyyət nümunəsi göstərmiş oldunuz.Bu həm də obyektivlik və qərəzsizlik kimi məziyyətlərin vətəndaş sülhü, siyasi barış və qarşılıqlı tanıma üçün gərək olduğunu təsdiqlədi.
Hörmətli Qüdrət bəy!
Sizin geniş planda apardığınız fəaliyyətin mühüm bir hissəsi Milli Məclisdə və beynəlxalq təşkilatlarda həyata keçirilib və şəxsinizi daha yaxından tanımağımıza imkan yaradıb. Tam əminliklə demək olar ki,siz bütün addımlarınızda ölkəmizin adını yüksək tutmuş, dərin intellektual-siyasi düşüncələrlə xalqımıza xidmət etmisniz. Azərbaycan dövləti bu şərəfli işlərdən yalnız fayda götürüb.Sizi xarakterizə insani keyfiyyətlərin və dövlətçiliyə dönməz sədaqətin işığında hər birimiz əminik ki,bundan sonra da Vətənimizin quruculuğuna, torpaqlarımızın bötövləşməsinə və güclü Azərbaycan dövlətinin formalaşmasına əzmlə, yorulmadan və cansağlığı şəraitində töhfə verməkdə davam edəcəksiniz!
Sizi növbəti yarım əsrin layəqətli siyasətçisi kimi görmək inamı ilə,

Dərin hörmətlə, Zahid Oruc