Jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşı yol qəzasında ölüb Hadisə

Jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşı yol qəzasında ölüb

Dünən Masallı-Yardımlı yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
90-LB-944 dövlət nömrə nişanlı, "Toyota Prado" markalı avtomobilin dərəyə aşması nəticəsində maşında olan 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan digər sərnişin, 1974-cü il təvəllüdlü Əliyeva İlahə Xudu qızı isə xəsarət alaraq Masallı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilib.
Məlumata görə, kəllə-beyin travması və çoxsaylı bədən xəsarətləri alan qadının vəziyyəti ağır qiymətləndirilir. Bununla bağlı Bakıdan həkim briqadası dəvət olunub.
Qeyd edək ki, yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı "Qanun" Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşı - "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının bacısı, xəsarət alan İlahə Əliyeva isə Şahbaz Xuduoğlunun bacısıdır.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, Bakı şəhər sakini Rafiq Muxtar oğlu Mustafayevin idarə etdiyi 90-LB-944 dövlət nömrə nişanlı, "Toyota Prado" markalı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə maşında olan sərnişinlərdən Könül Rüstəmxanlı hadisə yerində ölüb, maşında olan daha bir sərnişin İlahə Əliyeva xəsarət alıb.
Avtomobili idarə edən Rafiq Mustafayev "Qanun" Nəşrlər Evinin sürücüsüdür.
Millət vəkili Sabir Rüstəmxanlı APA-ya açıqlamasında deyib ki, yağış nəticəsində yol sürüşkən olub, qəza da buna görə baş verib. Maşın döngədə dərəyə aşıb.
Sahib Rüstəmxanlı bildirib ki, qəza nəticəsində Şahbaz Xuduoğlu da xəsarət alıb: "Biz rayondan yas məclisindən qayıdırdıq. Maşında 5 nəfər olub. Müxtəlif xəsarətlər alıblar. Xəsarət alanlar arasında vəziyyəti ağır olanlar var.
"Xalq Cəbhəsi" qəzeti Rüstəmxanlılar ailəsinə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara Allahdan şəfa diləyir.