“İkinci peyk ixrac potensialı üçün yeni imkanlar yaradır” Hadisə

“İkinci peyk ixrac potensialı üçün yeni imkanlar yaradır”

Əli Abbasov: "2020-ci ilədək telekommunikasiya və yerüstü müşahidə peyklərinin orbitə çıxarılması nəzərdə tutulur"

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağında rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovun "Kosmik tədqiqatların Azərbaycan Respublikasının inkişafında rolu və perspektivləri" mövzusunda elmi məruzəsi dinlənilib. APA-nın xəbərinə görə, akademik qeyd edib ki, bu gün Azərbaycanda kosmik texnologiyalar, kosmik texniki baza, infrastruktur yüksək səviyyədədir. Onun sözlərinə görə, Prezidentin 3 may 2010-cu il tarixli Sərəncamı ilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti təsis edilib: "BMT-nin 12 yanvar 2012-ci il tarixli qətnaməsi ilə Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh məqsədləri ilə istifadəsi üzrə Komitəsinə (COPUOS) üzv olub. Bir il sonra isə "Azərspace-1" Cənubi Amerikada yerləşən Fransız Qvianası Mərkəzinin Kuru Kosmodromundan Fransanın Arianspace şirkətinin Ariane-5 raket daşıyıcısı vasitəsilə uğurla geostasionar orbitə çıxarılıb. "Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"na və "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq 2020-ci ilədək telekommunikasiya və yerüstü müşahidə peyklərinin də orbitə çıxarılması nəzərdə tutulur. Bu günə kimi Azərbaycanın telekommunikasiya peyki orbitə çıxarılıb. İlk telekommunikasiya peykinin 20%-i Azərbaycanın ehtiyaclarının ödənməsinə, 80% isə ixrac potensialının güclənməsinə yönəlib. İkinci peyk də Azərbaycanın ixrac potensialı üçün yeni imkanlar yaradır".
Ə. Abbasov əlavə edib ki, bu gün üçün ən vacib məsələ böyük həcmli informasiyaların intellektual analizidir. Onun sözlərinə görə, bu gün olduqca böyük həcmdə informasiya daxil olur: "Bunun üçün ölkədə ilk dəfə qurulan böyük DATA mərkəzi böyük gücə malikdir. Digər peyklərdən də informasiyalar qəbul edilir. Bu istiqamətdə AMEA-da əldə edilən nəticələri qəbul etməyə hazırıq. Bundan əlavə, elmin bütün sahələrdə əldə olunan işlərin koordinasiyasını həyata keçirilməsi istiqamətində bu işlər güclənməlidir".
Ə. Abbasov qeyd edib ki, innovativ inkişafımız üçün uyğun şərait yaradılmalıdır. Onun sözlərinə görə, tətbiqə yönələn işlərin həyata keçirilməsi təklif olunur: "İnnovativ sahibkarlığın yaranması üçün işlər həyata keçirilməlidir. Alimlərin əldə etdikləri tədqiqatlarla bağlı birgə müzakirələr aparılmalıdır. Elm və təhsil arasında olan əlaqələr qurulması ümumi inkişaf üçün vacibdir".



Nazir kosmik tədqiqatların multidissiplinar xarakter daşıdığını, kosmik uçuşlar və avtomatik aparatlar vasitəsilə həyata keçirildiyini deyib. O Əlavə edib ki, bu tədqiqatlar Yerdən kosmosun, kosmosdan Yerin, həmçinin kosmosdan kosmosun araşdırılması istiqamətlərində aparılır. Ölkədə kosmik tədqiqatlar yerin kosmosdan tədqiqi, aerokosmik məlumatların tematik emalı texnologiyalarının yaradılması, kosmik təyinatlı cihazların və aparatların işlənməsi, məsafədən zondlamanın məlumat-ölçü komplekslərinin yaradılması, zəlzələlərin proqnozlaşdırılması üçün seysmoloji kəşfiyyat sistemlərinin yaradılması, məsafədən zondlama verilənlərindən və GİS-texnologiyalarından istifadə etməklə müxtəlif təyinatlı monitorinqlərin aparılması metodları, e-xəritələrin işlənməsi və digər sahələri əhatə edir. Məruzəçi bildirib ki, müasir dövrdə kosmik tədqiqatların bir sıra aktual problemləri və prioritetləri var: "Həmin problem və prioritetlər cəmiyyətin, elmin, texnikanın bir çox sahələrini əhatə etdiyindən kosmik texnologiyaların və innovasiyaların inkişaf etdirilməsi, imkanların və perspektivlərin gerçəkləşdirilməsi çox mühüm əhəmiyyətə malikdir. Kosmik texnologiyalar bu gün kommersiyalaşdırılır və dünyada kosmik xidmətlər bazarı formalaşdırılır. Həmçinin, ölkəmizdə sosial, iqtisadi və digər mühüm əhəmiyyət kəsb edən problemlərin müasir yüksək texnoloji həllinə də imkan yaranır".