Süzüldü ruhuma Azərbaycanım... Mədəniyyət

Süzüldü ruhuma Azərbaycanım...

Bəxtiyar Vahabzadə qələmə aldığı mövzunu, hadisəni sadəcə müşahidə etməyib, onları yaşayıb

Bəxtiyar Vahabzadə qələmə aldığı mövzunu, hadisəni sadəcə müşahidə etməyib, onları yaşayıb, bilavasitə iştirakçısı olub, özündən heç nə uydurmağa çalışmayıb, duyduğunu yazıb və yaşadığı hisslərin, duyğuların həssas ürəkli bir şair kimi səmimi ifadəçisi olmağı bacarıb. Bu inancda olub ki, şair insan kimi duymalı, şair kimi yazmalıdır.
Bəs insan nə zaman həyatı və dünyanı duymağa başlayır? Təbii, iztirab odundan keçdikdən sonra... Bundan sonra başlanır yana-yana yaşamaq, bundan sonra başlanır qorxu, ehtiyat, həyat...
"Qorxu" şeirində yazdığı kimi:

Mən oddan qorxmadım yanana qədər,
Mən qorxu bilmədim qanana qədər.
Elə ki, yandım,
Odla oynamaqdan qorxdum, dayandım...

Bu yanğının, odun, "qanmağın" nəticəsində sözlər sinəsindən bulaq kimi qaynayıb daşıb, vulkan kimi alovlanıb, odu özünü də, oxucusunu da yandırıb-yaxıb. Duyub hiss etdiklərini yazan Bəxtiyar Vahabzadə ilahilər təkin ana laylası ilə rişələndiyi, kökləndiyi böyük ruha sadiq qalıb. Daim o düşüncədə olub ki, Muğam üstündə həzin-həzin söylənən laylaların ecazkar ahəngi körpəni minillərin o üzündən süzülüb gələn doğma ruha
– milli varlığımıza, özümüzə, soykökümüzə bağlayır. Bu məsələnin önəmliliyini "Beşik" şeirində göstərib və
tərbiyənin, insanın hansı ruhda formalaşmasının, kimliyini dərk etməsinin məhz beşikdən, ananın südü ilə, pıçıldadığı mətləblərlə, söylədiyi layla, oxşama, bayatıların şirin ahəngi ilə başlandığını diqqətə çatdırıb:

Laylanın hər xalı bir ümid, güman,
Onun ahəngilə qaynadı qanım.
Anamın yanıqlı laylalarından,
Süzüldü ruhuma Azərbaycanım...

Şair insan qəlbində yanğının, doğma dilə, ana torpağa, bağrından qopduğu xalqa, Vətənə yanğının – əbədi
sevginin laylalardan qaynaqlandığını əsərlərində önə çəkir. Onun üçün Vətən gözəlliklər məskəni, gözlə görünən, əllə götürülə bilən bir nəsnə, maddiyyat deyil. Vətən əbədi şölə saçan günəş də deyil. Vətən ilk öncə, onun torpağı üstündə, sinəsində gəzən insanların tarixi, dili, dini, mədəniyyəti, ədəbiyyatı, adət-ənənələri, törələri, musiqisi, ruhani dünyası – mənəviyyatıdır. Şair yaradıcılığında bu mənəviyyatın qədrini bilən müqəddəs keşikçiləri, əbədi yaşadan qələm sahiblərini, kəfəni boynunda mübarizə meydanına atılan, millətinin tarixini yaradan və yazan, tarixin özü qədər dəyərli və böyük olan ərənlərimizi, şəhidlərimizi vəsf edir,
iztirablarını poetik sözə çevirir.
"Şəbi-hicran"da dahi Füzulinin, "Ağlar-güləyən"də ölməz Sabirin, "Zindanda şeir"də qüdrətli H.Cavidin,
"Nakam"da dərdli M.Hadinin, "İstiqlal" və "Şəhidlər"də müqəddəs şəhidlərimizin obrazlarını yaradan Bəxtiyar
Vahabzadə onlara ədəbi heykəl qoymaqla bərabər, qədirdanlığını da yansıdır. Şair yazdı və yazdıqlarına inandı ki:

İnsan insan olur öz hünəriylə,
Millət millət olur xeyir-şəriylə.
Torpağın bağrına cəsədləriylə
Azadlıq toxumu səpdi şəhidlər.

1990-cı ildən səpilən azadlıq toxumları öz bəhrəsini verdi, Azərbaycan tarixi müstəqilliyinə qovuşdu, milyonlarla soydaşlarımız kimi, Bəxtiyar Vahabzadə də sandı ki, Bəxtiyarlığına qovuşdu. Müstəqillik adlı əvəzsiz nemətin qorunması, əldən verilməməsi üçün yenidən mücadiləyə qoşuldu. Lakin ömrü boyunca olduğu kimi, yenə də millətinin uğuruna, sevincinə sevindi, nöqsanlarına, çatışmazlıqlarına, dərdlərinə kədərləndi.
İmperiya buxovlarından qurtulan Azərbaycanın yeni savaşa, Qarabağ uğrunda işğalçı Ermənistanla ədalətsiz
müharibəyə sürüklənməsi sinəsinə dağ çəkdi. Qarabağ dərdi dözülməz ağrıya çevrildi ürəyində... İtirilən
torpaqlarımızın, şəhid ruhların fəryadından qulaqları tutuldu. Ölkəni bürüyən çadır şəhərciklərinin, bu
şəhərciklərin döyməyə qapısı belə olmayan, yağışdan sonra çıxan göbələyin papaqlarına bənzər, eyni ölçülü, qoluzorlu məmurların, erməni tapdağında inləyən əsir torpaqlarımızın adlarını restoran, şadlıq evləri və kafelərə verərək yaşatmağa çalışan vətən övladlarının qeyrət damarının bu dərəcədə boşalmasının dərdini çəkir. Onlara nələri itirdiyimizi, nə böyüklükdə mənəvi itkilərə məruz qaldığımızı, bu itkilərin miqyasını anlatmağa çalışır...
Vətəni namusu, vicdanı, şərəfi sanan Bəxtiyar Vahabzadə gözlərinə qaranlıq çökə-çökə, nəfəsi kəsilə-kəsilə,
ağzında dili yana-yana: - Qarabağı itirdik, biz o cənnət torpağı cəhənnəmə bənzəyən çadırlara gətirdik, Qara
hara, ağ hara? Gəlin, "Qarabağlı" deməyək, "çadırlı" deyək orda yaşayanlara... Qarabağın yolunda sinəmizi gərmədik, biz yalnız buz bulaqlı, saf havalı yaylaqları, kəklikli-turaclı, marallı, ceyranlı-cüyürlü dağları
itirmədik, o yurddan qəlbimizə əsən yenilməz ruhu itirdik, bizi biz edən nəğmə bulaqlarının şırıltısını,
Qarabağda köklənən tarın pərdəsindəki o təkrarsız xalları, gələcək nəğməkar Bülbülləri, loğman Üzeyirləri
itirdik, əslində qarabağlı dahilər ölməmişdilər, onlar Qarabağın öldüyünü biləndə öldülər" - deyirdi:

Budur məni yandıran,
Gecə-gündüz özümü
özümdən utandıran.
Torpaq – çölmü, çəmənmi, torpaq – qayamı, daşmı?
Torpaq – kolmu, çayırmı, ağacmı, gəndalaşmı?
Torpaq – cəddim, tarixim, torpaq – yurdum, məkanım.
Torpaq – mənim namusum, torpaq – mənim ünvanım.
O torpaqda qeyb olan şöhrətimin, şanımın, öz adımın məzarı.
Necə dözdük bu dərdə, ay ellər, biz daşmıyıq?
Düşmənə verdiyimiz o halal torpaqlara
halal vətəndaşmıyıq?
Biz Vətəni itirib Vətən torpaqlarında, cansız,
ruhsuz daş olduq.
Vətəni itirirkən necə vətəndaş olduq?
Yalanlara aldanıb doğrumuzu itirdik,
düzümüzü itirdik...
Kişi mənliyimizi salıb ayaq altına,
özümüzü itirdik...

Bəxtiyar Vahabzadə lazım gələndə meydanlara atılan, ən mötəbər tribunalardan belə sözünü deməyi
bacaran, möhtəşəm inqilablar etməyə və qalibiyyət bayrağını ən uca zirvəyə sancmağa qadir olan bir xalqın
məqamı gəlincə, onu azadlığına qovuşdurub qalibiyyətini daim əlində saxlayacaq, xoşbəxtliyə, firavanlığa
aparacaq qəhrəmanlara bütün zamanlarda ehtiyacı olduğunu dərindən anlayırdı... Lakin "çadırlarda Üzeyirlərin doğulmayacağını, qoç Koroğluların, Fətəli xanların yetişməyəcəyini" də dərk
edirdi. Cəmiyyətdəki çirkinlikləri, eybəcərlikləri qamçılayan sələfləri böyük Mirzə Cəlil, Sabir, dahi Üzeyir bəy kimi ölkədəki hərc-mərcliyi, mövcud durumumuzun mürəkkəbliyini, ciddiliyini, hər bir sahədə, istər bədii yaradıcılıq olsun, istərsə də istehsal sahəsi, fərqi yoxdur, "tost ənənəsi"nin kəhər atlartək şahə qalxmasını da nəzərindən qaçırmırdı... "Yanıq Kərəmi"yə şıdırğı oynayan cavanların zövqsüzlüyünün, ana dilində danışmağı əskiklik sayan ədabazların əqidəsizliyinin, həyata mədəsinin gözü ilə baxan məsləksizlərin dərdi isə şairin yuxusunu ərşə çəkirdi. Daim öz-özü ilə cəngi-cidalda olan, narahat ömür yaşayan, hər axşam özünü: "Məni
yurddaş edən bu el-oba üçün bü gün nə etdim?" – deyib sorğulayan Vətən oğlu kimi, xalqının heç olmazsa, ümummilli məsələlərdə cəbhələrə bölünməyərək bir araya gəlməsi, böyük Vətən naminə, xoşbəxt gələcək,
bütün dərd-lərdən azad Azərbaycan naminə əl-ələ verməyi vacibdən vacib sayan Bəxtiyar Vahabzadə bu birlik olmayınca diriliyin taleyimizdən qaçaq düşəcəyinin ağrısını yaşayırdı:
Verib yurdumuzu çirkin əllərə,
Bir ovuc vətəni məhəllələrə
Bölüb, kiçiltməyi tərgitməyincə,
Köhnə vərdişləri tərk etməyincə,
Ucalıq taxtından enən millətin,
Bu gün dilənçiyə dönən millətin
şərəfi, şöhrəti, ulu mənliyi,
Kimliyi, qüruru, bəy ərənliyi
Yenidən özünə qayıtmayınca,
Dilindən, dinindən, özündən dönən,
Əhdə vəfasından, sözündən dönən
Yaltaq tüfeylilər faş olmayınca,
Zibil qutusuna atılmayınca,
Vallahi, dünyamız düzələn deyil.
Arzu etdiyimiz gün gələn deyil.
Dollar qabağında diz çökənlərin,
Qaçqının payına göz dikənlərin
O həris gözləri ovulmayınca,
Yalanlar gerçəyə ov olmayınca,
Yalnız özümüzə güvənməyincə,
Dostun xoş gününə sevinməyincə,
Lap yeri gələrsə min bir hiyləni
Tülkü ermənidən öyrənməyincə,
Özünü danandan iyrənməyincə,
Bizə tor atana tor atmayınca,
Dirçəldib, təzədən yaratmayınca
Əsrin əjdahası udacaq bizi,
Heçə döndərəcək mənliyimizi.

Bu şeiri döyüşkən ruhlu şairimiz 2000-ci ildə qələmə alıb... Bəzən onu mövqeyində yumşalmalara görə
bica yerə qınayanlar, bəzi məsələlərin üstündən 70-ci illərin ehtiyatlılığı ilə adladığını söyləyənlər də tapılır.
Qəribə xalqıq biz... Bir sıra məsələlərdə olduğu kimi, Bəxtiyar müəllimin də yazdıqlarını, illərdən bəri qələmə
aldıqlarını saf-çürük etmədən qərar verməyə tələsirik həmişə. "Məni siyasətdə deyil, şeirlərimdə axtarın", deyən şairin axı bu üsyankar, döyüşkən poeziyasının hər misrasında onun yaralı, dərdli ürəyi çırpınır!

Esmira Fuad
ədəbiyyatşünas-publisist