XIX əsr Şamaxı ədəbi mühiti Mədəniyyət

XIX əsr Şamaxı ədəbi mühiti

Murad Mirzəli oğlu, Mustafa Tağı oğlu, Həsən Çəp, Əbbürrəhman Əfəndi, Kərbəlayi Əli Əkbərin yaradıcılığı haqqında


XIX əsrin 50-ci illərindən sonra Şamaxıda həm poeziya, həm maarif, həm aşıq sənəti, həm də musiqi sahəsində yeniyeni istedadlar yetişib üzə çıxaraq şöhrət qazanıb, musiqi tarixində silinməyən iz qoyublar. Bizə belə gəlir ki, həmin
dövrdə Şamaxı və onun kəndlərində yaşayan elə bir sənətkar tapılmazdı ki, onun az və ya çox dərəcədə Mahmud Ağa məclisi, "Beytüs-Səfa" məclisilə əlaqəsi olmasın. Sadəcə olaraq, bu sahə ilə bağlı ciddi təqdiqat aparılmadığı üçün XIX əsrin II yarısında Şamaxıda yaşamış sənətkarların ömür yolu, sənət uğurları haqqında yalnız seyrək məlumatlara rast gəlmək mümkündür. Eləcə də Mahmud Ağanın muğam məktəbi, məktəbdə keçirilən müsabiqələr, qaliblərdən bəhs
edən yazılı sənədlər axtarılsa da, hələlik ciddi nəticələr əldə edilmədiyini etiraf etmək lazımdır. Mahmud Ağa məclisinin yerli-daimi iştirakçları haqqında məlumatlar ya xatirələr, ya onların uzaq qohumlarının dedikləri, bəzən də məntiqi və intuitiv qənaətlər əsasında formalaşıb. Mahmud Ağa məclisinin daimi iştirakçıları əsasən, Şamaxı və ətraf oba, kəndlərdə yaşayan ziyalı, sənətkar, tacir və bəy-bəyzadələr olub. Xatirələrdə qeyd olunduğu kimi, bəzən məclisdə iştirak edənləri Mahmud Ağa sarayının "Qızılı salonu" güclə tuturdu. Bir müddət keçəndən sonra məclisə, muğam müsabiqəsinə qatılan sənətkarların sayı yüzü keçərdi. Ona görə müsabiqə hətta bir həftə - on gün davam edirdi. Bu müddət ərzində həmin insanlara sarayda xüsusi qayğı göstərilirdi. Qaliblər də həmişə olduğu kimi mükafatlandırılırdı.
Bu iştirakçıların çoxu barədə bilgilər əldə etsək də, kitabda bu muğam, poeziya sərraflarının yalnız bir qismi barədə məlumat verə bildik. Kimlər olmuşdu o insanlar – muğam təşnələri?



Murad Mirzəli oğlu


O, XIX əsrin 30-cu illərində Şamaxıda İmamlı məhəlləsində doğulub. Mollaxanada oxuyub. Uşaqlıqda qarğıdan düzəltdiyi tütəklə aşıq və oyun havalarını öyrənməyə
başlayıb. Sonra şirvanlı Aşıq İbrahim, Aşıq Xəlillə tanış olub. Sənəti öyrənib və onlarla yoldaşlıq edib. Özü də Mahmud Ağanın qonşuları idi. Amma həmin məclisə ilk dəfə Aşıq İbrahimlə ayaq açıb. Mahmud Ağa Aşıq İbrahimin onunla ifa etdiyi "Zarıncı"nın məftunu idi. Murad ustad şair S.Ə.Şirvani və görkəmli pedaqoq M.Mahmudbəyovla da dost olub. O, təxminən XIX əsrin 90-cı illərində vəfat edib. Salam Məşədi Bağı oğlu (XlX əsr) Aşıq Şamilin dediynə görə, balabançı Salam Aşıq Vəlicanın dayısı olub. O, balaban çalmağı qonşuları Solaxay Mədətdən öyrənib. Mədət tərəkəmələrlə savaşda çomağı sol əli ilə vurduğundan "Solaxay" ayaması verilibmiş ona. O da Aşıq İbrahimlə sənətə ayaq açaraq bacısı oğlu Vəlicanı da arxasınca aparıb. Sonra ustad sənətkar bir çox havalar bəstələyib. Qocaman sənətkarların dediyinə görə, Aşıq Vəlicanın oxuduğu "Vəlicanı şikəstəsi"ni Salam bəstələyib. Mahmud Ağa məclisinə aşıqları dəvət edəndə Salamı da çağırtdırar, onun tütək çalğısını çox xoşlayardı. Çox zaman Ağa Salama tütək çaldırıb doyunca qulaq asar, mükafatlandırardı.
Salam Məşədi Bağı oğlu XIX əsrin sonunda vəfat edib. Udulu Musa (1802-1875) Udulu Musa Məhərrəm oğlu 1802-ci ildə Şirvan mahalının Baba-Bozum adlı köçəri obasında doğulub. Sonralar Udulu kəndinə köçüblər. İlk təhsilini evdə atasından alıb, ardını isə Şamaxıda oxuyub. Həm xalq şeiri, həm də klassik üslubda əsərlər yazıb. O, XIX əsrin görkəmli şairi X.Natəvanla da məktublaşıb. Şamaxının ziyalıları, xüsusən S.Ə.Şirvani ilə dost olub. Ona görə də "Beytüs-Səfa" məclisinə yaxın idi. Udulu Musa 1875-ci ildə vəfat edib.
Onun haqqında ilk dəfə professor Ə.Cəfərzadə tədqiqat aparıb. Sonralar bir çox alimlər - F.Qasımzadə, N.Qarayev, Əhməd Cəfərzadə, S.Qəniyev və b. onun yaradıcılığını tədqiq edərək şairin yeni şeirlərini üzə çıxarıb çap etdiriblər.

Ey gözəl, səbr et, dayan, bir ləhzə mehman ol mənə,
Taqəti-canım, gedirsən? Getmə, bir can ol mənə!
Eylə bir zillətliyəm, hər kəs məni tərk eyləmiş,
Rəhmə gəl, ad eyləyib, qüdrətli sultan ol mənə.
Xəstəyəm, biçarəyəm, yoxdur təbibi-malicim,
Bari insaf eləyib şəfqəti-dərman ol mənə.
Görmədim dünyada mən zövqü səfadan bir nişan,
Bəxt yox, imdad yox, bir özgə dövran ol mənə.
Gün ötür, ömür keçir, cismin solur bir gül kimi,
Binəsib Musa ölür, sən ki, mehman ol mənə!

***

Yetişdi xoş namən bizə, Xan qızı,
Sən ağlarsan, mən gülmərəm, sızdaram.
Dərdlidən dərdliyə salam eylərəm,
Sən ağlarsan, mən gülmərəm , sızdaram.
Kim bilir işini çərxi-fələyin?
Qoymaz bir hasilə yetə diləyin, Dərdin bəyan etdin, yandı ürəyim,
Sən ağlarsan, mən gülmərəm, sızdaram.
Mənim də bəxtimin olmadı ağı,
Dostlar əldən getdi, çoxaldı yağı,
Qocalıban ömrün qurtaran çağı,
Sən ağlarsan, mən gülmərəm, sızdaram.
Abamı götürüb biyaban gəzdim,
Şirvandan tapdayıb dağ, aran gəzdim,
Qolum gücdən düşdü, canımdan bezdim,
Sən ağlarsan, mən gülmərəm, sızdaram.
Şirvan eli Qarabağdan uzaqdır,
Bir il yağmır olsa, bir il quraqdır,
Yazıq Musa alacıqda dustaqdır,
Sən ağlarsan, mən gülmərəm, sızdaram.


Mustafa Tağı oğlu



Mənbələrdə Mustafanın XIX əsrin əvvəllərində Şamaxının İmamlı məhəlləsində anadan olduğu göstərilir. Atası Tağı kişi çarıqçı imiş. Mustafa məhəllə məktəbində təhsil alıb. O, həm də "Çarıqçı oğlu" təxəllüsü ilə yazan şair imiş. Gənclik illərində balaban sənətini öyrənir. İlk dəfə Aşıq İbrahim, sonra Aşıq Nürəddinlə tanış olur, yoldaşlıq edirdi. O, S.Ə.Şirvaninin "Beytüs-Səfa" məclisinə yaxın olub. Uzun illər Aşıq İbrahimi müşayiət edib. Onun şeirləri həm də Aşıq İbrahimin repertuarını təşkil edirdi. Mahmud Ağa məclisinə də Aşıq İbrahimlə gedib. "Şirvanın yolları" mahnısı Mahmud Ağanın sevdiyi havalardan idi. Aşıq İbrahim onu ustalıqla ifa etdiyi kimi, Mustafa da yastı balabanda xüsusi füsunkar bir ritmlə çalardı. Məclisdə əyləşən hər kəsin qəlbi belə qənirsiz ifadan riqqətə gələr, coşar, kövrələrdi. Mustafa Çarıqçı oğlunun şeirlərindən parçaları və nümunələri
Ə.Cəfərzadənin şəxsi arxivindən əldə etmişik.

Səni gördüm əqlim çaşdı,
Belə baxma, zalım qızı.
Alma yanaq, süzgün baxış,
Canım yaxma, zalım qızı.
Səni xəlq edənə qurban,
Unudarammı bircə an?
Eşqimə sən də alış, yan,
Canım yaxma, zalım qızı.
Çarıqçı oğlu neyləsin?
Dərdini kimə söyləsin?
Kimə təmənna eyləsin?
Belə baxma, zalım qızı,
Canım yaxma, zalım qızı.

O, XIX əsrin sonlarında vəfat edib.


Həsən Çəp


Bu sənətkar haqqında mənbələrdə o qədər də geniş məlumat yoxdur. Bəlli odur ki, uzun illər Şamaxı mədrəsəsində dərs deyib. Həsən gənclikdən zil səsi ilə bəyənilib və Mustafa xanın sarayına yaxın olub, saray xanəndələri ilə dost idi. Çopur Nəcəfqulu ilə mötəbər məclislərə qatılıb. Əhməd Sultan və oğlu Mahmud Ağa məclisində ustad xanəndə kimi şöhrətlənib, uğurlar qazanıb. O, gənclərə muğamın sirlərini öyrədib, musiqiyə aid risalələr yazıb. Ustad xanəndə təxminən XIX əsrin 80-ci illərində vəfat edib. Həsən də S.Ə.Şirvaninin şair dostlarından idi.
Ə.Cəfərzadənin şəxsi arxivindən şairin bir qəzəli əldə edilib.

Sariban, çək ovsarı "Rast" məqamı haray salır,
Ürəkdən bir də duyum "Zənguşüturun" səsini.
An keçir, dövran dönür - deyək, gülək xürrəm olaq,
Dolansın çox sözümüz şövq ilə ərşi əlanı...
Saqi, mey gəzir bizə unudaq qəmü-kədəri,
Yığışıb dust-aşınalar, xub qurublar məclisini.
Şükür olsun xüdaya, nəsib edib bizlərə xürrəm günü,
Dilərəm çox gəzməsin lütfunü, həm çarəsini.
Həsən Çəp, ver sözü Mirzə Məhəmməd Həsənə,
Sizlərə peşkəs edib Mahmud Ağa xanəsini.

Haşiyə: O, klassik muğamlardan "Mahur"u, "Rahab"ı, "Şur"u, "Nəva"nı və həmin muğamların "Əşiran" şöbəsini özünəməxsus tərzdə bənzərsiz ifa edərmiş. Mahmud Ağa da bu şöbəyə valeh olardı. Bu cəhəti vaxtilə S.Ə.Şirvani da belə qələmə
Alıb:

Təsiri-bahar ilə olur şimdi tənavür,
Səma ilə hər nəxl ki, dönmüşdü ufalə.
Durnalar oxur gah "Əşiran", gah Əbdülçəpə,
Gah şəkli-müsəlləs, gah uçar cümləsi nalə.



Əbbürrəhman Əfəndi
(1808-1890)

Əbdürrəhman Şamaxı şəhərində doğulub, mədrəsə təhsili alıb. "Ünsi" təxəllüsü ilə şeirlər yazıb. O, oğlanlarının hər üçünə - Səid, Cəlal, Kamala mükəmməl təhsil verib. Əbdürrəhman Əfəndi XIX əsrdə Şamaxıda yaşayıb-yaradan ziyalıların, sənətkarların yaxın dostu olub. O, Əhməd Sultanın da yaxın dostu və həmtayı idi. Onun sarayında təşkil olunan musiqi məclisində iştirak edərdi. Sonralar isə Mahmud Ağanın təşkil etdiyi muğam məclisinin də daimi iştirakçısı
oldu. Əfəndinin hər üç oğlu şair olduğu kimi, Şamaxının mədəni, pedaqoji həyatında da yaxından iştirak etmişdilər. O, Mahmud Ağa məclisinə yaxın olduğu qədər də "Beytüs-Səfa" məclisinin fəal üzvü olub. Onun şeirləri hələlik əldə edilməyib. Vaxtilə şairin yaxın qohumu, xanəndə Ağakərim Nafizin şəxsi arxivindən bir qəzəlini əldə etmişik.
Bu yadigar şairin gözəl istedadından, əruza bələdliyindən böyük söz deyir:

Nə adətdir gözəllərdə, məni gördükdə neştərlər,
Çəkərlər tiği əbrudən nəzər əhlin qilişdərlər.
Vurarlar tiği tiğ üstən, tökərlər aşiqin qanın,
Dönüb bir xənddə ilən vurduğu zəxmin kirişdərlər.
Qarə xalə məni qoymaz baxım ol mərdümi-çeşmim,
Misaldır, danəyə qəsd eyləyən quşlan kişdərlər.
Əgər ləli-ləbin öpdümsə, qəhr etmə bu rəsm olmuş,
Ələ bir alma düşdükdə qızarmış olsa, dişdərlər.
Dedim, çaki-giribandı və ya sübhün dəmidi bu,
Nə kim hər qədri-pürqiymət, dedi olsa, gümüşdərlər.
Şikayət eyləmə, Ünsi, gözəllər cövrü-zülmündən,
Fitad altun ola hərçənd genə axir çəkişdərlər.



Kərbəlayi Əli Əkbər


Şamaxıda zəmanəsinin muğam ustadı sayılan Kərbəlayi Əli Əkbərdən bəhs edən f.e.d. Əhməd Cəfərzadə yazır: "Mirzə Əli Əkbər XIX əsrin əvvəlində Şamaxı şəhərində doğulub. Mollaxana və mədrəsə təhsili almış, ərəb-fars dillərini mükəmməl öyrənib. Ona görə klassik poeziyaya,
həm də ərəb-fars dillərində olan musiqi ədəbiyyatlarına bələd idi".
O, Mahmud Ağadan çox əvvəl Əhməd Sultanla dost olub. Mahmud Ağanın muğam məclisi yarandıqdan sonra birdəfəlik saraya köçür. Muğam məclisinə maraq göstərən gənclərə sənətin sirlərini öyrədir. Gənc xanəndə Mirzə Məhəmməd Həsən muğam dərsini Kərbəlayi Əli Əkbərdən alıb. Ümumiyyətlə, gənc xanəndələr onun təlimini öyrənəndən sonra musiqişünas, tarzən Mahmud Ağaya imtahan verməli olurlar.
Çox mənbələrdə o da vurğulanır ki, Mirzə Məhəmməd Həsənin də ustadı "Sirvanın məşhur xanəndəsi Kərbəlayi Əli Əkbər olub. Onlar qonşu idilər".
Ustad xanəndə Əli Əkbər Şamaxıda səsi-avazı olan gəncləri bir yerə toplayıb təlim keçər, proqram "sona çatandan sonra Mahmud Ağanın ayrıca imtahanı" başlayardı. Mahmud Ağa imtahanda gənclərin birinci növbədə səsini, muğam və təsnifə bələdliyini, ən başlıcası, seçdiyi qəzəlin, təsniflərin sözünün aydın tələffüzünü, bir də səsinin kökdə olmasını əsas şərt hesab edirdi. İmtahandan qalib çıxan gənclər başqa bir gün yarışa qatılırdı. Yarışda qaliblər xüsusi mükafata - hədiyyələrə layiq görülürdü.
Ustad Əli Əkbər illərlə gənclərə muğamların qayda-qanunlarını öyrətməklə yanaşı, Mahmud Ağa sarayında yerləşən məktəbə, sarayda keçirilən muğam müsabiqə və yarışlarına da rəhbərlik edib. Ustad xanəndə müsabiqələr və muğam dərsləri üçün xüsusi risalələr də hazırlamışdı. Muğam bilicisi XIX əsrin sonunda Şamaxı şəhərində vəfat edib.



Seyfəddin Qəniyev
professor