Qazax aşıq mühiti Mədəniyyət

Qazax aşıq mühiti

II yazı

Aşıq ədəbiyyatında son dövrlərdə geniş araşdırılmağa çalışılan sufi rəmzləri, təsəvvüf mövzuları aşıq sənətinin yeni mərhələyə qədəm qoyduğu ilə deyil, aşıq ədəbiyyatının öyrənilməsinin yeni mərhələyə keçməsi ilə əlaqədardır. Ancaq bir çox tədqiqatçılar faktlardan deyil, görmək istədiklərindən yazırlar. Burada aşıq-aşiq, təriqət-şəriət, hal elmi və s. haqqında yazmaqla aşıqları təriqət şairi kimi araşdırırlar.
Aşiq-aşıq, dərviş-aşıq münasibətini prof. F.Bayat bir qədər fərqli şəkildə izah edib və aşıqların təsəvvüf əhli olmadığını isbatlayıb: "Təbii ki, bаşlаnğıcdа аşığа çеvrilən аşiqlər təriqət əhli idilər və sоnrаdаn müstəqil bir təşkilаt kimi fоrmаlаşаn аşıqlаr təхəllüs оlаrаq "Qul", "Miskin", "Аbdаl", "Хəstə", "Şаh", "Sultаn" və s. kimi tеrminləri qəbul еtməklə özlərinin təsəvvüfü аxınа bаğlılıqlаrını qoruyub saxlayıblar. Аşıqlıq bir sənət növünə çеvrildikcə təхəllüslər də аrха plаnа kеçməyə, dаhа çох "aşıq" təyinеdici аdı ilə işlənməyə bаşlаdı. Sufizmin еşq аnlаyışı, vəhdəti-vücudun оntоlоji və epistemoloji köklərini аçıqlаyаn şеirlər bu ədəbiyyаtdа sеyrəlməyə bаşlаdı. Аşıq ədəbiyyаtının yaranmasından dövrümüzə qədər dəyişməz qаlаn əsas ünsürü ilhаmın vеrgi ilə verildiyinə, aşıqlığın ilаhi mənşəli оlduğunа inаm, bir də sufi rəmzləri оldu. O halda aşıq hər nə qədər mənşəi baxımından təsəvvüf ideologiyası ilə əlaqəli olsa da həm divan, həm də təkkə şairindən fərqlənir, çünki XVII yüzildən müstəqil bir təbəqə kimi formalaşan aşıqların şeirlərində daha çox bəşəri mövzular, bəşəri eşq, təbiət gözəllikləri, gözəlləmələr, daha sonra ictimai mövzular əsas yer tutmağa başladı". Burada təbii ki, M.F.Köprülünün və Ə.Cəfəroğlunun Anadolu və Azərbaycan aşıq sənəti ilə bağlı araşdırmalarında aşıq sənətinin təşəkkül və təkamül dinamikası ilə bağlı düşüncələrini də xatırlamaq lazımdır. Bu alimlərə görə, aşıqlar əski türk dini-mifik görüşləri ilə orta əsrlərin dini-təsəvvüfi görüşləri qovşağında ortaya çıxıb, aşıqlıq bu aspektdən öyrənilib.
Qazax aşıqlarından bəziləri butadan, vergidən, pirdən də danışmaqla dinə yad olmadıqlarını göstəriblər. Bu aşıqlar dünyaya aldanmamağı, zərə, qiymətli daş-qaşa məhəl qoymamağı tövsiyə edirlər, nəfsə qalib gəlməyi bu şəkildə – nəsihətlə dinləyicilərinə çatdırırlar. Aşıq Bəhrəmin şeirlərində buna daha çox rast gəlmək mümkündür:

Qəm yemə divana könlüm
Bir gün olar sizə yaz gələr-gələr.
Yaxşı otur, yaxşı dolan, yaxşı dur
Bu fani dünyadı söz gələr-gələr.

Haqq aşıqlığının yuxuda verilməsi, yuxunun sufizmdə önəmli yer tutması da diqqətdən kənarda qalmamalıdır. Haqq aşıqlığının yuxuda verilməsi C.Bəydilinin araşdırmasında daha fərqli və dəqiqliyi ilə izah olunub.
Qazax aşıq və el şairlərinin əsərlərinin mövzu dairəsi olduqca zəngindir. XX əsr Qazax aşıqlarının yaradıcılığının kamilləşdiyi bir dövrdür. Əsrlər boyu Qazax bölgəsi sazın-sözün, şeiriyyətin sənətkarlıq qüdrətini özündə qoruyub saxlaya bilib. Vaqifdən, Vidadidən sonra Səməd Vurğun poeziyasının təsiri ilə aşıq və el şairlərinin yaradıcılığında sənətkarlıq cəhətləri inkişaf edib. Birinci onu qeyd etmək vacibdir ki, bu mahalın qələm sahibləri ustadnamələrə daha çox üstünlük verib, çünki öyüd-nəsihət, ibrətamiz fikirlər mənəvi dəyərləri səciyyələndirən amil kimi məclislərdə ilkin olaraq səslənirdi. Ustadnamələr Yunis Əmrə, Aşıq Veysəl, Aşıq Alı, Abbas Tufarqanlı, Aşıq Ələsgər yaradıcılığında daha aktualdır. Mirzə Səmədin, Aşıq Məmmədyarın, Canallı Məmmədin, Şair Hacı Qaracayevin, Qocayev Məhəmmədin, Aşıq Avdının, Şair Temrazın, Şair Qulunun, Aşıq Cəlal Qəhrəmanovun, Aşıq Kərəm Nəsibovun, Aşıq Şəmistan Dərgahquliyevin, Aşıq Zəkəriyyə Mehmanın, Aşıq Ədalət Nəsibovun və s. yaradıcılığında ustadnamələrə xüsusi yer ayrılıb.
El şairi Çoban Qulu belə deyir:

Qədəm qoyub bir məclisə varanda
Əyləş öz yerində dur deməsinlər.
Dindirsələr kəlmə-kəlmə cavab ver,
Yağ olan sözünə şor deməsinlər.


Şair Qulunun ustadnaməsi Ululu Kərimin ustadnaməsi ilə mahiyyət etibarilə eynidir:

Salam verib bir məclisə varanda
Yaxşı əyləş, yaxşı otur, yaxşı dur
Dindirəndə kəlmə-kəlmə cavab ver,
Görən desin: bərəkallah yaxşıdır.

Hər iki müəllifin şeirində məclis əhlinə, eləcə də cəmiyyətdəki insanlara bir ustad nəsihəti verilir. Qazax aşıqlarının nəsihətamiz, hikmətli şeirlərinin sevilib məclislərdə yayılmasının başlıca səbəblərindən biri də, bu bölgədə el şairlərinin və aşıqların el ağsaqqalı, müdrik insan kimi dəyərləndirilməsi, onların məsləhətlərinə əməl edilməsi olub. Qazax mahalında elçi gedəndə, iki gəncin və ya ailənin arasına nifaq düşüb küsüşəndə aşıq və ya el şairlərini apararmışlar ki, işlər düzəlsin. Çünki onlar o qədər nüfuza malik idilər ki, xalq onların sözündən çıxmazdı.
Qocayev Məhəmmədin yaradıcılığında "bu dünyadan neçə-neçə canların gəlib keçdiyini" xatırladan, insanlığın daim qalar olduğunu ifadə edən misralar səciyyəvidir:

Yerin alar qisas qiyama qalmaz,
Bir gün cana bir nişanə düşəcək.
Yaman günü hər kim kimə göstərib,
Həmən gündən bir gün danə düşəcək.

Qazax şairlərinin məhəbbəti tərənnüm edən şeirləri də özəlliklə seçilir. Qazax aşıqlarının tərənnüm etdikləri gözəllər asta yerişli, kəklik gülüşlü, ceyran baxışlı, gül camallı, şirin dilli, ismətli, həyalı Azərbaycan qızlarıdır. Onların ifadələrində əsl sevgi, ismətli gözəllərin vəsfinə həsr edilmiş şeirlərdə isə səmimilik duyulur. Aşıq Sadıq Avdıoğlunun yaradıcılığında sevgi şeirləri daha qabarıqdır. Onun sevgilisinə həsr etdiyi şeir bütövlükdə sevgi yolunda nələr baş verə bilərsə o hisslər istisna deyil. Şeirlərinin birində Aşıq deyir:

Sevirəm yaz başı güllər içində,
Bir lalə-nərgizi, bir bənövşəni.
Oxuyar aşıqlar bir qızılgülü,
Bir lalə-nərgizi, bir bənövşəni.

Qazaxda ana vətən, torpaq, ata yurdu müqəddəs tutulur. Bu qazaxlıların yurd qeyrəti hisslərinin daim olması ilə bağlı psixoloji keyfiyyətdən irəli gəlir. Aşıqların eləcə də el şairlərinin aparıcı mövzularından ən başlıcası vətən, yurd sevgisidir. Ş.Məmmədli Borçalı aşıqlarının vətən mövzusunu iki yöndə büruzə verdiyini yazır: ümumiyyətlə, vətən mövzusu; bilavasitə Borçalı mövzusu.
Vətən mövzusu və bilavasitə yaşadığı bölgəyə olan sevgi təkcə Borçalıda deyil, Göyçədə, Gədəbəydə, Şirvanda və eləcə də digər bölgələrdə geniş şəkildə əhatə olunub. Qazax aşıqlarının yaradıcılığında geniş yayılmış mövzularından biri də təbiət gözəli "ceyran"dır. Ceyrana bir çox şairlər söz qoşub tərif yazıblar. Qazax bölgəsində Vurğunun ölümündən sonra Vurğun əmanəti kimi baxılan ceyran məclislərdə tez-tez söylənilirdi. Aşıq Ayaz Zülfüqarov ceyrana Vurğun əmanəti olaraq belə deyir:

Ovçusan gəzirsən dağlar başında,
Amandır endirmə düzə ceyranı.
Vurğunun izi var torpaq daşında,
O, tapşırıb getdi bizə ceyranı.

Aşıq Cəlal Qəhrəmanov ceyranın gözəlliyinin qarşısında bəxtinin qara olmasını bu cür dəyərləndirir:

Deyirlər "Ahutək", düzdür bu misal,
Ondadır gözəllik, ondadır camal.
Hayıf ki, yaradan ay Aşıq Cəlal,
Yaradıbdır baxtı qara ceyranı.

Qazax aşıqlarının ən çox müraciət etdikləri mövzulardan biri də sazla bağlı şeirlərdır. O baxımdan hər hansı bir aşığın yaradıcılığına baxılırsa baxılsın, onun yaradıcılığında saza həsr olunmuş şeirə rast gəlməmək mümkün deyil. İslam dininin qəbulundan əvvəl türklərin qopuza müqəddəslik vermələri, orta əsrlərdə sazın üzərinə keçirildi. Ona görə də Azərbaycanın bütün bölgələrində aşıqlar sazı müqəddəsləşdiriblər. Qazax bölgəsinin aşıqları saza daha həssas yanaşırlar. Onlar sazla danışır, dərdləşir, nakam sevgilərini, sirlərini paylaşırlar. Necə ki, Aşıq Avdı deyir:

Sən ki, eşqin yoldaşısan,
Gümüş telli, sədəfli saz.
Məhəbbətin sirdaşısan,
Gümüş telli, sədəfli saz.

M.Allahmanlı yazır ki, "XIX əsr və XX əsrin əvvəllərində Qazaxda ən geniş yayılan musiqi aləti saz olub. Bu məhz həmin dövrdə aşıq ədəbiyyatının, aşıq sənətinin geniş təşəkkül tapması və xalqın sənətə marağının nəticəsi idi. O səbəbdəndir ki, hər bir evdə demək olar ki, divardan tüfəng, xəncərlə yanaşı, saz da asılıb". Beləliklə, Qazax aşıqlarının şeirlərindən göründüyü kimi, saz obrazlaşdırılaraq simvola çevrilməklə yanaşı, daha çox canlı varlıq kimi aşıq poeziyasının mövzusuna çevrilib. O, aşığın sirdaşı, yoldaşı, varı, dövləti və nəhayət, qədəri, taleyidir. Təbii ki, Qazax aşıqlarının, eləcə də el şairlərinin ədəbi-bədii irsi, sənətin ideya-estetik məzmunu və əxlaqi-etik mündəricəsi ilə birləşərək məlum mövzularla bərabər yeni orijinal mövzular da yaradıb.
Ustad-şagird münasibətini ilk araşdıran F.Köprülüdən üzü bəri ustad aşıqların ərkana görə on iki aşıq yetişdirməsi, onların ustad aşığın yolunu davam etdirməsi məsələləri üzərində durulub. Təbii ki, az-çox bu mövzuya toxunan tədqiqatçılar F.Köprülüdən daha artıq fikir söyləyə bilmədiklərindən ustad-şagird münasibəti hələ də öyrənilməli mövzulardan biridir. Burada on iki rəqəmi reallıqdan daha çox məcazi məna ifadə edir.
Artıq qeyd olunduğu kimi, aşıq sənətinin ən ümdə xüsusiyyətlərindən biri də ustad aşıqların şagird hazırlamasıdır. Sənəti davam etdirmək üçün ustad aşıq-şagird münasibəti aşıqlıq sənətinin ən mühüm məsələsi kimi vacib problemlərdən biridir. Bəri başdan demək lazımdır ki, ustad-şagird münasibəti qədim zamanlarda daha sistemli və ənənəvi olubsa, bu ənənə zaman keçdikcə dəyişib, əvvəlki şəklindən bir xeyli uzaqlaşıb. Fil.ü.e.d. M.İmanov (Kazımoğlu) ustad-şagird münasibətini bir "ənənə" olaraq dəyərləndirərək Aşıq Şəmşirin ustad-şagird ənənəsinin davam etdirməsini belə ifadə edir: "Doğrudan da, şagird illər uzunu ustaddan dərs alıb Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Alı, Aşıq Valeh... kimi sənətkarların adı ilə bağlı saz və söz ənənəsini mənimsəmiş olur. Sonralar bir ustad kimi Aşıq Şəmşirin də otuzdan artıq şagirdə aşıladığı həmin ənənədə bir çox tələblərlə yanaşı, bir səciyyəvi cəhət də var: şeirlərin dinləyiciyə yurd yeri ilə birlikdə çatdırılması". Ustad-şagird münasibəti aşıqlarda deyil, hətta sazbəndlikdə, qalayçılıqda, dəmirçilikdə, papaqçılıqda, çəkməçilikdə, dulusçuluqda və s. kimi bir çox peşə sahələrində də olub. Buna bir növ sənətin varisliyi də demək olar. Ancaq aşıqlıq sənətinin təməl qanunlarından biri olan ustad-şagird münasibəti digər sənət növlərinin bu tip varislik ötürməsindən fərqlənir. XX yüzilin əvvəllərində hələ də ustad-şagird ənənəsi qorunmaqda, ustad aşığa xidmət göstərmək mərifət sayılmaqda idi.

İlhamə Qəsəbova
filologiya üzrə fəlsəfə doktoru