Fikrət Qocanın «Cənnətdən qovulanlar» əsərində bütöv Azərbaycan eşqi var Mədəniyyət

Fikrət Qocanın «Cənnətdən qovulanlar» əsərində bütöv Azərbaycan eşqi var

II yazı

Şair bu millətin bu Şir, Pələng balalarının qüdrətinə, cəsarətinə bələddir, bineyi-əzəldən Azərbaycan deyilən məmələkətin bu gün var olmasının təməl daşını qoyanların övladlarıdır bunlar. Çünki Qarabağ deyilən yaranın gözünü qaşıyıb qanadan, sağalmasına imkan verməyən barmaqların haradan uzandığını bilir şair. Bir zaman- "yaxın qonşu" uzaq qohumdan üstün tütülan vaxtlarda başımızı əllərə verdik. Bu gün o "yaxın qonşu" digər özü kimi "yaxın qonşu"su ilə - ermənisinin əli ilə öz siyasətini davam etdirir. Ona görə də şair deyir:


Belə də bir məsəl var:
Qonşu işığına umud olan
qaranlıqda qalar.
Qonşun olsun, özünün də başın olsun.


Vətən oğluna "gördüyün xəyanətləri unutma, yaddaşın olsun", - deyən şair ehtiyatı əldən verməməyə, azadlığını qoruyub saxlamağa, özü öz çörəyini qazanmağa, əkib-becərməyə, torpağın hər qarışının qədrini bilməyə çağırır. Ayağının altında torpağı, başının üstündə Allahını unutmayan insana "daha nə lazımdı? Çalışsana, yaşasana",-deyir şair.
Gözünü özgə əllərdən çəkməyə çağırdığı millətinə tövsiyəsi var şairin. Millət sözünün içindəki "illət" sözünə də diqqətini cəlb etdiyi xalqına bildirir ki, "Yaxşıları çox olanda millət olur, Millət olanda dövlət olur". Dövləti olan xalqın hər vətəndaşını "vətən daşı deyil, vətən sərhəddi" bilən şair –millətini, Vətəninin Qarabağ deyilən müsibətini unutmamağa çağırır. O müsibəti ki, İmam Hüseyn müsibətinə bənzədir. İmam Hüseyn müsibətində günahkar insandır. O insan ki, öz günahını bildiyindən min ildən çoxdur ki, tökdüyü günahsız qanlara görə bağışlanması üçün başına-gözünə döyür, özü öz qanın tökür, özünü didir, parçalayır. Şair bugünkü Qarabağda tökülən günahsız qanlara –insan əməlinin törətdiyi faciələrə baxmağa səsləyir Adəm-Həvva övladlarını. O günə göz yaşı tökənlərə üz tutur, sual edir:


Bəs Qarabağdan didərgin düşən
gəlinlərə, körpələrə kim ağlayacaq?
Bəs erməni əlində əsir qalan qızlara
Bəs bu çöllərə səpilmiş
körpələrə, yurdsuzlara
kim ağlayacaq?
Erməni tapdağında qalan müqəddəs
yerlərə kim ağlayacaq?
Yandırılmış məktəblərə, məscidlərə,
pirlərə kim ağlayacaq?
Ocağı söndürülən obalara
kim ağlayacaq?
Millətlər ağlasın gərək bizim bu dərdə.


Şair burada "millətlər ağlasın gərək bizim bu dərdə",-dedikdə Adəm-Həvva törəmələrinə üz tutur. Qardaş qanı tökənləri ittiham edir. İttihamdır! Dəhşətli olsa da, yerində edilən ittihamdır.
Şair bütün türk dünyasını qəflət yuxusundan oyanmağa səsləyir. Dil, din qardaşlarını-Adəm-Həvva müsibətinə səbəb olan şeytanqəlblilərin əlindən qurtulmaq, Allah yoluna dönmək üçün, bu yolda haqq naminə bir olmağa səsləyir. İlahi cənnətdən qovduğu insanların hər birinə bu dünyanın bir güşəsində ömür sürmək nəsib edib. Azərbaycan övladının baxtına dünyanın cənnət guşəsi düşüb. Bu cənnət güşəyə göz dikənlərin çox olduğunu da görən şair bunun ucbatından başımız çəkənlərə diqqətimizi yönəldir. Amma bu işdə öz günahlarımızı bağışlanmaz səhv bilir. Üz tutur kökümüzə, əslimizə, soyumuza, onların vətənə, torpağa olan müqəddəs hisslərinə. Fikrimizi çəkib aparır uzaqlara, yaxın keçmişimizə. Bir zamanlar bərkə düşən babalarımızıın öz yurdunun "dağlarını, meşələrini, zirvələrini" özünə məskən seçdiyini, düşməninin canına lərzə saldığını, "bulaq kimi" torpağına hopduğunu, "ağac kimi qayalara əkildiyi"ni, düşmən hara ayaq bassa orda onların əlində məhv edildiyini xatırladır və bugünkü "qaçaq"larımızın utana-utana, təəssüflə məskənini qələmə alır, onların qoyub gəldikləri yurda laqeydliyinə dözmür:


İndikilərin bəzisi
Bakıda yeddinci mərtəbədə qaçaqdı.
Yeri rahatdı, damağı çağdı.
Özü də gözləyir ki,
Erməni onun namusunu
təmizləyib qaytarasıdı.


Şair həqiqəti deyir, yatmış vicdanları oyatmaq istəyir, bir zaman hər insan qəlbində bir şir yatır, pələng yatır dediyi ürəkləri itiləyir. Şair yırtır yaxasını, tökür içini, vurur baltanın dostun da, tanışın da elə qəlbinə ki, oyatsın onu, sözlə yaralayır onu, yaralı şir daha qəzəbli olur.
Fikrət Qocanın "Cənnətdən qovulanlar" əsərində toxunduğu məsələlər çoxdur. Bu əsər bir həyat fəlsəfəsi, insan fəlsəfəsi, vətən, millət fəlsəfəsi, hümanizm fəlsəfəsidir. Bu əsərdə bütöv Azərbaycan eşqi var, o tayda-Güneyimizdə gedən milli azadlıq hərəkatına rəğbət var, bu azadlıq hərəkatının verə biləcəyi səadətə xoşbəxtliyə inam var:


Orda böyük Azərbaycan tarixi yazılır.
Qanla yazılır.
Tariximdən qara ləkələri yuyur qan.
Farsın hökmranlığından,
mənim əsarətimdən gedir zaman.
Lap yaxındadır o gözəl gələcək….


Özünü dağa, daşa, oda, suya vuran şair o taylı, bu taylı, qarabağlı, zəngəzurlu, İrəvanlı, göyçəli bir Azərbaycanını "cənnət" adlandırır və özünü, millətini cənnətdən qovdu Allah "Azərbaycan kimi bir cənnətə doğru" –deyir və bu vətənin qədrini bilməyə çağırır millətini, torpağını sevənləri-Azərbaycan vətəndaşını!


Gülxani Pənah
filologiya üzrə elmlər doktoru, ədəbiyyatşünas